İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Rusiya neftinə qiymət tavanı təyin olunmasını sanksiya paketinə saldı

872 28.09.2022 14:43 İqtisadiyyat A A

Avropa İttifaqının yeni sanksiya paketində müəyyən ediləcək qiymət tavanından yüksək qiymətə alınan Rusiya neftinin dəniz nəqliyyatı ilə daşınmasının qadağan olunması da var.

Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, beləliklə, Avropa İttifaqı ölkələrinə məxsus tankerlərə tavandan yüksəyə alınan nefti daşımaq, maliyyə-sığorta şirkətlərinə isə belə daşımalara xidmət göstərmək qadağan ediləcək.

Xatırladaq ki, bundan əvvəlki paketdə Rusiya neftinin (boru kəməri ilə nəql edilən istisna olmaqla) alışına dekabrdan etibarən embarqo qoyulması zamanı Yunanıstan və Kiprin təkidi ilə daşımalara qadağa tətbiq edilməmişdi. Bu ölkələr tanker daşımaçılığından böyük gəlir əldə edirlər.

"Bloomberg"in mənbələri bildiriblər ki, bu addımla Avropa İttifaqı G7 ölkələrinin Rusiya neftinə tavan təyin olunması qərarının icrasına qoşulmuş olacaq və onun daha dəqiq icrasına yardım edəcək. Hələlik qiymət tavanı olaraq hansı həddin seçiləcəyi müəyyənləşməyib. Avropa İttifaqı yeni paketdəki sanksiyalara əməl etmək üçün əvvəlkilərə bəzi dəyişikliklər etməlidir.

Bu arada, əvvəlki paketdə güzəşt tanınan boru kəməri ilə Rusiya nefti alan ölkələr bu dəfə də istisna əldə etməyə ümidlidirlər. Amma mənbələr "Bloomberg"ə artıq belə istisnaya yol verilməyəcəyini bildiriblər.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Rusiya neftinə qiymət tavanının enerji bazarlarında ciddi bahalaşmaya gətirib çıxaracağını bildirib. Onun sözlərinə görə, bu addım ilk növbədə Avropa İttifaqının özünə zərər vuracaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR