İnsanlara hürriyət, millətlərə istiqlal!

Akademik Zərifə Əliyevanın ənənələri Mehriban xanımın fəaliyyətində

1160 27.04.2023 16:40 Yazarlar A A

Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını,elmini,
mədəniyyətini, mənəviyyatını dünyaya
nümayiş etdirirlər. Adamların mənəvi aləmi təkcə əməkdə,
ictimai fəaliyyətdə deyil, həmçinin ailədə formalaşır.

(Heydər Əliyev)

Hər bir insan üçün onun valideynləri,
onun anası əzizdir, müqəddəsdir.

(İlham Əliyev)

Dünya gender elmi tarixində qadın şəxsiyyətlər var ki, onların həyat və fəaliyyətinə nəzər yetirəndə yaşadığı dövrün ictimai-siyasi hadisələrinin təsirinə də diqqət etmək gərəkdir. İstənilən millətin özünəməxsus tarixləşən Qadın şəxsiyyətləri vardır ki, onların xalq qarşısında xidmətləri də unudulmazdır. İstedad, bilik, qabiliyyətləri ilə seçilənlər həm də əməksevər, xeyirxah olurlar. Belə qadın şəxsiyyətlərdən biri Azərbaycan elmi və ictimai-siyasi dövlətçilik tarixində yeri olan Akademik Zərifə Əliyevadır.

Yüzlərlə insanın gözünə nur, işıq verən Böyük Qadın, Böyük Ana Akademik Zərifə Əliyevanın həyat yolu bir örnək, bir ailə, cəmiyyət dərsləri məktəbidir. Və bu məktəbin davamçısı Birinci vitse-prezident Xanım Mehriban Əliyeva necə deyərlər “gəlin ocağa çəkmişdir” və O, Ulu öndər Heydər Əliyev milli idarəçilik məktəbinin yetirməsi olaraq, Zərifə Əliyevanın cəmiyyət, elmi-ictimai dərslərindən örnək almış, onun insani nəciblik və mərhəmət ənənələrini davam etdirir. Oxşar ictimai tale, oxşar Yol və bu Yolda paralelləşən əməllər. Həm Zərifə xanım, həm Mehriban xanım Azərbaycan siyasi-ictimai elmi – Gender tarixinin örnək və universal istedada malik, Taleyin ömür tarixinə “Seçilmişlərdən” yazdığı Şəxsiyyətlərdir.

zarifa-xanim-aliyeva-(1)_1493357739.jpg (40 KB)

Həyat fəlsəfəsində xoşbəxtlik məfhumu nisbi qəbul edilir və tam xoşbəxtlik nədir... sorğusu bəzən də cavabsız qalır. Lakin, elə şəxslər olur ki, onlar sağlığında özü özünə öz əməlləri ilə xoşbəxtlik Abidəsi ucaldır, Tarixdə əvəzolunmaz müstəsna yeri olur.

Ulu öndər Heydər Əliyev deyir ki: “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam”. (6) Eləcə də Prezident İlham Əliyev söyləyir ki: “Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur” (7) və qururla deyir: “Mənim anam əsl alim idi”. Bu kəlamlar xoşbəxtliyin nümunəvi komponentləridir.
Zərifə Əliyeva Azərbaycan Tibbşünaslıq və ictimai-elm Tarixində möhtəşəm adı olan Qadın Alimdir. Xanım Mehriban Əliyeva söyləyir: “İxtisas seçimimə həkim-oftalmoloq Zərifə xanım təsir göstərmişdi”(5).

Zərifə Əliyeva üç Dövlət Xadimini qovuşdurub birləşdirən Akademik, oftalmoloq həkim, Birinci Xanım, ictimai Xadim, Prezident xanımı, Prezident anasıdırsa, bu paralellər vəhdətində Mehriban Xanım da oftalmoloq həkim, humanizmdən elmi fəlsəfi iş yazan, Prezident gəlini, Prezident xanımı, ictimai-siyasi Dövlət Xadimidir. Bənzər Tale yolları...

Və Xanım Mehriban Əliyeva qadının ailədəki rolu və ailəyə münasibətini hər zaman önə çəkir və vurğulayır ki: “Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hadisəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”. (1) Xanım Mehriban Əliyeva Akademik Zərifə Əliyevadan əxz etdiyi ənənələri yaşadır, milli-mənəvi dəyərlərin hamısı olmaqla ölkədə təhsilin, tibbin, mədəniyyət, mənəviyyat və s. sahələrin tərəqqisinə diqqət göstərir, müasir Azərbaycanı dünyada tanıdır. Azərbaycan Qadınının – Anasının yüksək mənəvi – mədəni keyfiyyətlərini ümumbəşəri dəyərlərlə əks etdirir.

Hər iki Böyük Qadının Azərbaycanın ictimai humanitar həyatında öz mərhəmət və şəfqət prinsipləri paralellər təşkil edir. Zərifə Əliyeva Sülhü Müdafiə Komitəsinin üzvü idi və sülh, barış məsələlərinə dair daim çağırışlar edərdi. Akademik Zərifə Əliyeva hiddətlə qeyd edirdi ki: “Nifrət edirəm müharibəyə, insanların əzab çəkməsinə dözmürəm”. (5)

Xanım Mehriban Əliyeva da bütün dünyada sülhü, ədaləti, barışı təbliğ edir, vaxtilə UNESKO-nun, hazırda iş İSESKO-nun sülhməramlı səfiridir.

379475.jpg (427 KB)

Zərifə xanım ailəcanlı ictimai xadim idi. Ulu öndər söyləyirdi ki: “Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üstünə düşüb və o, bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”. (6) Xanım Mehriban Əliyeva qadını ailədə sülhün, razılığın və məhəbbətin təminatçısı hesab edərək göstərir ki: “Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır, dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər”. (2)

Digər bir paralelliyə diqqət edək, Ulu öndər Heydər Əliyev “Əsl məhəbbət haqqında” filmində vurğulayır: “Biz Zərifə xanımla Kislovodsda tanış olduq.... və onu görən kimi bildim ki, ürəyimə girdi” (8)

Prezident İlham Əliyev müqəddəs dediyi Anası Zərifə xanım və ömür dostu Mehriban xanım haqda deyir: “Təbii ki, hər bir ana kimi, mənim də anam gəlin tapmağa çalışırdı. Mehribanla tanış olanda özlüyümdə qərara aldım ki, bu qız xoşuma gəlir”. (3)

Zərifə xanım taleyinə ali bir missiya – Heydər Əliyev kimi strateq şəxsiyyətin həyatının əbədi sevgisi, Mehriban xanımın da taleyinə eynən ali bir missiya – Qarabağı işğaldan azad edən Qalib Prezidentin həyat və əqidə yoldaşı olmaq yazıldı.

Akademik Zərifə Əliyevanın Azərbaycan oftalmologiya elminin tanıdılmasında xidmətləri çox istiqamətli olub, eləcə Xanım Mehriban Əliyevanın müasir Azərbaycan mədəniyyəti, təhsili, tibb sahəsinin inkişafında fəaliyyəti geniş və çoxcəhətlidir. Akademik Zərifə Əliyeva novator alim, peşəsində yenilikçi idi. Zərifə xanımın həyatı, ailə və cəmiyyətdə rolu və yeri bir mənəviyyat, müdriklik, şəfqət məktəbidirsə, həmin məktəbin ardıcılı da Xanım Mehriban Əliyeva humanist modern Rəhbər, xalqının “Sevimli Mehribanıdır”.

Zərifə Əliyeva deyirdi ki: “Həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir və həkim xəstənin ən doğma adamıdır”. (4) Akademik N.Puşkovskaya “xeyirxahlıq Zərifə Əliyevanın həyat tərzi idi” (4) deyərək onun yüksək keyfiyyətlərini dəyərləndirmişdi. Professor A.Brovkina ona “nəciblik və mənəvi paklıq timsalı” qiyməti vermişdisə, professor N.Şulpina “dünya şöhrətli alim” adlandırmışdı. (4) Xanım Mehriban Əliyeva da həkim-filosof, ictimai-siyasi Dövlət Xadimi və “sizin Mehriban” müraciətli Azərbaycan xalqının mərhəmət, nicat, xeyirxahlıq ünvanıdır.

Azərbaycan Qadınının ənənəvi dəyərlərinin təcəssümü olan Zərifə xanım Dövlət Xadiminin qızı, Dövlət Başçısının xanımı, gələcəkdə Prezident olacaq oğulun, alim qızın anası, yüzlərlə insana nur, işıq verən peşəkar həkim, görkəmli alim, kübar, alicənab, insanları sevən, heç kimi incitməyən, hər kəsə kömək edən Böyük Qadın idi. Bütün bu keyfiyyətlər mərhəmət, şəfqət, humanizm tək ali dəyərlərlə vəhdətdə ona Əsl insan, Əsl Xanım Qadın, Əsl Həkim statusu qazandırmışdı.

Prezident İlham Əliyev Zərifə xanım haqda söyləyir: “Onun unudulmaz obrazı bu gün də mənim üçün çox əzizdir, doğmadır. Zərifə xanım yüksək davranış meyarlarına malik idi. İnsanlara münasibətdə səmimiyyət, xeyirxahlıq, eyni zamanda, yüksək mədəniyyət, alicənablıq – bütün bu müsbət keyfiyyətləri özündə birləşdirmişdi. Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir. Bir alim kimi Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir”. (11)

62373ac09e006.jpg (77 KB)

Bu kontekstdən Prezident İlham Əliyev Mehriban Əliyeva haqda deyir: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipal, çox xeyirli bir insandır. Təsadüf deyil ki, Azərbaycan xalqı ona böyük sevgi və rəğbətlə yanaşır”.(10)

Prezidentin bu fikirləri həyat tərzinin elmi-etik, mədəni-mənəvi paradiqmal komponentləridir.

Prezident İlham Əliyev kədərli notlarla, bir övlad kimi söyləyir: “Onun (Zərifə xanımın) vəfatından sonra mənim həyatım, bütün ailəmizin həyatı dəyişildi. Yəni mən, indi o vaxtlardakı kimi gülə bilmirəm, həyatımda xoşbəxt hadisə olanda düşünürəm ki, o da bunun üçün sevinərdi”. (9)

Çox ağrılıdır ki, Azərbaycanın müstəqilliyini, sevgili həyat dostu Ulu Öndərin və bütün şəfqəti ilə böyütdüyü yeganə oğlunun Prezidentliyini, bəyənib seçdiyi Mehriban xanımın fəaliyyətini, nəvələrini, doğma Vətəninin müasir inkişafını görə bilmədi, həyatdan tez getdi, amma ürəklərdə Nəcib mərhəmətli həkim, xeyirxah ictimai Xadim, Azərbaycanın kübar Böyük Qadını – Böyük Anası adını Abidələşdirdi. Dövlət xadimi Atasından aldığı Nur, Dövlət Xadimi ömür Dostu ilə keçirdiyi işıqlı mənəvi həyat, sevə-sevə böyütdüyü Dövlət Xadimi oğlunun “müqəddəs Anam” kəlamı ilə hər zaman Nur-işıq saçan Möhtəşəm Qadın, daim anılacaq Şəxsiyyətdir!

Fikrimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sözləri ilə bitirirəm: “Mənim Zərifə Xanımla ünsiyyətim qısa (1983-1985) oldu, həyatdan getdi. Zərifə xanımla, bu istedadlı və Gözəl Qadınla bağlı xatirələr hələ də mənim qəlbimdə yaşayır”. (5)

Heydər Əliyev və Zərifə Əliyeva Birliyi örnək vəhdət-məktəbdirlər!

Böyük Rəhbər və Böyük Qadın! Torpağınız nurla dolsun!

Ədəbiyyat siyahısı:

1. Xanım Mehriban Əliyevanın “Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə” milli konfransdakı çıxışından. 22 oktyabr 2009-cu il.
2. Mehriban Əliyevanın “investisiya” qəzetinə müsahibəsindən. 26 may 2005-ci il.
3. Az.m.wikipedia. orq/wiki/Mehriban-Əliyeva
4. Zarifa-aliyeva.az/abaut.php?abaut=y
5. Azerbaijan – news.az/az/posts/detail/xatirelerde/-16
6. www.sdu.edu.az/az/new-society/22
7. President.az/az/srticles/view/4008
8. Youtube. az “Əsl məhəbbət haqqında” Ulu öndər Heydər Əliyevə həsr edilmiş filmdən
9. AzərTac. Bakı,1995. Oktyabr. Prezident İlham əliyevin KİV-ə müsahibəsindən
10. Prezident. az/az/articles/view/22854.21.II.2017
11. President.az/articles/view/7932

238240_256f1fg0s3.jpg (30 KB)

Rəna Mirzəzadə,
Professor, AMEA, FSİ, “Siyasətin fəlsəfəsi və
sosiologiyası” şöbəsinin müdiri

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR