Ümid Partiyası adına təmsil olunan MSK üzvü Akif Qurbanov və üçüncü şəxs qismində Ümid Partiyası tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 02 oktyabr 2012-ci il tarixli qərarından kassasiya şikayəti üzrə məhkəmə baxışının iclası Ali Məhkəmənin İnzibati-iqtisadi kollegiyasında bu gün- 3 aprel 2013-cü il saat 11-ə təyin edilmişdir. Məhkəmə baxışına hakim Azər Hüseynovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, MSK üzvü Akif Qurbanov Naxçıvan ərazisində yerləşən 1-7 saylı DSK-ların tərkibinin formalaşdırılması ilə bağlı qərarı qanunsuz hesab edərək təmsil olunduğu qurumu məhkəməyə verib. 2 saylı Bakı İnzibati İqtisad məhkəməsində Akif Qurbanovun şikayətinə baxılıb. Lakin, məhkəmə prosesində iddiaçı və onun vəkili Xalid Bağırov MSK-nın seçki məcəlləsinin tələblərini açıq-aşkar pozduğunu sübuta yetirsələr də, məhkəmə iddianı təmin etməyib. Apellyasiya şikayətini də Bakı Apellyasiya Məhkəməsi təmin etməyib. Ona görə də məhkəmənin qərarından kassasiya şikayəti verilib.






