
Akademiklərin yazdıqları dərs kitablarında biabırçı ifadələr
Hər il olduğu kimi bu ildə orta məktəb dərsliklərində qüsurlar, səhvlər var. Əvvəlcə mətbuatda və sosial şəbəkələrdə “Azərbaycan Tarixi” adlı əyani vəsaitin Ermənistanın bayrağı fonunda nəşr edilməsi məsələsi müzakirə edildi. Həmin kitabın hansı ildə dərc olunması göstərilməsə də, onun qəbul imtahanlarına hazırlaşan abituriyentlərə aid olduğu görünür.
Azərbaycanın tarixindən bəhs edən kitabın torpaqlarımızı işğal edən düşmən ölkənin bayrağı rəngində olması insanları qəzəbləndirib. Onlar bunu Azərbaycana təhqir kimi qəbul ediblər.
Bundan başqa 10-cu sinif şagirdləri üçün nəşr edilmiş “Azərbaycan dili” dərsliyində söyüş və təhqirlər işlədilib. Dərsliyin içindəki mətnlər biabırçı vəziyyətdədir. Dərslikdə “binamus”, “qancıq”, “küçük” kimi sözlərdən istifadə edilib ki, bu da şagirdlərə bilik və tərbiyə vermir.
“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev Azərbaycanda normal dərslik yazılmasının problem olaraq qaldığını dedi: “Təhsil Nazirliyinin nəzdində Dərslikləri Qiymətləndirmə Şurası yaradılanda bizim bu qurumdan gözləntilərimiz çox idi. Amma bu qurum ölü doğulmuş uşağa bənzəyir. Elə dərsliklərdə problemlər bu qurumdan sonra yarandı. Bu qurum dərslik yazılmasının inhisara alınmasını gerçəkləşdirdi. "İdeal dərslik" yazmaq işini gözdən saldı. Keçmiş təhsil naziri riyaziyyat və həndəsədən 14 dərslik yazdı. “Fizika”, “Ədəbiyyat”, “Azərbaycan dili”, “Tarix” dərsliklərinin yazılması inhisara alındı. Nəticə göz qabağındadır. Təhsil Nazirliyinin bəzi rəsmiləri indi də “ideal dərslik yoxdur” ifadəsini işlədirlər. Bu, boş söhbətdir və nöqsanları malalamağa xidmət edir. Dərsliklər ideal olmalı, hətta nöqtə və vergül xətalarına da yol verilməməlidir.
Ümumtəhsil sistemində dərslik siyasəti sənədində yazılıb: dərsliklərdə şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına, onların öz ailəsini, xalqını, vətənini sevməsinə, insan haqlarına və bəşəri dəyərlərə hörmət etməsinə yönələn ideyalar olmalıdır".
Ekspert dərsliklərdə şagirdlərin yaş psixologiyasının və fizioloji xüsusiyyətlərin nəzərə alınmasının vacib olduğunu bildirdi: “İndi biz bu dəyərləri qoyub dərsliklərdə söyüş, ədəbsiz ifadələr, səhvlər aşkar edirik. Dərsliklərin çoxunu səhvlər ucbatından adam açmağa belə utanır. Sizin dediyiniz dərsliyin müəlliflərindən biri akademik, digəri isə Akademiyanın müxbir üzvüdür. İndi bu adamlar belə mənasız dərslik yazırlarsa, onda orta məktəb müəllimləri necə dərslik yazmalıdır? Keçmiş təhsil nazirinin buraxdığı ciddi səhvlərdən biri də orta məktəb müəllimlərinin dərslik yazmağa cəlb olunması idi. Bunu birmənalı şəkildə qadağan etmək lazımdır. Bu gün hələ də fənlər üzrə dərslik yazmaq təcrübəsi olan qruplar formalaşmayıb. Buna heç maraq da göstərilmir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-2014-cü tədris illərində ümumtəhsil fənləri üzrə dərslik və dərs vəsaitlərinin monitorinqinin nəticəsində I-V siniflər üzrə “Riyaziyyat” dərsliklərində, I-V siniflər üzrə “Azərbaycan dili” dərsliklərində, V-IV siniflər üzrə “Ədəbiyyat” dərsliklərində və “Həyat bilgisi” dərsliklərində saysız-hesabsız ciddi qüsurlar aşkar olunmuşdu. Bütün bunlara baxmayaraq həmin dərslik müəllifləri öz işlərini yenə də davam etdirirlər. Elə dərslik müəllifləri var ki, tutduğu vəzifəsindən və elmi adından asılı olmayaraq onlara dərslik yazmağı qəti şəkildə qadağan etmək lazımdır. Dərslik və dərs vəsaitlərinin yazılması xüsusi peşə növüdür".
Mövzu ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun da fikirlərini öyrəndik: “Bu, əvvəlki məlumatlardır. Ola bilsin ki, saytlar bu məsələni yenidən dövriyyəyə gətiriblər. Burada söhbət vulqar sözlərin tanıtımı ilə bağlı məqamdan gedir”.
C.Valehov bildirib ki, ümumi təhsil müəssisələrinin X sinif “Azərbaycan dili” dərsliyində müvafiq mövzunun tərkibində ümumişlək və ümumişlək olmayan dialekt sözlərdən istifadə olunub. Dildə işlənən kobud ifadələr, nalayiq sözlər isə vulqar sözlər adlanır. Belə sözlər, adətən bədii əsərlərdə surətlərin dilində, yaxud mənfi obrazları səciyyələndirmək üçün müəllif dilində işlədilir.
Günel MANAFLI






