İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evin məsul şəxsi Tramp haqqında imzasız sərt yazı yazdı

1205 06.09.2018 14:57 Dünya A A

ABŞ prezidenti “Nyu-York Tayms” qəzetindən o şəxsi tələb edir – “Adını açıqlamağa məcbursunuz!”

Ağ Evdə vəzifəli bir şəxs “Nyu-York Tayms” qəzeti üçün kimliyini açıqlamadan bir məqalə qələmə alıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən məqalədə ABŞ prezidenti Donald Trampa qarşı administrasiya içində baş qaldıran dirəniş barədə detallar var.

Hökumət yetkilisi “Tramp administrasiyası içindəki dirənişin parçasıyam” başlıqlı mövqe yazısında aşağıdakıları yazıb: “Tramp gedənə və ya vəzifədən çıxarılana qədər gündəmini və ölkə üçün pis nəticələr doğura biləcək hərəkətlərini səssizcə əngəlləmək üçün çalışırıq”.

Məqaləni yazan yetkilinin adı açıqlanmasa da, cümhuriyyətçilərdən və rəhbərlik içindəki “dirənişçi qrupdan” olduğunu bu sözlərlə ifadə edir: “Bilirəm, çünki mən də onlardan biriyəm. Daha açıq olmaq lazımdırsa, bizimki soldan çıxan bir dirəniş deyil. Biz rəhbərliyin daha böyük uğur qazanmasını istəyirik. Tramp bir respublikaçı olaraq seçilmiş olsa da, prezident mühafizəkarların mənimsədiyi müstəqil ağıl, sərbəst bazarlar və müstəqil xalq ideallarına yaxınlıq göstərmir”.

Tramp “Nyu-York Tayms” qəzetində yayımlanan məqalə haqqında “qorxaqcasına” dedi və adı gizli saxlanılan yetkiliyə səhifələrini açan qəzeti də tənqid etdi. "Bu adam gerçəkdirsə, beynəlxalq təhlükəsizlik nöqteyi-nəzərdən “Nyu-York Tayms” bu şəxsin kim olduğunu açıqlamalıdır”.

Məqalə təcrübəli jurnalist Bob Vudvordın Ağ Evdə Trampın qərarlarının əngəllənməsi üçün aparılan intriqaları anlatdığı kitabın ayrı-ayrı hissələrinin “Vaşinqton Post” qəzetində paylaşılmasından bir gün sonra dərc olunub.

“Nyu-York Tayms”dakı məqalədə yetkili Trampı “əxlaqsız”, “ticarət və demokratiya əleyhdarı” adlandırıb və ABŞ prezidenti haqqında “lazımi qədər məlumat sahibi olmadan, yetişməmiş və zaman-zaman laqeyd qərarlar verməyə meylli” ifadələrindən istifadə edib.

Məqalədə Ağ Evdəki bir qrup məsləhətçinin də Trampın vəzifədən çıxarılması üçün ABŞ konstitusiyasının 25-ci əlavə maddəsini gündəmə gətirməyi düşündüyü, amma sonunda vaz keçdiyi də qeyd olunub: “Amma heç kimsə bu konstitusiya qalmaqalına zəmin hazırlamaq istəmədi. Yəni, bu durum hansısa formada sona çatana qədər rəhbərliyin doğru yola qayıtması üçün əlimizdən gələni edəcəyik”.

Yetkili yazıda özlərini Ağ Evdəki “qəhrəmanlar” olaraq təqdim edib və Trampın bəzi köməkçiləri mediada “pis adam” elan edilsə də, arxa planda hər nə qədər uğursuz olsalar da, Ağ Evdə verilə biləcək pis qərarlara mane olmaq üçün çalışdıqlarını yazıb. Yazı müəllifi amerikanlara belə səslənib: “Bu xaotik zamanlarda yazdıqlarım sadəcə bir kasıb təsəllisi olacaq, amma amerikalılar Ağ Evdə böyüklərin də olduğunu bilməlidir. Nələr yaşandığının tamamən fərqindəyik. Və Donald Tramp etməsə də, biz doğru olanı etməyə çalışırıq. Nəticə isə hər tərəfdən idarə olunan prezidentlikdir”.

Yazı müəllifi “hər tərəfdən idarə olunan prezidentlik” anlayışına xarici siyasətdə Cənubi Koreya və Rusiya ilə münasibətlərdə verilən qərarları nümunə göstərib: "Prezident Tramp Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In kimi avtokratlar və diktatorları tərcih edir kimi bir təəssürat yaratmağa çalışır və bizimlə bənzər fikirlərə müttəfiq dövlətlərlə qurulan bağları da lazımi qədər təqdir etmir. Ağıllı müşahidəçilər isə rəhbərliyin geri qalanının fərqli bir qoldan irəlilədiyinin fərqindədir. Bu qol Rusiya kimi daxili işlərə müdaxilə etdikləri üçün cəza aldığı, dünya miqyasındakı müttəfiqlərin rəqib yox, ortaq hərəkət edilən ortaqlar olaraq görüldüyü bir sahədir”.

Tramp bu məqalə ilə bağlı “utancverici” deyib və yazdığı tveettə də “Nyu-York Tayms”a müraciət edib: “Əgər hakimiyyətdə bu üst səviyyədə təmsilçi həqiqətən də varsa və bu, qəzetin başqa bir fırıldaq qaynağı deyilsə, əgər bu qorxaq adam gerçəkdən varsa, “Nyu-York Tayms” beynəlxalq təhlükəsizlik baxımından bu insanın kimliyini hökumətə bildirməlidir”.

Ağ Evin media sözçüsü Sara Hakkabi Sanders da rəsmi açıqlamada sərt bir dildən istifadə edərək, bu kimliyi açıqlanmayan şəxsin “ölkəsi yerinə öz eqosunu Amerika xalqının iradəsinin qabağında tutduğunu” deyib.

Tramp və Ağ Ev məqaləni yaydığı üçün “Nyu-York Tayms” qəzetini tənqid edib. Bu məqalə və məqalə ilə bağlı səsləndirilən rəylər, ifşa elementləri daha öncə ABŞ hakimiyyətində bənzəri görülməmiş bir durum olaraq dəyələndirilir. Qəzetin şərh səhifəsində çıxan məqalələr “Nyu-York Tayms”ın xəbər mərkəzi xaricində bir qurum tərəfindən hazırlanır.

Qəzet rəhbərliyi bildirib ki, məqalə müəllifi olan dövlət nümayəndəsinin kimliyini bilirlər. Qəzet kimliyi ictimaiyyətə açıqlanmayan hökumət nümayəndəsinin məqalənin yayımlanması üçün şəxsən onlara müraciət etdiyini dedi və imzasız yayımlanması qərarı ilə bu yazını onlara təqdim etdiyini deyib: "Bu, kimliyi açıqlanmayan yetkili tərəfindən qələmə alınan məqaləni yayımlamanın, belə önəmli bir baxış bucağını oxucularımıza çatdırmağın tək yolu olduğuna inandıq”.

Sevinc,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR