İnsanlara hürriyət, millətlərə istiqlal!

Akif Nağı Avropada keçiriləcək mitinqə qatılacaq

Onunla birgə şəhid atası, keçmiş döyüşçü Əkbər Rüstəmov da Avropaya səfər edib

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, təşkilatın Ağsaqqallar Şurasının üzvü, Qarabağ döyüşçüsü, şəhid atası Əkbər Rüstəmov Qarabağ həqiqətlərinin təbliği çərçivəsində ötən gecə Avropaya yola düşüblər. QAT-ın mətbuat xidmətindən bu barədə Musavat.com-a məlumat verilib. Onlar Almaniyanın Bonn şəhərində, Birləşmiş Millətlər Təşkilatının nümayəndəliyi qarşısında 2019-cu il iyulun 20-də bir qrup avropalı soydaşımızın təşəbbüsü ilə keçiriləcək aksiyada iştirak edəcəklər. Ağdamın işğalının 26-cı ildönümünə həsr olunmuş aksiyada Ağdam və digər ərazilərimizin dərhal işğaldan azad olunması, Qarabağa azadlıq, BMT qətnamələrinin yerinə yetirilməsi, Ermənistanın işğalçı dövlət kimi tanınması və işğalçı dövlətə qarşı sanksiyaların tətbiq olunması, Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı ikili standartlar siyasətinə son qoyulması və digər tələblərin irəli sürülməsi nəzərdə tutulur. QAT nümayəndələri Almaniya, İsveç və digər ölkələrdə həmçinin müxtəlif görüşlər keçirəcək, Qarabağ həqiqətlərinin təbliği ilə bağlı tədbirlərdə iştirak edəcəklər. QAT sədri Akif Nağı aksiya barədə bildirib: “Bu cür səfərləri davamlı şəkildə həyata keçirməliyik. Heç kəs üçün sirr deyil ki, işğalçı Ermənistan danışıqlar yolu ilə torpaqlarımızdan geri çəkilməyəcəkdir, Qarabağımızın azadlığına hərbi yolla nail olacağıq. Amma müxtəlif ölkələrdə təbliğat işinin aparılması da vacibdir. Bu yolla Qarabağın azadlığı işinə təsir imkanları olan ölkələrdə, o cümlədən Türkiyə, İran, Rusiya, Gürcüstan, Avropa ölkələrində obyektiv ictimai rəyin formalaşdırılmasının, Qarabağ həqiqətlərinin çatdırılmasının əhəmiyyəti çoxdur. Biz həmçinin bütün dünya azərbaycanlılarının Qarabağın azadlığı ideyası ətrafında birləşdirilməsi istiqamətində çalışır və hesab edirik ki, Qarabağ – dünya azərbaycanlılarının milli ideyası, hər kəsin birləşməli olduğu vahid platformasıdır".

Musavat.com

Şərh yoxdur