İnsanlara hürriyət, millətlərə istiqlal!

AĞ EV QURANIN YANDIRILMASINA GÖRƏ ÜZR İSTƏDİ

2853 23.02.2012 09:36 Gündəm A A
Baş vermiş insidentin böyüməməsi üçün Amerika hökuməti üzr istəyib. Əfqanıstanda Amerika qüvvələrinin komandanı Con Alen hadisə barədə xəbər tutduqdan sonra olayın qarşısını almağa çalışdıqlarını və hazırda araşdırma aparıldığını deyib. Amerikalı general Əfqanıstan Prezidenti Həmid Kərzay, ölkə hökuməti, habelə Əfqanıstan xalqından üzr istəyib.
Qeyd edək ki, NATO nümayəndələri islam dininə məxsus bəzi materiallarla qeyri-etik davranışın olduğunu etiraf ediblər. Ancaq qurumdan insidentin təfərrüatları açıqlama gəlməyib. Yayılan məlumatlara görə, bir neçə gün əvvəl Əfqanıstanın Bəhram hərbi hava bazasında ABŞ əsgərləri Quran kitabı da olmaqla bir neçə dini kitabı yandırıb. Bəhram vilayətinin rəsmisi Əhməd Kəbir mətbuata açıqlamasında bildirib ki, olay haqda məlumat bazada işləyən əfqanların yanmış Quran səhifələrini gördükdən sonra ortaya çıxıb. Sitat: “Özüm görməsəm də, görənlərlə danışdım, məsələni araşdırırıq”.
Ağ evin mətbuat katibi Cey Karni Ağ evin belə halları hər vəchlə pislədiyini bildirib: “Biz əfqan xalqından üzr istəyir və bu kimi halları hər vəchlə pisləyirik. Bu, arzuolunmaz insidentdir və əfqan xalqının dini etiqadlarına dərin hörmət bəsləyən ABŞ ordusunun apardığı siyasətə ziddir”. Ağ evin sözçüsü insidenti araşdırdığını və bu kimi halların təkrarlanmaması üçün müəyyən ölçülər götürməkdə olduğunu qeyd edib. Eyni zamanda o, “Quran” kitablarının məqsədli şəkildə yandırılmadığını bildirib.
Dövlət Departamentindən Viktoriya Nuland da oxşar bəyanatla çıxış edərək, bu hadisənin ABŞ siyasətini əks etdirmədiyini vurğulayıb: “Dini yazılara qarşı hörmətsizlik Amerikanın tolerantlıq standartlarına, insan haqlarına dair qanunlara və din azadlığına ziddir”.
Xatırladaq ki, İslamın müqəddəs kitabı olan Quranın yandırılması ilk hadisə deyil. Ötən il amerikalı yevangelist din xadimi Terri Cons, həmçinin yevangelist keşiş Ueyn Sapp da İslamın müqəddəs kitabını yandırıblar. Məhz Terri Consun müqəddəs kitaba hörmətsizliyinə cavab olaraq Əfqanıstanda baş verən etirazlar zamanı 10 BMT nümayəndəsi və çoxlu sayda yerli sakin öldürülmüşdü. Bundan başqa bu günə qədər Britaniyada keçmiş hərbçi Endryu Rayan kitabxanadan “Quran” kitabının bir nüsxəsini götürüb və Karlayl şəhərində yoldan keçənlərin gözləri qarşısında yandırıb. İsraildə də yəhudilər Quran kitabını yandırıblar.
Qeyd edək ki, Qurani - Kərim müsəlmanların müqəddəs kitabı, səmavi (təkallahlı) dinlərdə olan 4 müqəddəs kitabdan (Tövrat, Zəbur, İncil və Quran) biridir. İslam dininin müqəddəs kitabda Allahın təkliyi (tövhid), Qiyamət gününə inam (məad), o cümlədən tarix, hüquq, əxlaq, etika və sair mövzular haqqında bəhs olunur. Quran Kərimin əsrarəngiz, özünəməxsus üslubu və mükəmməl yazısı onun insan beyni məhsulu deyil, İlahi vəhy olduğunu təsdiq edir.
“(Ya Peyğəmbərim!) De: ”Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər" (Quran Kərim, İsra surəsi, 88-ci ayə).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR