İnsanlara hürriyət, millətlərə istiqlal!

Akif Çovdarovun şikayətinə baxılır – Baş Prokurorluğun protesti, yoxsa “mahmudovçu” generalın şikayəti...

1001 25.04.2023 12:02 Kriminal A A

Bu gün Ali Məhkəmədə Milli Təhlükəsizlik Nazirliyinin (MTN-2015-ci ildə ləğv olunub - E.M) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin idarənin keçmiş işçisi polkovnik Səlim Məmmədovun cinayət işi üzrə əmlaklarının xüsusi müsadirədən azad olunması ilə əlaqədar qərardan verilən şikayət və protestə baxılacaq.

Musavat.com-un xəbərinə görə, Ali Məhkəmədə şikayət hakim Rəşad Abdulovun icraatına verilib. Məhkəmənin ilkin baxış iclası aprelin 11-nə təyin olunmuşdu.

Akif Çovdarovla işçisi Ali Məhkəməyə şikayətlərini təqdim etdiyi zaman bu məhkəmə instansiyasında sədr Ramiz Rzayev idi. O zaman belə bir fikir vardı ki, Akif Çovdarov xidmətdə olduğu zamanlardan Ramiz Rzayevlə yaxşı əlaqələri olub. Bu baxımdan Akif Çovdarovun şikayətinin təmin ediləcəyinə dair fikirlər səslənirdi. Ali Məhkəmənin qanunu kənara qoyub Akif Çovdarovun şikayətini təmin edəcəyini gözləyənlər çox idi.

Lakin Ramiz Rzayevin vəzifəsindən uzaqlaşdırılması, bu posta reputasiyasında ləkələr olmayan İnam Kərimovun gətirilməsi yaranmış vəziyyəti kökündən dəyişib. İndi hər kəs Ali Məhkəmədən qanunun şah olmasının təsdiqini gözləyir.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi ötən il dekabrın 28-də Akif Çovdarov və Səlim Məmmədovun əmlaklarının xüsusi müsadirədən azad olunması ilə bağlı qərar qəbul edib. Qərara əsasən, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı dövlət nəfinə alınmış 30 milyonluq əmlaklar xüsusi müsadirədən azad olunub. Azad olunan əmlaklardan biri də 8-ci kilometrdə yerləşən ticarət və xidmət sahəsinin 50 faizlik payıdır.

Bununla bağlı bazarın keçmiş sahibi Çingiz Əsədov iş üzrə Ali Məhkəməyə kassasiya şikayəti verib. Bundan sonra Baş Prokurorluq tərəfindən Akif Çovdarovun müsadirə olunmuş əmlaklarının geri qaytarılması barədə qərarla bağlı kassasiya protesti verilib. Şikayət və protest eyni qərardan olduğu üçün məhkəmə tərəfindən şikayətlərə bir yerdə baxılacaq.

Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib.

2017-ci il oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov və digərlərinə hökm elan olunub. Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub.

Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, S.Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, A.Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və O.Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülmuşdü.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ildə imzaladığı əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR