İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağır seyidin əhvalatı

1888 23.07.2023 23:14 Yazarlar A A

İyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi Mirələkbər Seyidovun şərti məhkum edilməsi haqda qərar çıxartdı. Halbuki, prokuror ona 8 il həbs cəzası istəmişdi.

Hakim Mirələkbər müəllimin dəyən ziyanı ödəməsini və yaşını nəzərə almış, ona görə azadlıqda saxlamışdır. Ümid eləyək hər halda Mirələkbər müəllimin yaşı şərti məhkumlar üçün olan müəyyən prosedurları həyata keçirməyə imkan verər, çünki onun neçə il yaşadığı haqda əlimizdə dəqiq faktlar yoxdur. Şərti məhkumluq şərtləri isə zəngindir. Məsələn, ayda bir dəfə idarəyə gedib qeydiyyatdan keçmək. Yaxud, kimisə işə düzəltmək...

Son cümləni havadan yazmadım, mənası var. Söhbət ondadır ki, bu məhkəmə işi hüquq ədəbiyyatlarına salınacaq qədər maraqlı, komediyası çəkiləcək qədər də məzhəkəli iş idi. Nəyə görə? İlk növbədə, Mirələkbər müəllim özü keçmiş prokuror olduğu üçün. İkincisi, işdə zərərçəkən, ismi-şərifi Həsən Əliyev olan yoldaş da məhkəmə hakimi işləyibmiş. Və Mirələkbər müəllim Həsən müəllimdən 200 min dollar alıbmış ki, onu rayon məhkəmələrindən birinə sədr düzəldəcəkdir. Lakin düzəldə bilməyibdir.

Deyə bilərsiniz burda qeyri-adi nə var? Bir prokuror bir hakimin məhkəmə sədri qoyulmağına vasitəçilik edibdir. Əsl dövlətçilik mövqeyidir. Vətəndaş aktivliyidir. Canım sənə desin, daxili sabitliyimizə xas əlamətdir. Və sairə - bu xarakteristikaları hara qədər istəsəniz uzada bilərdim, isti havadır, oxuculara yazığım gəlir. Söhbət ondan gedir ki, həm müttəhim eks-prokuror, həm zərərçəkən eks-hakim indiyəcən bir neçə dəfə məhkum olunublar! Dələduzluq, vəzifə səlahiyyətlərini aşma, rüşvətxorluq və sairə çeşidli, zəngin məcəllə maddələriylə. Məsələn, Həsən Əliyev 2015-ci ildə Gəncə məhkəməsinin qərarıyla 7 il azadlıqdan məhrum olunmuşdu. Necə deyərlər, su axıb, çuxurunu tapıbmış.

İndi ortaya təbii sual çıxır ki, Həsən Əliyev məhkəmə sədri keçmək üçün 200 min dollar hazırlayanda, bunu Mirələkbər Seyidovdan daha etibarlı birisinə verə bilməzdimi? Görünür “işədüzəltmə bürolarımızda” namuslu adamlar tapmaq artıq çətinləşibdir. Hər cür vicdansız aradüzəldən, makler yaranıb. O ona atır, bu buna kələk gəlir... Belə getsə hüquq-mühafizə orqanlarımızın cəmiyyət arasında nüfuzuna xələl yaranacaqdır, Allah eləməsin. Bu nüfuzun azalmaması üçün Mirələkbər müəllimin cəddinə nəzir deyirəm.

Sözgəlişi, Həsən müəllimin halal yolla, uşaqların boğazından kəsib yığdığı 200 min dolları Mirələkbər müəllimə etibar etməsində, güman edirəm, onun ağır seyid olması müəyyən rol oynayıbdır. Mirələkbər, üstəlik Seyidov – bu, bütün parametrlər üzrə ağır seyidliyə dəlalət edir, hələ mən dəqiqləşdirə bilmədiyim məlumatlara görə Mirələkbər müəllim naxçıvanlıdır, yəni, üçqat seyiddir.

Hər halda, gəlin etiraf edək ki, zəhmətkeşlərimiz, məsələn, adı şərti olaraq “Zamin Hacı” olan birisinə gətirib heç 2 dollar da etibar etməz. “Məni uşaqların məhəllə futboluna hakim düzəlt” sifarişiylə. Ad Mirələkbər, soyad Seyidov olanda qarlı dağlar da əriyir, məhkəmə sədrliyi üçün 200 min dollar nəmənədir...

Elə BACM-ın (Bakı Ağır Cinayətlər Məhkəməsi) keçmiş prokurora şərti cəza verməsində, hesab edirəm ki, ziyanın ödənilməsi və müttəhimin ağsaqqallığı ilə yanaşı seyid olması da müəyyən rol oynamışdır. Hansı hakim cürət edib seyidə cəza verə bilər? Adamın maşını xarab olar, heç Qəbələyə kabab yeməyə gedə bilməz. Göydən başına meteor yağar.

Yazını da uyğun olaraq hörmətli Seyidimizdən (Əzim Şirvani) bir misra ilə bitirirəm. Mövzuya dəxli yoxdu, simvolik olaraq:

Aldı imanımı əldən, məni bidin elədi,
Aşina olmanam ol kafərə bundan sonra.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR