İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ağlımıza gəldi ki, əfv qərarını püşkatma yolu ilə ediblər” - NİDA-çılar

4921 14.01.2015 08:35 Müsahibə A A

2013-cü ilin səs-küylü məhkəmə proseslərindən biri də heç şübhəsiz, NİDA-çılarla bağlı oldu. Gənclərin məhkəmədəki cəsarətli çıxışları, aclıq aksiyaları və sonda hakimin sifarişli qərarı... Son əfv fərmanı ilə azadlığa çıxan gənc “NİDA”çılar Zaur Qurbanlı ilə Üzeyir Məmmədli də elə bu həbsin, əfvin, məhkəmə günlərinin... hekayəsini bizimlə bölüşdülər. Həbsdən sonra ilk geniş müsahibələrini “Yeni Müsavat”a verən gənclər bu günə qədər bilinməyən bir çox gerçəkləri açıqladılar. 


- Öncə “həmişə azadlıqda, keçmiş olsun” deyim. 1 il 9 aydan sonra türmə həyatınız bitdi... Azadlıqla, bu qərarla bağlı ilk təəssüratlarınız necə oldu? 

Ü.Məmmədli: 

- Digər siyasi məhbuslardan fərqli olaraq, biz bu müddətin hamısını təcridxanada keçirdik, yəni qapalı kameralarda qaldıq. Ona görə də ilk fərqlilik mənim üçün açıq havada daha çox gəzə bilməkdən başladı. Ehtiyacım hava dolu geniş məkana, bir də insanlarla ünsiyyətə idi. 

Z.Qurbanlı:

- Eyni yerdə qalmışıq deyə təəssüratlarımız təxminən eynidir. Daha çox fiziki məqamlar barədə danışa bilərəm. Çünki mənəvi sevincdən danışmaq yersizdir, digər uşaqlar içəridədir. Bütün gün onları fikirləşirik. Onların azadlığa çıxması üçün nə edə bilərik deyə düşünürük. Təəssürat daha çox fiziki azadlığı hiss etməkdir. 

- Hamınız eyni əfv müraciətinin altına imza atsanız da, hansı məntiqlə olduğu bilinməyən bir “sortirovka” prosesi aparıldı və ikiniz azadlığa buraxıldız, dördünüz içəridə qaldız. Siz belə bir seçim aparılacağını təxmin edirdizmi? 

Z.Qurbanlı: 

- Hamımız gözləyirdik ki, çıxacağıq. Buna hazırlaşmışdıq, əşyalarımızı evə yollamışdıq. Düzdü, zona köçürülmə ehtimalına görə də əşyalar onsuz da göndərilməliydi. Amma uşaqlar gözləyirdi ki, hamımız çıxaq. Mən Məmmədlə, Üzeyir Rəşadətlə bir kamerada qalırdı. Bizim üçün onlarla sağollaşıb, onları orda qoyub çıxmaq daha çətin oldu. Bilmədik ki, siz demiş, o “sortirovka”nı necə etdilər, yəqin özlərində də məntiqi izah yoxdur. 
Ü.Məmmədli: Bu barədə çox analiz edirdik. Bilirdik ki, hamımızı buraxmayacaqlar. 
- Nəyə əsasən? Sizin məntiqiniz nə idi? 

Ü.Məmmədli: 

- Son əfvlərin statistikasına baxdıq. Hər dəfə 4-5 nəfərdən artıq siyasi məhbus azad edilmir. Növbəti əfvlərdə də buraxmağa kimsə olmalıdır axı. Bizi eyni vaxtda buraxmaqdan çəkinə də bilərdilər. Amma seçimi necə edəcəkdilər, Zaur demişkən, bunu mən də bilmirdim. Hətta ilk ağlımıza gələn o oldu ki, püşkatma yolu ilə ediblər. 

- Biriniz Rəşadət Axundovla, digəriniz Məmməd Əzizovla sağollaşmaq zorunda qaldız. Necə keçdi bu mərhələ? Onların sizə sözləri, xahişləri... 


Ona əfv müraciəti deyilməsinin əleyhinəyik” 


Ü.Məmmədli: 

- Əfvə hansımızın düşəcəyini bir gün əvvəldən öyrəndik. Məni rəhbərlik çağırdı. Onda artıq bildik ki, nə nədir. Çünki həbsdəsənsə və rəhbərlik səni çağırırsa, az-çox təxmin edirsən. Eşidəndə donub qalmışdım. Qayıdanda artıq Rəşadət bilirdi ki, əfvə düşməyib. 

- Rəşadət çoxmu sarsılmışdı? 

Ü.Məmmədli: 

- Əslində mən ondan daha çox sarsılmışdım. Həmin gecə cəmi 1-2 saat yatdım, amma o, bütün gecəni yatdı. Rəşadət hazır idi buna, çünki əvvəldən təxmin etmişdik - bir neçəmizi buraxıb, bir neçəmizi saxlayacaqlar. Sağollaşmaq çox çətin oldu. Həbsdə olanların bir sözü var: köhnələrdən kim qalıb? 2 il əvvəlki ilə müqayisədə baxırsan ki, köhnələrdən heç kim qalmayıb. Vəziyyətdən, prosesdən, əvvəlki coşqulardan... Dostlara da deyirəm ki, onlar çıxmayınca elə bil ki, mən də içəridəyəm. İçəridə olmaq çox daha rahat olardı mənə. 

Z.Qurbanlı: 

- Əvvəldən düşünürdüm ki, mən çıxsam, Məmmədə təskinlik verərəm. O çıxsa, mənə. Amma tərsinə oldu, səhərə qədər Məmməd mənə təskinlik verdi. Sərəncamdan 3-4 gün qabaq üçümüzü çağırmışdılar danışığa. Düşünürdük ki, yəqin üçümüzü buraxarlar. Amma bir kamerada birini saxlayıb, o birini buraxmaq çox daha çətin oldu. Buraxılma ardıcıllığına baxanda təxmin etmək olar ki, nəyə görə belə edilib. İctimai sektoru tamamən çökdürüblər. 

Hökumət bu ictimai sektoru necə çökdürübsə, insanlar məhbuslara məktub yazmağa ərinirlər” 


Məqsədləri odur ki, həbsdəkiləri bu qaydada buraxmaqla da ruh yüksəkliyi yaranmasın, bir daha ayağa durmasınlar məntiqi ilə hərəkət edirlər. Əvvəl bizdən Bəxtiyarı buraxdılar, o, özü-özünü tamamən çıxdaş elədi. Şahini elə vaxt buraxdılar ki, atası dünyasını dəyişmişdi, öz-özünə ayağa durması qeyri-mümkün idi. Ardınca bizi buraxdılar və bununla da mesaj verdilər ki, içəridə də adamlar qalıb, onları da nəzərə almaq lazımdır. Elə bir vəziyyət yaradırlar ki, çıxan adamlarda böyük ruh yüksəkliyi qalmasın. Ya da Üzeyir demişkən, püşkatma prosesi keçirilib. İnanırıq ki, mart ayında da növbəti fərman veriləcək və digər dostlarımız da azadlığa çıxacaq. Çünki müraciət edəni azadlığa buraxırlar. 

- Elə müraciətdən, əfv ərizəsindən söz düşmüşkən, bildiyimə görə, onun yazılması da ağrılı proses olub sizinçün. Hər sözünün, nöqtə-vergülünün üzərində dayanmısız, tərəddüd keçirmisiz və sair... Çoxmu çətin oldu o müraciətin ərsəyə gəlməsi? 

Z.Qurbanli: 

- Mən ona əfv müraciəti deyilməsinin əleyhinəyəm. Biz düşündük ki, yazdıqlarımız nə bizim nüfuzumuza ziyan olmalıdır, nə də müraciət boşuna getməlidir. Oturub düşündük və belə bir şey ortaya çıxdı. İndi də hesab edirik ki, bu müraciət bizim nüfuzumuza ziyan vurmayıb. Hər nöqtəsinə qədər işləmişik üstündə, ictimai fikrin əleyhimizə yönəlməməsi üçün çalışmışıq. 

Ü.Məmmədli: 

- Əvvəldən bilinirdi ki, qərar bir yerdə veriləcək. Biz içəri bir komanda kimi girdik, komanda kimi də çıxacaqdıq. Axırıncı dəfə iyulda görüşmüşdük. O zaman müraciət yazılması barədə heç bir ortaq qərarımız yox idi. Amma sentyabrda o formatda müraciət yazılmasına hər birimiz razıydıq. Siyasi qərar idi və yazıldı. 

Bir gün yerindən qalxmadı, fasiləsiz olaraq bədəni əsirdi...” 


- “NİDA”çılara həbsdən sonra vurulan ən böyük zərbə kimi üzvünüz Bəxtiyar Quliyevin azadlığa çıxması ilə verdiyi müsahibə, ardınca həbsdə sizin sıralarınıza üzv olmuş Elsəvər Mürsəllinin davranışları, bəyanatları hallanır. Bu şəxslərin addımları sizə necə təsir etdi? Gözləyirdizmi, içəridə ikən onlarda o “potensialı” görürdüzmü? 

Z.Qurbanlı: 

- Elsevər barədə bir cümlə deyim, sonradan onun üzərinə qayıtmayacam. Məncə o, məqsədli şəkildə həbsdə bizim sıralarımıza yönləndirilmişdi ki, sonradan belə hərəkət etsin. O, “NİDA”dan sui-istifadə edilmək üçün göndərilmişdi. Bəxtiyara gəlincə, ondan tam gözləməzdik ki, belə edəcək. Elə olsa, zatən onunla birgə olmazdıq. Amma sırf Bəxtiyarın etməsi dəhşətli dərəcədə təəccübləndirmədi. Qalan 6 nəfərin etməsi məni dəfələrlə artıq təəccübləndirərdi. 

- Niyə? 

Z.Qurbanlı: 

- Bəxtiyar şəxsən mənim inamımı o qədər qazanmamışdı. İlk MTN-in təcridxanasında özünü aparmasına görə... 

- Rəşad Həsənovun üzünə durmasını nəzərdə tutursuz? 

Z.Qurbanlı: 

-Bəli. Orda Məmmədə də təklif etmişdilər ki, üzə dursun. Orda Məmmədin əllərini bağlayıb, 30-40 dəqiqə fasiləsiz döymüşdülər. Zorlamaya qədər çox şeylə hədələmişdilər. Amma o, Rəşadın üzünə durmamışdı. Məmməd indiyə qədər də televiziyada çıxışının verilməsinə görə özünü bağışlamır. Amma inanmıram ki, Bəxtiyar vicdan əzabı çəkib. Çünki o hərəkətlərini sonradan da davam etmişdi. Yazdığı müraciət bir tərəfə, çıxandan sonrakı müsahibələri, hərəkətləri hər şeyi göstərir. Şəxsən mənim üçün o bağışlanmaz adamdır. 

Nişanlım dedi, 8 yox, 18 il də versələr, mən gözləyəcəm” 


Ü.Məmmədli: 

- Mən həyatda insanları olduğu kimi qəbul edirəm. Biz Bəxtiyarın hərəkətini eşidəndə ilk anda çox əsəbiləşdik. İndi o hirs soyuyub. Məhkəmə vaxtı müəyyən müşahidələrimdən bəlli idi ki, bu olacaq. Amma necə olacaq, bunu bilmirdim. Bəlkə də içəridə müəyyən əlaqələrimiz olsaydı, təsir altına düşməzdi, nəyəsə ümidi qalardı. Təcridxanada tək qalıb, yaşı azdır. Məmməddən bir yaş balacadır. Bu bir prosesdir. İnsanlar var qoşulurlar, müəyyən mərhələyə qədər gedirlər, sonra dayanırlar. Amma xalq kimin kim olduğunu bilir. Televiziyadan baxanda da bilirlər ki, onu məcbur ediblər, o da danışıb. Əks effekt verir etdikləri. 

Z.Qurbanlı: 

- Mən deyim ki, artıq aprel ayında, aclıq aksiyasına qədər, biz məhkəməyə gedib gələndə görürdük ki, o, tam soyuyub bizdən. Hər dəfə soruşurduq ki, nə baş verib, demirdi. Mən elə fikirləşirəm ki, o həmin vaxtdan qərarını vermişdi. Hətta ilk bu müraciəti yazandan sonra Şahin ondan bunun səbəbini soruşubmuş. O yenə də “uşaqlar düz eləməyib, mən düz eləmişəm”, deyibmiş. Biz bu prosesə başlayanda təxmin edirdik ki, nələr ola bilər. Kimisə həbs edə bilərlər, kiminsə valideynləri dözməyə bilər. Ona görə də peşmançılıq söhbəti yoxdur. Bəxtiyarın elədiyi bizi peşman eləmədi. Hərənin potensialı bir yerə qədərdir. 

- Üzeyir bəy, səhv etmirəmsə, həbsdən çıxandan sonra Bəxtiyarla görüşmüsüz. Nə danışdız, olanlarla bağlı nələr dedi? 

Ü.Məmmədli: 

- Planlaşdırılmamış görüş idi, qəfil baş tutdu. İnsanlıq naminə görüşdük. Dedim ki, “get həyatını yaşa. Gərək belə olmayaydı, amma oldu, bundan sonra da heç nəyi dəyişmək olmaz. Bizlə də ünsiyyət axtarma”. 

- Kənardan hər şey başqa görünsə də, türmə həyatının öz özəllikləri var. Bayırdan gələn xəbərlər, məktublar, yazılar... Bir siyasi məhbusa, sizin kimi gənclərə sınmamaq, ayaqda qala bilmək üçün nələr kömək edirdi? 

Ü.Məmmədli: 

- Biz həbsə hazır idik. Və bütün bunları da kimsə bizə sonradan dəstək versin deyə etməmişik. Məktublar, dəstək insanın əhvalına bir müddət xoş təsir göstərir. Amma böyük mənada götürəndə şəxsən mənimçün onlar həlledici rol oynamırdı. Çıxandan sonra da çoxları yaxınlaşır ki, bağışla, sənə məktub yazmadım-filan. Deyirəm ki, mən heç gözləmirdim də. 

Z.Qurbanlı: 

- Üzeyirin dedikləri ilə razıyam. Amma məktubun göndərilməsi xoş təsir edir. Məhbusun psixoloji cəhətdən ayaqda dayanması üçün belə şeylər lazımdır. İndi məktublar getmir təəssüf ki. Məncə hökumət kimisə siyasi məhbusa “sizi dəstəkləyirəm” məktubu yazdığı üçün həbs etməz. Amma yazmırlar, yollamırlar. Hökumət bu ictimai sektoru necə çökdürübsə, insanlar məktub yazmağa ərinirlər. Əsas odu içəridəkilərə çatdırsınlar ki, onları düşünürük. Mən özümüzü nəzərdə tutmuram. İçəridə 90-a yaxın siyasi məhbus var. Niyə onlara yazmırsız? O adam içəridə, dar bir hücrədə oturub düşünür. Yazacağınız bir kəlmə söz ona böyük dəstək verə bilər. 

Həbsdə insanların bir-birinə hörməti, anlayışı daha çoxdur, nəinki bayırda” 


- Türmədə olanda sizi ən çox hansı hadisə sarsıtmışdı? Mən ictimai sektorda baş verən həbsləri, məhkəmələri nəzərdə tutmuram, şəxsi mənada soruşuram.

Ü.Məmmədli: 

- Rəşadətin babasının intiharı, Şahinin atasının ölümü... Vicdan əzabı vardı... Çox hadisələr baş verib ailəmizin həyatında, təzyiqlər olub... Amma o zaman danışmamışdıq, indi də danışmıram. 

Z.Qurbanlı: 

- Məndə də eyni hadisələr. Bir də Azərbaycanda demokratiya ilə bağlı ümidlərin azalması. Şahinin atası rəhmətə gedəndə yaşadıqlarımız isə bir ayrı mövzudur. Mən Şahinlə eyni kamerada qalırdım. Ömrümdə elə ağır vəziyyətə düşməmişdim. Bir gün uzandı, yerindən qalxmadı. Bir təhər onu razı saldım ki, namaz qılsın. Dua oxudu. Ondan sonra özünə gəldi. Bədəni əsirdi, fasiləsiz olaraq. Bir də Nelson Mandelanın ölümü mənə pis təsir etdi. 

- Bundan sonrakı həyatınızla bağlı planlarınızı qurmusuzmu? 

Ü.Məmmədli: 

- Plan qurmağa içəridən başlamışıq. Bizimçün iş imkanları çox çətindir. Bizə iş verəni zərbə altında qoyarıq. Şansımızı yoxlamamışıq hələ, çünki sənədlərimizi almamışıq. Amma təhsilimi xaricdə davam etdirmək istəyirəm. Hələliksə dostlar içəridədir, bütün bunlar barədə onlar azadlığa çıxandan sonra danışmaq olar. 

Z.Qurbanlı: 

- İctimai fəaliyyət olaraq NİDA-dayıq. Şəxsi həyatda isə yenə də uşaqların azadlığa çıxmasını gözləyirəm ki, toy olsun. İş mənasında isə inanmıram ki, kimsə iş versin bizə. Gizlətmək də mümkün deyil (gülür). Əmək kitabçasında bir boşluq var. Digər tərəfdən mediada da barəmizdə çox yazılıb. Amma magistr təhsilimi xaricdə davam etdirməyi istəyərəm. 

- Hər ikinizin dilindən “xarici ölkədə təhsil” sözlərini eşitdiyimə görə, bu sualı verməliyəm: Mühacirət etməyi düşünürsüz? 

Z.Qurbanlı: 

- Xeyr. Mən ancaq bu ölkədə yaşaya bilərəm. Xaricdə müvəqqəti qala bilərəm. 

Ü.Məmmədli: 

- Xeyr. Bunu təhsilimizə və şəxsi həyatımıza, şəxsi inkişafımıza vaxt ayırmaq üçün bir qədər fasilə kimi dəyərləndirmək lazımdı. Hər ikimiz hüquqşünasıq və təhsilimiz BDU-nun bakalavrıdır, bunu inkişaf etdirməliyik. 

- Zaur bəy, həbsdə olanda sizin yolunuzu gözləyən bir nişanlınız da vardı.

Məktublaşmalar, 8 il iş alandan sonra onun verdiyi təpki... Bunlar da çox maraqlıdır. Sizdən bir də bunun hekayəsini eşitmək istəyərdim. 

Z.Qurbanlı: 

- O qədər iş veriləndən sonra təbii ki, nişanlımın ailəsində də narahatçılıq vardı. Deyirdilər ki, 30 yaşa qədər gözləmək olmaz. Amma adam sadiq oldu. Dedi ki, 8 yox, 18 il də versələr, mən gözləyəcəm. 200-300 vərəq məktubumuz var. Hətta mən ona demişəm ki, məni gözləməsən, sənə hörmətim azalmaz, anlayaram. O da cavabında “mən səni sənə görə yox, özümə görə gözləyirəm”, deyib. 

- Üzeyir, sizin yolunuzu gözləyən olubmu? 

- (gülür) Olub və var. Amma bu barədə danışmağı çox sevmirəm. 

Z.Qurbanlı: Və maraqlıdır ki, hər ikimizin münasibətimiz türmədə olanda başlayıb. Düzdü mən Güneli (nişanlısı) əvvəldən də tanıyırdım, amma türmədə sevgili olmuşuq, sonra ailələr arasında get-gəl o vaxt başlayıb. 

- Türmə həyatı nə öyrətdi, nə verdi sizə? Digər məhbusların sizə münasibəti necə idi? 

Ü.Məmmədli: 

- Türmə elə yerdir ki, azadlıqda kim olmağının heç bir əhəmiyyəti yoxdur. Ora düşürsən, yeni həyat başlanır. Sənə içəridəki hərəkətlərinə görə qiymət verirlər. Kamera yoldaşları ilə münasibətlər pis də ola bilir, yaxşı da. 24 saat eyni yerdəsiz və bu, aylarla davam edir. Hətta ər-arvad 24 saat bir yerdə olanda belə bir qarışıqlıq olur. Amma yaşadığımız problemlər indi bizə xoş xatirə kimi görünür. 

Z.Qurbanlı: 

- Orda girib heç kimə “mən cinayət törətməmişəm” deyə bilməzsən. Çünki orda cinayət törətməmək yox, törətmək hörmət gətirir (gülür). Oturub danışanda siyasi məhbus sözünü başa sala bilmirsən. Çünki onlar həqiqətən elə bilirlər ki, siyasi maddələr var, sən ona görə tutulmusan. Amma onlara bayırdakı siyasi marjinal mübarizədən danışırsan, izah edirsən ki, siyasi məsələlərə görə, amma narkotik maddəsinə görə tutulmusan, anlayırlar. 

Ü.Məmmədli: 

- Həbsdə, içəridə qaydalar daha fərqlidir. İnsanların bir-birinə hörməti, anlayışı daha çoxdur.. İnsanların aqressiyası, hörmətsizliyi bayırda özünü olduqca qabarıq göstərir. Bəlkə də bu, psixoloji nüansdır ki, düşünürlər, içəridədilər, başqa şansları yoxdur, aqressiya yüksələndə arzuolunmaz hadisələr baş verə bilər. İdeya sözü içəridə çox işlənir. Onların arasında müəyyən səviyyəyə çatmış adamlarla danışmaq daha asandır.

****
Gənclər həbs hekayələrini danışıb, redaksiyadakılarla görüşüb, getdilər. Biz onlara kiçikli-böyüklü, ancaq uğurlar arzulayırıq. 

Sevinc TELMANQIZI 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR