“Özümüzə türk deməyimiz qorxulu deyil, lakin bunu xüsusi qabartmaq milli birliyi poza bilər”
Milli kimlik, millətçilik məfhumları zamanın sınağından bəzən çıxır, bəzən də yox. SSRİ dövründə milli kimlik etnik kimlik üzərində üstünlük qazanmışdı. İttifaqda yaşayanlar “SSRİ vətəndaşı” sayılırdı, milli kimliklər isə etnik mənsubiyyət əsasında müəyyən olunurdu. 1937-ci ilə kimi Məhəmməd Əmin Rəsulzadə azərbaycanlıları türk adlandırıb və bu yanaşma sovetlərdə də davam edib. Lakin həmin ilin mart ayından sonra “azərbaycanlı” ifadəsinə etnik kimlik statusu verilib və həmçinin dilin adından da “türk” ifadəsi yığışdırılıb.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, milli mənlik şüuru ilk növbədə insanın öz kökünə qayıtmasıdır: “Azərbaycanda bu prosesə mane olmaq istəyən qüvvələr var. Burada birmənalı fikir yoxdur. Azərbaycanda əhalinin əksəriyyəti türklərdir. Lakin digər dil qruplarında danışanlar da var. Azərbaycançılıq, yoxsa türkçülük? Bu sual hələ də həllini tapmayıb. Dünyada belə bir təcrübə var: ərəblər Suriyada,Yəməndə və başqa ölkələrdə yaşayırlar və özlərinə yəmənli, suriyalı deyirlər. Bu mənada azərbaycanlı desək də, biz türkük. Özümüzə türk deməyimiz qorxulu deyil. Lakin bunu xüsusi qabartmaq milli birliyi poza bilər. Vətən müharibəsində ölkənin hər yerindən Qarabağa döyüşmək üçün gedənlər özlərinə azərbaycanlı dedi. Dünya bizi azərbaycanlı kimi qəbul edir. Bəzən qısaca azəri də deyirlər. Türkiyədə də bizi azəri kimi qəbul edirlər. İranda azəri adlı kiçik tayfanın mövcudluğunu nəyə görə özümüzə dərd etməliyik? Miladdan öncə Adurbayqan adı işlənib. Atropatena isə bizə rus tarixşünaslığı tərəfindən yanlış təqdim olunub. Yeni eranın III-IV əsrlərindən başlayaraq Dərbəndə qədər olan ərazi Adərbayqan adlanıb. İslam dinindən sonrakı periodda, yəni VII əsrdən etibarən Azərbaycan adı istifadə olunmağa başladı. Təkcə Arazdan cənuba doğru olan ərazi deyil, Arazdan şimalda olan ərazi də Azərbaycan adlanırdı. Bu ad bizə məxsusdur. 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə bu adın üzərində təsadüfən dayanmamışdı. Bu adın tarixi kökləri var. Biz milli mənlik şüurumuzu bu köklərin üzərində inkişaf etdirməliyik”.
A.Nağının fikrincə, genetik yaddaş nə qədər güclü olsa da, insanı əhatə edən mühit də önəmli rol oynayır. O, həmçinin qloballaşmanın qarşısında dayanmağın qeyri-mümkün olduğuna diqqət çəkdi: “Bu proses gedir. Hər kəs bu prosesin bir parçasıdır. İnsan özünü tam qoruya bilməz. Bəzi ölkələrdə internetə, sosial şəbəkələrə məhdudiyyət qoyulur. Lakin hesab edirəm ki, bu, çıxış yolu deyil. Vaxt var idi Şərq Qərbə öz dəyərlərini təlqin edirdi. Qərbdə bunu çox da həvəslə qarşılamırdılar. Amma üstün dəyərlər olduğu üçün başqa dəyərlərin qarşısına keçirdi. İndi də Qərbdən müəyyən dəyərlər gəlir. Mətbuatda, məktəblərdə maarifləndirmə işlərinin aparılması çıxış yoludur. Tam qapanmaq mümkünsüzdür. Sadəcə, maksimum müqavimət göstərmək lazımdır. Məsələn, hazırda bəzi ölkələrdə eynicinsli şəxslər arasında münasibət, yaxud nikah inkişaf əlaməti kimi qəbul edilir. Bunu qəbul edən ölkələr də inkişaf etmiş ölkələr hesab olunur. Burada başqa məqsədlər var. İdeoloji mərkəzlər müəyyən niyyətlərini həyata keçirməyə çalışırlar. Ona görə də bu məsələlərdə qarşıdurma yaratmadan, qapanmadan ağılla qorunmaq lazımdır”.
A.Nağı həmçinin qeyd etdi ki, vətənpərvərlik azərbaycanlıların qanında, kökündədir. Bu, tarix boyu hər zaman özünü büruzə verib: “Azərbaycanlılar başqa yerlərdə çətinliklə yaşayırlar. Qloballaşma dövründə Rusiyaya, Avropaya kütləvi köç oldu. Buna baxmayaraq, azərbaycanlıların ürəyində hər zaman Vətən sevgisi olur. Bu, xalqımızın aparıcı xüsusiyyətlərindən biridir. Azərbaycanlılar torpağa bağlıdırlar, düşmənə qarşı canını fəda etməyə hazırdırlar. Yaşlı nəsil bəzən gəncləri anlamır. ”Cırıq şalvarda gəzəndən vətənpərvər olar?", “Beləsi vuruşa bilər?” kimi suallar verir. Biz də cavan olanda yaşlılar bizi anlamırdı. Vətən müharibəsində də Vətənə, torpağa bağlılıq hissinin nə qədər güclü olduğunun şahidi olduq. Başqa millətlərdə torpaq anlayışı yoxdur. Bu da ideologiya ilə bağlıdır. Azərbaycanda millətçilik ideologiyası üstündür. Liberal ideologiyada torpaq, sərhəd məsələsi, Vətən uğrunda canını fəda etmək məsələsi yoxdur. Ötənlərdə belə bir fikir var idi ki, bugünkü nəsil getdikdən sonra Qarabağı kim azad edəcək? Gənclər nə bilirlər Qarabağ nə deməkdir? Lakin kollektiv şüur anlayışı var. 50-60 yaşı olan insan Qarabağı görüb. Erməni vəhşiliklərinin şahidi olub. Bu nifrət subyektiv yanaşma yaradır. Yeni nəsil isə o dövrdə yaşamayıb. Erməni vəhşiliyini görməyib. Kitablarda oxuduğu, filmlərdə gördüyü qədər təsəvvürü var. Kollektiv şüur da illərlə gənclərə təlqin etmişdi ki, Qarabağ bizimdir. Yaşlı nəsil bəzi hallarda subyektiv yanaşma ilə əlaqədar olaraq deyə bilər ki, ermənilərin arasında az da olsa, yaxşıları var idi. Kollektiv şüurla tərbiyə olunanlar isə yaxşı erməni tanımırlar".
Yazını hazırladı: Nigar Həsənli






