İnsanlara hürriyət, millətlərə istiqlal!

AKP-nin “işığı” sönür, yoxsa...

1546 20.09.2019 09:30 Ölkə A A

Politoloqlar düşünür ki, xarizmatik  Ərdoğan faktoru hakim partiyanın parçalanmasının qarşısını alacaq

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasında (AKP) “yarpaq tökümü” davam edir. Belə ki, Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun ardınca onun “sağ qolu” hesab edilən Musa Arat da AKP-dən istefa verib.

Virtualaz.org türk mətbuatına istinadən bildirir ki, istefası barədə danışan Musa Arat 14 il AKP-yə xidmət etdiyini, heç bir dostunun vəzifədən kənarlaşdırılmağa layiq olmadığını söyləyib. O, xidmətinin qarşılığını ala bilmədiyini də qeyd edib.

Türkiyədəki bu proseslər barədə ekspertlərin ən müxtəlif fikirləri var. Çoxları bu istefaların hakim partiyaya o qədər də ciddi zərbə vurmayacağını düşünür. Amma bununla belə, yaranacaq yeni partiyanın AKP-dən elektorat qazanacağını güman edənlər də az deyil.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qardaş ölkədə yeni iki siyasi partiyanın yarana biləcəyini zənn edir: “AKP-nin qurucularından bir neçə nəfər ayrılıb, ayrıca partiya qurmaq istəyirlər. Ən azından iki partiyanın qurulacağı anonsları verilib. Birini keçmiş prezident Abdulla Güllə sabiq iqtisadiyyat naziri bir yerdə quracaq. Digər partiyanı isə keçmiş baş nazir və xarici işlər naziri Əhməd Davudoğlu quracaq. Hər iki partiya AKP-dən səs qoparmağa ümidlidir. Amma məsələ burasındadır ki, Türkiyədə seçkilərə 4 ilə yaxın vaxt var. O vaxta qədər bunlar çalışacaqlar ki, ümumiyyətlə, AKP-nin mövqeləri zəifləsin. Mən deməzdim ki, yeni partiyaların yaranması fonunda AKP parçalanacaq. Çünki ortada Ərdoğan faktoru var. O, AKP-nin parçalanmasının qarşısını alacaq. Ərdoğan çox xarizmatik fiqurdur. Nə qədər seçkilərdə səs itirsə də, həm partiyasının, həm də prezidentliyinin hakim funksiyasını qoruyur. Onun böyük itkilərlə üzləşəcəyini düşünmürəm. Ola bilər ki, kimlərsə yeni partiyalara qoşulsunlar. Belə baxanda Abdulla Gül də, Əhməd Davudoğlu da, Əli Babacan da keçmişdə siyasətdə qazandıqları uğurlara görə Ərdoğana minnətdar olmalıdırlar. Ərdoğan olmasaydı, onların heç biri bu vəzifələri tutmayacaqdı. Çox təəssüf ki, onlar bunu nəzərə almadılar. Digər tərəfdən, belə götürəndə Əhməd Davudoğlunun nə baş nazir olanda, nə də xarici işlər naziri olanda elə də bir ciddi uğurları yoxdur. Əksinə, Suriya münaqişəsi başlayanda və Türkiyə bu proseslərə qoşulanda Əhməd Davudoğlunun səhvləri haqqında müəyyən fikirlər formalaşıb”.

Əziz Əlibəyli ile ilgili görsel sonucu

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli AKP-nin dayaqlarının sarsıldığını bildirdi: “AKP-də indi müşahidə olunan istefa prosesinin ilkin simptomları mart seçkilərində ortaya çıxmışdı. Seçici artıq AKP üsulu idarəetməni sorğulamağa başladı. Bunun da əsas səbəbi sırf Suriya siyasətində baş verən səhvlər idi. Onun da ardınca davam edən qaçqın böhranı, Avropa Birliyi + ABŞ arasında yaşanan olaylar və nəticədə ortaya çıxan iqtisadi böhran AKP-nin təməllərini sarsıtdı. 9 milyonluq bir auditoriyaya malik, sağ-mərkəzçi partiya sağdan MHP-nin də ortaqlığını əldə edib, hakimiyyətin monolitliyini qorusa da mart seçkilərindən sonra faktiki qan itirdi. Digər zəifləmə səbəbi isə AKP daxilində yaşanan metal yorğunluqla və təbəqələrarası çatışma ilə bağlıdır. AKP-nin nüvəsində yer alan məmur övladlarının lüks həyatı sıravi üzvlərdən fərqli yanaşmaları da partiyada ümidləri azaltdı.

Davudoğlunun partiyasının indiki siyasi sferada xüsusi bir proqramı yoxdur. İstinad etdiyi auditoriya isə sağ-mərkəzçilərdir. Bir növ bu partiya ”qisasçılıq" havasından başqa bir təsir bağışlamır və əlbəttə ki, sadəcə, AKP-dən 7-10 faiz kəsimi özünə cəlb edəcək. Siyasi cameədə isə AKP daxilindəki üzvlərdən başqa Davudoğlunun yanında yer alacaq kimsə yoxdur. Bu istefalara görə Ərdoğan kimi illərin siyasətçisi yəqin ki, gedişatı dəyişdirmək üçün həlledici addım atacaq. Hətta onun rəhbərliyi ilə yeni bir partiyanın inşası da mümkündür. Çünki AKP-nin problemləri təkcə Davudoğlu ilə bitmir. Sabiq “Rifah”çılar, Gül tərəfdarları da bu prosesi sürətləndirəcək. O baxımdan güclü strateji zəkaya malik olan Ərdoğandan fərqli siyasi kurs və yönətim şəkli gözləmək olar".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR