ABŞ prezidenti Co Bayden Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı yaranmış vəziyyətə görə məsuliyyət daşımaqdan boyun qaçırmır.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ liderinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Ceyk Sallivan açıqlamasında bildirib.
“ABŞ administrasiyasının Əfqanıstanla bağlı atdığı hər bir addıma görə məsuliyyəti öz üzərinə götürür”, - C.Sallivan Ağ Evdə keçirilən brifinqdə belə deyib.
Sallivan qeyd edib ki, onun özü, dövlət katibi, Pentaqonun rəhbəri və digər nümayəndələri, eləcə də kəşfiyyat üzvləri də məsuliyyət daşıyırlar.
“Biz milli təhlükəsizlik komandası olaraq, hər bir qərara görə, doğru və ya ideal nəticə verməyən qərara görə də məsuliyyət daşıyırıq… Bu, bizi bu vəziyyətə gətirib çıxaran və buna görə məsuliyyət daşıyan digər tərəflərin olduğunu da istisna etmir”, - deyə Ağ Ev rəsmisi əlavə edib.






