İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdam teatrının direktoru: "Bəzən bir aktyorun arxasınca bölgələrə gedib, onu teatra dəvət edirəm" FOTO

1008 27.11.2021 21:26 Mədəniyyət A A


Ağdamın işğaldan azad olunmasının bir illiyi ərəfəsində Lənkəran Dövlət Dram Teatrı rayonun Quzanlı qəsəbəsində yerləşən Ağdam Dövlət Dram Teatrında tamaşa ilə çıxış etdi. Tamaşadan sonra Ağdam Teatrının direktoru Məhəmməd Hüseynovla söhbətləşmək imkanımız oldu.

Xatırladaq ki, Ağdam Dram Teatrı hələ ötən əsrin əvvəllərindən fəaliyyət göstərib. Ağdam şəhəri işğal olunana qədər teatr ən görkəmli əsərləri səhnələşdirib, bölgə teatrları arasında xüsusilə fərqlənib. Lakin 1993-cü ildə Ağdam şəhəri işğal olunanda onun məşhur teatr binası da erməni vandalları tərəfindən vəhşicəsimə darmadağın edilib.

Hazırda həmin binanın yalnız bir neçə sütunu qalıb. Teatrın kollektivi isə müxtəlif illərdə köç həyatı yaşamaq məcburiyyətində qalıb və sonradan rayonun Quzanlı qəsəbəsində yerləşən mədəniyyət evinə yerləşib.

Musavat.com Məhəmməd Hüseynovla söhbətimizi təqdim edir:

-Bu gün Ağdam Dövlət Dram Teatrı necə fəaliyyət göstərir? Teatrın əsas problemləri nədən ibarətdir?


- Bildiyiniz kimi 1993-cü ildə Ağdam işğal olunanda onun teatr binası da dağıdıldı. Eləcə də kollektivi bir-birindən tamam ayrı düşdü, hərəsi ayrı-ayrı bölgələrdə yaşamaq məcburiyyətində qaldı. İndiki kollektiv də təxminən 2000-ci illərdə teatra cəlb edilən sənətçilərdir. Beləliklə teatr 2004-cü ildən  Ağdam rayonunun Quzanlı qəsəbəsində davam etməyə başlayıb. 2011-ci ildə Quzanlı mədəniyyət evi əsaslı təmir olunaraq teatrımızın istifadəsinə verilib.

- Yəqin ki, Ağdamın işğaldan azad olunması sizə xüsusi stimul verib. Teatrınızın hazırkı yaradıcılığı, fəaliyyəti haqında danışmağınızı istərdik. Qastrol səfərləriniz olurmu? Tamaşaçılardan razısınızmı?

- Özünüz də şahidi oldunuz ki, bu gün Lənkəran Dövlət Dram Teatrı bizim teatrın səhnəsində tamaşa ilə çıxış etdilər. Demək olar ki, Ağdam işğaldan azad olunandan sonra teatrımıza ilk qastrol səfəri Lənkəran teatrı etdi. Bu ilin iyul ayında teatrlarımız arasında əməkdaşlıq müqaviləsi bağlanıb. Müqaviləyə əsasən hər iki kollektiv arasında yaradıcı münasibətin qurulması, qarşılıqlı qastrol səfərlərinin təşkili, rejissor və aktyor mübadiləsi, texniki dəstək, yaradıcı görüşlər və təcrübə mübadiləsi nəzərdə tutulur. Lənkəran Teatrı tez-tez İran və digər ölkələrdə qastrol səfərlərində olur. Düşünürük ki, onların dəstəyi ilə biz də həmin ölkələrə qastrol səfərlərə gedə biləcəyik.

Ağdam Teatrına gəldikdə isə, bildiyiniz kimi bu teatr çox böyük yaradıcılıq yolu keçib. Teatr 1904-cü ildə M.F. Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyeslərinin tamaşaları ilə açılıb.

Təsəvvür edin ki, o zamanlar digər bölgələrdə qız-gəlinlərimiz qara çarşabda gəzəndə Qarabağ qızları çıxıb səhnədə tamaşa oynayıblar.

2014-cü ildən Ağdam Teatrının rəhbəri rəhbəriyəm və bu günə qədər hələ bir dəfə də olsun hansısa tamaşamız təxirə salınmayıb, daima işimizdə məsuliyyətli olmuşuq. Ümumiyyətlə, Ağdam Dram Teatrı hər zaman öz işinə məsuliyyətli yanaşıb. Zamanında teatrın yaradıcılarından olan Qaflan Muradov "Leyli və Məcnun" tamaşasında Məcnunun atası rolunu oynayırmış. Tamaşaya üç gün qalmış onun nişanlı oğlu ürəktutmasından keçinir. Hadisəyə görə tamaşanı qırx gün təxirə salmaq istəyəndə Qaflan Muradov buna razı olmur və tamaşa günü səhnəyə çıxır. Tamaşanı izləyən tamaşaçılar ayırd edə bilmirlər ki, ah-nalə edən nakam gedən oğlanın yoxsa Məcnunun atasıdır. Yəni, hər zaman teatrın kollektivi öz işinə can yandırıb, məsuliyyətli olub. İldə dörd tamaşa vermək əvəzinə bəzən daha çox tamaşa təqdim edirik, hər bir şey də öz hesabımıza. Məsələn, hazırda iki tamaşa üzərində işləyirik.

Tamaşaçılardan da razıyıq. Özünüz də bu gün şahidi oldunuz ki, tamaşaçılar soyuq zalda tamaşanı sona qədər maraqla izlədilər.

- Hazırda kollektiviniz neçə nəfərdən ibarətdir? Ümumiyyətlə, kollektivinizin bütün üzvləri peşəkar aktyor və aktrisadır?

- Müharibəyə qədər teatrımızda çalışan bütün aktyor və aktrisalar indiki Mədəniyyət və İncəsənət Universitetinin məzunları olub. Bir neçə ilə qədər teatr studiyası var idi, orada həvəskar aktyor və aktrisalar çox böyük hazırlıq prosesi keçir, peşəkarlar onlara səhnə danışığı  davranışı keçirdi. İndi isə eşidəndə ki, kimsə hansısa yaxın bölgədə Mədəniyyət və İncəsənət Universitetini bitirib gəlib, özüm həmin rayona onun arxasınca gedib, teatrımıza dəvət edirəm.

Kollektivimiz bir çox bölgələrdə, o cümlədən Neftçalada, Salyanda, Tərtərdə, Yevlaxda və digər yerlərdə qastrol səfərlərdə olmuşuq. Xarici qastrollara isə Lənkəran Teatrının rəhbərliyinin lobbiçiliyi ilə həyata keçirəcəyimizə ümid edirik.

Aktyor və aktrisalarımızın sayına gəldikdə isə, hazırda sayı 26 nəfərdir. Amma gələcəkdə daha çox olacağını gözləyirik. Lakin tam əminliklə deyirəm ki, təqdim etdiyimiz tamaşaların səviyyəsi  heç də Bakıdakı tamaşalardan zəif deyil. Bunu tamaşalarımızı əyani izləyən tamaşaçılarımız da qeyd edə bilər.

Xalidə Gəray
Foto müəllifindir
Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR