İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ çay sahilindəki birləşmiş ağ şəhərlərin ağ günü - reportaj

1689 18.05.2018 11:30 Son xəbər A A

Bu dəfəki Polşa səfərim beynəlxalq bir təşkilatın xüsusi bir proqramı ilə baş tutmuşdu. Səfərdən öncə Polşanın hansı bölgəsini seçməklə bağlı tərəddüd edirdim. Axırda qərara gəldim ki, qarşımdakı bölgələrin arasında ən uyğunu Sileziyadır. Çünki Polşanın tamamilə slavyan təsiri altında qalmış şərq bölgəsindən fərqli olaraq qərb hissəsi daha çox diqqət çəkir. Hər halda bir neçə ölkənin, müxtəlif mədəniyyətlərin izlərini daşıyan şəhərlər daha maraqlıdır.

Bu dəfə qısa müddət üçün seçdiyim şəhərin adı Bielsko-Biala oldu. Polşanın ən cənubu, xəritə gözü ilə baxsaq, ən aşağı yerlərindən biri. Əslində bir ilə yaxındır şimalda yaşayan biri kimi bundan çox məmnun idim. Hər halda cənub cənubdur, soyuq Polşada olsa belə.

Bielsko-Biala Polşanın Çexiya və Slovakiya sərhədinin kəsişməsində, əlverişli bir coğrafiyada yerləşir. Burdan hər iki ölkənin sərhədinə sadəcə bir saatlıq avtomobil yolu var. Avropa Birliyi ölkələri arasında sərhədlərin açıq olduğunu nəzərə alsaq, qısa bir müddət ərzində iki əlavə ölkə gəzib geri qayıda bilərsiz. Bir ölkədən başqasına keçdiyinizi isə yalnızca restoran adlarından və yol qırağındakı rəsmi binaların üzərindəki bayraqlardan fərq edəcəksiniz.

Bielsko-Bielo iki oxşar adlı şəhərin birləşməsindən yaranıb. Hər iki şəhərin adı "bəyaz" anlamını daşıyır. Şəhər əhalisinin sayı təxminən 200 minə yaxındır. Şəhərin cənubunda Beskid dağları yerləşir. Biala çayı bu iki şəhəri, Sileziya Bielskosu və Kiçik Polşa əyalətinə düşən Bialo şəklində ayırır.

Bielsko

XIII əsrdə Opol knyazı alman kolonistlərini Sileziyanın dağətəyi bölgəsinə məskunlaşmağa dəvət etdikdən sonra, burada onların sayı çoxalmağa başladı. Opol knyazlığının bölünməsindən sonra isə Bielsko Çeşin knyazlığının tərkibinə daxil edildi. Şəhər haqqındakı ilk yazılı məlumat 1312-ci ildə knyaz I Mieşkonun tərtib etdiyi şəhər nizamnaməsidir. 1327-ci ildə Çeşin knyazlığı Bohemiya krallığının vassalı oldu. Bu tarixdən sonra Biala çayı əsrlərlə müxtəlif dövlətlərin əyalətləri arasında təbii sərhəd rolunu oynayıb.

1742-ci il Prusiya kralı Böyük Fridrix Sileziyanı işğal etdikdən sonra, Breslau sazişinə əsasən Bielsko Avstriya Sileziyasının bir hissəsi kimi Habsburq monarxiyasının tərkibinə daxil edildi. Bielsko 1870-ci ildə şəhər statusu alıb.

Biala

Eyni adlı çayın o biri sahilindəki Biala isə XVI əsrə qədər seyrək məskunlaşmış bir ərazi idi. Şəhər öz adını 1584-cü ildə almış və Krakov voyvodalığının tərkibinə daxil edilmişdi. Bialanın əhalisinin sayı Habsburqlarda başlayan katolik reformları ilə artmağa başladı. Belə ki, bu reformlardan qaçan protestant əhalinin bir qismi Biala çayı kənarına gəldi və burda məskunlaşdı. Bialaya şəhər statusu 1723-cü ildə Polşa kralı II Avqust tərəfindən verilib.

Polşanın birinci dəfə bölüşdürülməsindən, yəni 1772-ci ildən sonra Biala Habsburqların tərkibinə verildi. Protestantların şəhərdə məskən salmasına isə mane olunmadı.

Yeni tarixdə Bielsko-Bialanın taleyi Polşanın digər əksər şəhərlərinin taleyi kimidir. Avstriya-Macarıstan imperiyasının dağılmasından sonra şəhər Polşanın tərkibinə verilir, sonra isə II dünya müharibəsi və alman işğalı, yerli alman əhalinin bu işğalın yanında yer alması, şəhərdəki yəhudilərin qaz kameralarına göndərilməsi.. Yeri gəlmişkən holokost iştirakçıları arasında öz xatirələri ilə məşhur olan Roman Frister və Gerda Klein də bu şəhərdə doğulub. Onların hər ikisi, dünya müharibəsində başlarına gələnlər haqda avtobioqrafik kitab yazıblar.

Nasistlərin məğlub olmasından sonra şəhərdəki alman əhali bütünlüklə Polşanı tərk edib.

İlk təəssürat..

Şəhərə bazar günü, üstəlik, gecə çatdığım üçün yemək məsələsini həll etmək çətin oldu. Dedilər, bu gün, bu saatda yalnızca türklərin dönərxanası açıq olar. Soraqlaşıb dönərxananı tapdıq. "Alanya kebab" adlanan bu yerdə işləyən gənclərin azərbaycanlı olduğu məlum oldu. Yeri gəlmişkən, Polşaya son dönəmlər güclü azərbaycanlı axını başlayıb. Bakıdakı şirkətlər azərbaycanlılar üçün texniki işlər tapır, sonra isə onları işləməyə yollayırlar. Heç təəccüblü deyil ki, növbəti gün də eyni məqsədlə bura gəlmiş başqa bir həmyerlimizi gördüm.

Ertəsi gün şəhəri gəzmək üçün vaxt tapa bildim. Bielsko-Biala öz quruluşu ilə mənə kiçik alman şəhərini xatırlatdı. Əslində bütün Orta və Qərbi Avropanın şəhərsalma mədəniyyəti aşağı-yuxarı eynidir. Mərkəzdə bir meydan, böyük bir kilsə, onun ətrafında restoranlar, mağazalar və s.

Şəhərdə Bielsko-Biala muzeyi, incəsənət qalereyası, yəhudi məzarlığı, polyak teatrı, dəmiryol stansiyası kimi maraqlı binalar var. Muzeyin binası həqiqətən böyükdür, onu ilk baxanda meriya binasıdır deyə düşündüm.

Bundan başqa, şəhərin Şındzielna deyilən dağı var ki, burda bütün dağ əyləncələrini yaşamaq olar.

Şəhərin mərkəzi meydanı elə də böyük deyil. Təxminən yüz metr uzunluğunda olar. Bura həftə sonları daim qaynayır. Nədənsə mənə elə gəldi ki, bu şəhərdə şərabı Polşanın digər şəhərlərindən daha çox içirlər. Çünki ətrafda pivə yerlərindən çox şərab mağazaları, şərab servis edən ayaqüstü yerlər vardı.

Kiçik biznes şəhəri

Bielsko-Biala Polşanın biznes üçün ən yaxşı şəhərlərindən biri hesab olunur. Hətta 2014-cü il “Forbes” jurnalının sorğusuna əsasən şəhər əhalisinin sayı 150-300 min arası olan şəhərlər arasında "Biznes üçün ən cəzbedici şəhər" nominasiyası üzrə 3-cü yerə layiq görülüb. Şəhər tekstil istehsalına, xüsusən də avtomobil sənayesinə görə məşhurdur. Coğrafi mövqeyi, iki ölkəyə bir saatlıq məsafədə yerləşməsi də ona əlavə üstünlüklər qazandırıb.
Polşada yaşamış biri kimi bu ölkənin günəşsizliyindən çox yorulmuşdum. Bəlkə də şəhərin ya mənim bəxtimdən Bielsko-Bialaya gəlməyim həddindən artıq günəşli bir dövrə təsadüf elədi. Neçə gündür günəş var, məni hər bir halda cənubun daha yaxşı və maraqlı olduğuna inandırmağa çalışır.

Eyni zamanda bu tipli şəhərləri öz ölkəmdəkilərlə müqayisə edəndə çox məyus oluram. Bu şəhərdə yaşayan bir kanadalı tanışım, niyə Azərbaycan haqqındakı tanıtım videolarında ən çox Bakının göstərildiyini soruşdu. Deyə bilmədim ki, digərləri inkişaf eləməyib, yalnızca ortada bir iki park var, kənarları isə görməli deyil deyə göstərmirlər. Hər kəs böyüyün, güclünün yanındadır, heç kim kiçikləri gözəlləşdirməyin qayğısına qalmır.
Bielsko-Biala bunun əksi üçün əla nümunədir.

Araz Bayramov, Polşa

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR