İnsanlara hürriyət, millətlərə istiqlal!

«Ağ şəhər» layihəsindən kənarda qalanlar: “Kömək edin...” - REPORTAJ, FOTOLAR

5206 24.05.2016 16:39 Reportaj A A
Bir neçə ildir «Ağ şəhər» layihəsinin salınmasına başlanıb. Bu layihə özlüyündə möhtəşəmdir və Bakının daha da gözəlləşməsinə töhfəsini verməkdədir. Lakin tikinti ərazisində qalan 200-ə yaxın ailəni çətin duruma düşüb. 

Musavat.com saytına müraciət edən həmin sakinlər bildiriblər ki, qəsəbədə yaşayan ailələrin böyük hissəsi köçürülsə də, geridə qalanların səsinə-səs verən tapılmır. Belə ki, bir müddət söküntülər gedən zaman ev sahiblərinə hər kvadratmetr üçün 1000 manat təklif edilirdi. İndi isə ümumiyyətlə puldan bəhs edən yoxdur. 

Sakinlər deyirlər ki, ətrafda qazıntı və söküntü işləri davam edir. Amma onlara "pul yoxdur" deyirlər: "Devalvasiyadan qabaq işlər sürətli gedirdi. Camaatı köçürürdülər. İndi isə pul təklif edən, köçürməkdən danışan yoxdur. Deyirlər, "pul yoxdur". Pul yoxdursa bu qazıntı işləri necə aparılır? Nə səs-küydən, nə də toz-torpaqdan burada yaşamaq mümkün deyil. Bütün toz-torpaq ciyərlərimizə gedir. Xəstəlik tapmışıq.


Bünövrələr qazılır, traktorlar işləyir, iş dayanmır. Evlər həm yük maşınlarına görə, həm də qazıntılara görə silkələnir. Divarlarda çatlar əmələ gəlib. Nə işi saxlayırlar, nə də bizi köçürdürlər. Sonumuz Allaha qalıb". 

Narazı sakinlər köçməyə razıdırlar, sadəcə köçürən yoxdur

Sədaqət Əliyeva deyir ki, təklif olsa köçməyə hazırdırlar: "Camaatı narazı salmadılar. Kimin evinin kvadratı normal idi, pulunu aldı və getdi. Kvadratı az olanlara isə əlavə ödənişlər etdilər. Biz isə qalmışıq. Əvvəl hər kvadratmetrə görə 1000 manat verilirdisə, indi bunun dəqiq miqdarı da bilinmir. Hamımız köçmək istəyirik. Kim belə şəraitdə yaşamaq istəyər? Marşrut işləmir, təcil yardım çağıranda gəlmir, yollar bərbad. Gedib-gəlmək min əziyyətlə başa gəlir. Piyada, yayda toz-torpaq içində, qışda da palçıqla əsas yola çıxırıq ki, avtobusa minək. 


Ötən gün nəvəm xəstələnmişdi. Həkimə apardım. Uşağı yoxlayan həkim dərhal dedi ki, "Siz harada yaşayırsınız? Uşağın ciyəri toz-torpaq içindədir". Hamımız bu vəziyyətdəyik. Külək vurur, hər tərəf toz olur. Elə bil ki, Ərəbistan səhralarıdır". 

Sakinlərin sözlərinə görə, hazırkı durum maddi olaraq da ziyana salır: "Yollar bərbad vəziyyətdədir. Ağır tonnajlı yük maşınları keçirlər. Buna yol dözər? Hələ də burada yaşayan sakinlərdən bir neçəsinin köhnə avtomobili var. Onlar da sökülüb-dağılır. Bir az pulumuz var, onu da ustalara veririk". 

Məlumat üçün bildirək ki, sahəsi 221 hektar olan “Ağ Şəhər” layihəsi üzrə yaşayış, iş, istirahət və əyləncə üçün ən yaxşı şərait təqdim edəcək şəhər tipli 10 universal kvartalın yaradılması nəzərdə tutulub. Bakının müasir mərkəzi həm də şəhər nəqliyyatının yeni şəbəkəsinin yaradılması sayəsində universal olacaq. 


Belə ki, “Ağ Şəhər”in mərkəzi meydanına çıxışı olan metro stansiyasının inşa olunması, avtobus nəqliyyatı şəbəkəsinin inkişaf etdirilməsi nəzərdə tutulub. Bütün sahil boyu tramvay xəttinin çəkilməsi də planlaşdırılır. Həmçinin su nəqliyyatından istifadə edilməsi üçün bulvar xətti boyu dəniz yolunun salınması da planlaşdırılıb.


Artıq “Ağ Şəhər” layihəsinin infrastruktur kommunikasiyalarının işçi layihələri işlənib hazırlanıb. O planlar layihənin həyata keçirilməsi prosesinə cəlb edilmiş “Azəryolservis”, “Azərenerji”, “Azəriqaz”, “Aztelekom” və bu kimi müvafiq dövlət təşkilatları ilə razılaşdırılıb. 

Layihə üzərində işləmək üçün azərbaycanlı mütəxəssislərlə yanaşı, mühəndis dizaynı sahəsində ixtisaslaşan “Atkins” (Böyük Britaniya), “Foster + Rartners” və “F+A Architects” kimi məşhur memarlıq şirkətləri də prosesə cəlb edilib. 

Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR