İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ağrılı məqam aktiv koronovirus xəstələrinin ictimai yerlərdə aşkarlanmasıdır” – DİN rəsmisi

347 29.11.2021 19:56 Ölkə A A

Elşad Hacıyev: “Hər metro vaqonuna, hər qapalı məkana polis əməkdaşı qoya bilmərik, vətəndaşlar şəxsi məsuliyyətini anlayaraq, qaydalara əməl etməlidirlər”

Dünyada koronovirusla bağlı kritik durum yaranıb. Ölkəmizdə də epidemioloji vəziyyət ürəkaçan deyil.  Yoluxma sürətlə artır, ölüm sayları isə artan gedişatla davam edir. Xüsusilə də rayonlarda, kəndlərdə yoluxmalar narahatlıq doğurur. Koronavirusa yoluxanların əksəri yalnız vəziyyəti ağırlaşan zaman  xəstəxanaya müraciət edirlər ki, bu da əhali arasında virusun yayılamasına səbəb olur. Əsasən də, toy-yas mərasimlərinə icazə veriləndən sonra yoluxma sayında artımlar müşahidə edilir.

Bəs görəsən, Daxili İşlər Nazirliyi bu istiqamətdə əvvəlki kimi sərt nəzarət tədbirlərini dava etdirirmi?

Mövcud vəziyyəti Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Yeni Müsavat” a şərh edib: “Ölkə ərazisində karantin rejim qaydalarının qorunması, gözlənilməsi və mühafizə olunması istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargahın tədbirlərin həyata keçirilməsi və gücləndirlilmiş nəzarət profilaktik tədbirləri davam etdirilir. İndiki şəraitdə hər bir vətəndaş, hər bir sahibkarlıq subyekti, hüquqi və fiziki şəxsdən asılı olan məsələ odur ki, pandemiya şəraitində müəyyən olunan qaydalara-məhdudiyyət tədbirlərinə ciddi əməl etsinlər. Respublika ərazisində təkcə bir günün ümumi statistikasına baxaq, noyabr ayının 28-ə olan statistikaya görə, 568 toy mərasimi keçirilib və hər bir toy mərasiminin monitorinqi aparılıb. Bu monitorinqlər polis və digər aidiyyəti qurumlar tərəfindən həyata keçirilir ki, burada da mövcud qaydalara necə əməl olunub-olunmamasına nəzarət olunur. Ümumən, ölkə ərazisində toy mərasimləri ilə bağlı iyulun 1-dən etibarən bu günə qədər 40 506 şənlik mərasimi qeydiyyatdan keçib, həmin şənlik mərasimlərində də nəzarət profilaktik tədbirləri həyata keçirilir. Eləcə də, 2253 fərdi evdə keçirilən şənlik mərasimləri və ümumi statistikada aşkarlanan pozuntular 3057 hal təşkil edib. Bunun da 3360-ı inzibati məsuliyyətə cəlb olunmadır. Bir nəfər inzibati qaydada həbs edilib, ümumi olaraq 36 nəfər barəsində cinayət işi açılıb. 13 nəfər barəsində isə hazırda cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmalar aparılır”. 

Elşad Hacıyev yüksək vəzifəyə təyin olundu

Elşad Hacıyev

Şöbə rəisi əlavə edib ki, COVİD-19 pasportu olmadığına görə mərasimlərə buraxılmayan şəxslərin sayı 61 042 olub: “Ümumi bu rəqəmlərin təsnifat göstəricisi və təhlilləri göstərir ki, vətəndaşlar arasında hələ də karantin rejim qaydalarına etinasız yanaşan şəxslər var. Noyabrın 28-də təkcə karantin rejimi qaydalarını pozduğuna görə 6 şadlıq sarayının sahibi, 11 fərdi yaşayış evində toy keçirən şəxs inzibati qaydada cərimə olunublar. Xüsusi karantin rejiminin pozulmasına görə 12 nəfər inzibati cərimə olunub, eləcə də fərdi qoruyucu vasitələrdən istifadə edilməməsinə görə 180 fakt aşkar olunub. Epidemiya və gigiyena qaydalarına əməl etməyən 209 nəfər müəyyən olunaraq barələrində inzibati tənbeh tədbirləri tətbiq olunub. Qaydalara əməl etmək hər birimizdən asılıdır. Tək polisin, digər dövlət qurumlarının işi yox, hər bir vətəndaşdan asılıdır, pandemiya norma və qaydalarına ciddi əməl etməliyik. Əgər bu, insan həyatı, taleyi, sağlamlığı ilə əlaqəlidirsə, bizim hər birimizin başlıca vəzifəsi epidemioloji vəziyyətə, normaya uyğun davranış nümayiş etdirməyimizdir. Yoxsa digər dövlət qurumlarının üzərinə heç bir halda hansısa vətəndaşı, sahibkarlıq subyektini cərimələmək, məsuliyyətə cəlb etmək kimi öhdəlik qoyulmayıb. Yalnız bu tədbirlər ona görə həyata keçirilir ki, vətəndaşlar ayıq-sayıq olsunlar, bilsinlər ki, burada cəza var, inzibati tənbeh tədbiri var”.

E.Hacıyev bildirdi ki, daha ağrılı məqam isə aktiv koronovirus xəstələrinin ictimai yerlərdə aşkarlanmasıdır: “Onlar bu gün ictimai nəqliyyatda, metrostansiyada, məscidlərdə, ayrı-ayrı qapalı məkanlarda, bazarlarda aşkar olunursa, bu təhlükənin miqyasının nə dərəcədə olduğunun göstəricisidir. Pandemiya şərtlərinə, qaydalarına əməl etməyənlər nəinki öz həyatlarını təhlükəyə atır, eyni  zamanda digərlərini də təhlükəyə məruz qoyurlar. Ona görə bu və digər faktlarla bağlı iş aparılır ki, nəzarət profilaktik qaydasında vətəndaşlar arasında normalara ciddi əməl olunsun. Eləcə də, sosial məsafənin gözlənilməməsi halları daha çoxdur. Xüsusilə də, qapalı məkanlarda maskadan istifadə edilməməsi halı var. Polis əməkdaşı görəndə maskanı taxırlar, əksər vaxtlarda isə maska çənənin altında, qolunun üstündə gəzirlər. Bütün bunların hamısının həyata keçirilməsi istiqamətində iş aparılır. Cəmiyyət bilməlidir ki,  hər ictimai nəqliyyata, qapalı məkana, hər bir metro vaqonuna bir polis qoya bilmərik, vətəndaşlar indiki halda özləri şəxsi məsuliyyətini anlayaraq, epidemioloji vəziyyəti nəzərə alaraq bu qaydalara əməl etməlidirlər”.              

Noyabrın 27-i “Qara Cümə” günündə insanlar iri ticarət mərkəzlərinə axışmışdı. “Gənclik Mall”da bir çoxlarından COVİD pasportu tələb olunmadığı, insanların yoxlanmadığı iddia edilir. E.Hacıyev bununla bağlı sualı da belə cavab verib: “Bu iddia araşdırılmalıdır. Xüsusən deyim ki, günün müxtəlif saatlarında həm DİN nümayəndələri, həm də rayon polis idarələrinin ayrı-ayrılıqda iri ticarət mərkəzlərində, mehmanxalarda nəzarət qaydasında tədbirlər həyata keçirirlər. Polis əməkdaşları mülki geyimdə də COVİD pasportunun olub-olmamasını yoxlayır. Bayaq açıqladığım statistik məlumatların içərisində iri ticarət mərkəzlərində, sizin açıqladığınız ticarət mərkəzində də bu hallar aşkar olunmur.  Daha çox restoranlarda yerlərdə bu hallara rast gəlinir ki, buna qarşı da tədbirlər həyata keçirilir. Pandemiya şərtləri, qaydalarının qorunması hər birimizin həyat tərzi olmalıdır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR