Akif Çovdarovun məhkəməsi bu dəfə baş tutsa da, vəsatətlər təmin olunmayıb - YENİLƏNİB
Akif Çovdarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Saat 11-ə təyin olunan məhkəmə ptosesində fasilə elan olunub.
Musavat.com xəbər verir ki, təqsirləndirilən A.Çovdarov məhkəməyə gətirilməyib.
Vəkil Cavid Rzazadə jurnalistlərə bildirib ki, A.Çovdarovun səhhətində ciddi problem var: "Hazırda məhkəməyə fasilə elan olunub".
Vəkil bildirib ki, digər təqsirləndirilən şəxsləri məhkəməyə gətiriblər.
"Akif Çovdarovun səhhətində ciddi problemlər olduğu üçün prosesə gətirilməyib. Hazırda bir neçə həkim onun saxlanıldığı təcridxanada Akif Çovdarovu müayinə edir"- deyə vəkil qeyd edib.
Akif Çovdarovun məhkəməsi fasilədən sonra davam etdirilib.
Musavat.com xəbər verir ki, fasilədən sonra A.Çovdarovu məhkəməyə gətiriblər. Səhhəti ağır olan A.Çovdarov hazırda həkim nəzarətində məhkəmə prosesində iştirak edir.
Əldə etdiyimiz məlumata görə, A.Çovdarov zala xərəkdə gətirilib. O, xərəkdə uzanıb və məhkəmə də davam edib.
Məhkəmədən sonra musavat.com-a açıqlama verən Kamandar Nəsibov deyib ki, prosesdə məhkəmə tərkibinə etiraz etmək istəsələr də, buna imkan verilməyib.
Vəkil vəsatətlərinin qəbul olunmadığını deyib: "Biz vəsatəti təqdim edərkən hakimlər durub zaldan çıxdılar. Müşavirəyə getdiklərini dedilər. Məhkəmə birmənalı olaraq kiminsə sifarişini yerinə yetirir. Ancaq kimin sifarişini yerinə yetirdiyini bilmirik".
Vəkil A.Çovdarovun səhhətindən də danışıb: "Hakim özü də görür ki, Akif Çovdarovu 4-5 nəfər qoluna girib, zorla zala gətirib. Etirazı təqdim etməyimizə imkan verilmədiyi üçün digər vəsatətləri də verə bilmədik".
K.Nəsibov deyib ki, zərərçəkmiş Mübariz Məmmədovun mülki iddiadan imtina etməsi barədə ərizəsi qəbul edilib, lakin onun adının zərərçəkmişlərin siyahısından çıxarılması barədə ərizəsi qəbul edilməyib.
Qeyd edək ki, bu günə qədər 3 dəfə məhkəmənin hazırlıq iclası təyin olunsa da, proses baş tutmurdu. Buna səbəb A.Çovdarov və vəkilinin cinayət işi materialları ilə tanış olmaması idi.
Ancaq bu dəfə məhkəmənin hazırlıq ickası yekunlaşıb və iş məhkəmə baxışına verilib. Akif Çovdarovun cinayət işi üzrə növbəti məhkəmə prosesi noyabrın 14-ə təyin olunub.
İlkin Muradov
Musavat.com






