İnsanlara hürriyət, millətlərə istiqlal!

AĞADADAŞ AĞAYEV VƏ HADI RƏCƏBLİ

1527 26.08.2010 06:30 Yazarlar A A
Hər nədisə, AzTV-yə marağımın artdığını etiraf etməyi özümə borc bilirəm. Xüsusilə “Ovqat” verilişini artıq neçənci dəfədir izləyirəm. Düzdür, arada başqa kanallara da çevirirəm, daha maraqlı bir veriliş axtarıram, amma tapmıram və yenə də ovqatımı “Ovqat”la kökləyirəm. Srağagün axşam verilişin qonağı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli idi. Cənab deputat həyatından, dostlarından, yaşam tərzindən danışdı. Səmimi olmağa çalışdı.
Buna nə dərəcədə nail oldu, deyə bilmərəm. Şəxsən mən bu hökumətin sosial, iqtisadi siyasətini dəstəkləyən adamların səmimiyyətinə inana bilmərəm. Fərqi yoxdur, o, hansı mövzuda danışır, nələr danışır.
Verilişin bir qonağı da xalq artistimiz Ağadadaş Ağayev idi. Bu müğənnini uşaqlıqdan xoşlayıram. Böyük bacılarım onun mahnılarını çox dinləyirdilər, mən də onlara qoşulurdum. Əvvəllər daha çox məhəbbət mahnıları ifa edərdi. Sonralar Ağadadaş Ağayevin oxuduğu mahnıların mövzuları çoxaldı. Və başladı mədh etməyə. Amma bu, mənim ona simpatiyama mənfi təsir göstərmədi. Ümumiyyətlə, bir neçə müğənni var ki, onları mədhiyyə oxuduqları üçün qınamıram. Məsələn, Zeynəb Xanlarova, Niyaməddin Musayev. Çünki onlar bunu həm çox normal şəkildə edirlər, həm də əvvəldən edirlər. Bu insanlar mədh etdikləri siyasətçinin - Heydər Əliyevin pis günündə də onun yanında olublar, yaxşı günündə də.
Ağadadaş Ağayev isə... O, niyə bu cür mahnılar oxuyur deməkdənsə, o, niyə bu cür mahnılar oxumamalıdır sualı daha düzgün olar. Ölkədə faktiki at oynadan məmurlardan birinin yaxın dostudur, dolanışığı yüksək səviyyədədir. İstedadı sayəsində şou-biznes aləmində üç-beş imkanlı müğənnidən biridir. Onun bu hakimiyyətdən narazı qalmasına səbəb yoxdur yəni.
Qayıdaq “Ovqat” verilişinə. Veriliş sona çatanda Hadı Rəcəbli Ağadadaş Ağayevin “Yarı məndə, yarı səndə” mahnısını çox sevdiyini dedi. Qeyd etdi ki, Ağadadaş müəllim də bunu bilir və adətən o, xanımı ilə məclisə daxil olanda həmin mahnını ifa etməyə başlayır. Bu yerdə hətta Hadı Rəcəblinin xanımı ilə hansısa məclisdə həzin rəqs etdiyi anın fotosunu nümayiş etdirdilər.
Sonra söz verildi Ağadadaş Ağayevə. Aparıcının ona öz ürək sözlərini musiqi ilə deməyi təklif etməsindən sonra müğənni bir-iki kəlmə söz demək istədiyini bildirdi. Bəyəndiyim sənət adamları bu cür verilişlərdə söz demək istəyəndə həyəcanla gözləyirəm ki, indi başlayacaq, ay hökumətimiz belə gəldi, ay ölkə başçısının siyasəti elə getdi, nə oldu. Amma Ağadadaş Ağayev bunu etmədi. O, Hadı Rəcəblidən xahiş etdi ki, efirdəcə pensiyaların artırılacağına söz versin və pensiyaçıları sevindirsin.
Millət vəkili isə yenə öz ampluasında idi. Onun məntiqindən belə çıxdı ki, guya hökumət maaş və pensiyaların artımına ona görə getmir ki, bu, bazarda qiymətlərin həddən artıq bahalaşmasına səbəb ola bilər. Deputat təxminən belə bir ifadə də işlətdi: “İndi siz özünüz fikirləşin, maaş və pensiyaların indiki səviyyədə qalması və bazarlarda ucuzluq olması yaxşıdır, yoxsa artım edilməsi və bahalıq yaranması?”
Pensiya və əməkhaqqı artımına qarşı bir xeyli mühazirə oxuduqdan sonra Hadı müəllim nəhayət ki, “müjdə” verdi: “Möhtərəm prezidentimiz pensiyaların baza hissəsinin və minimum əməkhaqqının artırılacağını deyib. Biz də gözləyirik”.
İndiki maaş və pensiya indiki bazar qiymətlərinə guya çox uyğun imiş...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR