Ailəsi Seymur Həzinin həbsinin siyasi sifariş olduğunu iddia edir
Xəbər verildiyi kimi, avqustun 29-da AXCP funksioneri Seymur Həzi həbs edilib. O, 221.3 maddəsilə (silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq) ittiham olunaraq, barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Hazırda AXCP üzvü Bakı İstintaq Təcridxanasında saxlanılır.
Seymur Həzinin hüquqlarını müdafiə edən Elton Quliyev istintaqla bağlı heç bir yeniliyin olmadığını bildirdi: “Seymur bəylə dünən görüşdüm. Hər şey normaldır. Saxlanma şəraitindən razıdır. Görüşlə bağlı heç bir maneçilik yaradılmır. Qanunsuz həbsindən apellyasiya şikayəti vermişik. Yaxın günlərdə baxılacağı gözlənilir”.
AXCP üzvünün atası Məşgül Həziyev oğlu ilə telefon vasitəsilə ünsiyyət yaratdıqlarını qeyd etdi: “3 gün əvvəl özü zəng etmişdi. Başqa əlaqə vasitəmiz yoxdur. Zəng edəndə heç nədən narahat olmamağımızı və hər şeyin qaydasında getdiyini bildirdi. Saxlanma şəraiti və səhhətindən şikayəti yoxdur. Hər şey normaldır. Bu gün təcridxanaya yemək aparmışdım. Təcridxana qanunlarına görə həftədə bir dəfə yemək aparılır. Heç bir problem yaradılmır. Digər vətəndaşları necə qarşılayırlarsa, eləcə də, mənə o cür münasibət göstərirlər. Heç bir fərq qoymurlar”.
Məhbusun atası oğlunun həbsinin siyasi əqidəsi ilə əlaqədar olduğunu da söylədi: “Telefonla danışığımız zamanı da Seymur həbsinin qanunsuz olduğunu dedi. Hamımız üçün həbsin nə ilə bağlı olduğu məlumdur. Valideyn olaraq da bu işi qurulmuş oyun adlandırıram. Baş Prokurorluq İstintaqda adı hallanan Məhərrəm adlı şəxsin saxlanıldığı və haqqında cinayət işi açıldığı barədə xəbər yaydı. Bundan əlavə, başqa bir məlumatım yoxdur”.
Seymur Həzinin qardaşı Teymur Həziyev də qardaşının həbsinin siyasi sifariş olduğunu iddia edir: “3 gün öncə Seymurla əlaqə saxlamaq mümkün oldu. Özü zəng etmişdi. Hər şeyin qaydasında olduğunu bildirdi. Bu gün atam yemək aparmışdı. Məktub yazmışdıq. Lakin təcridxana əməkdaşları götürməyiblər. Ümumiyyətlə, həbs edildiyi gündən yalnız bir dəfə atam telefonla danışıb. Seymurun həbsinin səbəbi göz önündədir. Apardığı mübarizəyə, etdiyi haqlı tələblərə görə həbs edilib. Bu, birbaşa siyasi sifarişdir. İstintaqda adı hallanan Məhərrəm adlı şəxsin həbs edildiyini deyirlər. Biz bunun nə dərəcədə doğru olduğunu deyə bilmərik. Bəlkə də bir şayiədir”.
Cavanşir ABBASLI






