“AĞ blok” Türkiyə dövlətinə və xalqına başsağlığı verdi
Fevralın 17-də Türkiyənin paytaxtı Ankarada baş verən terror hadisəsi qardaş ölkədə olduğu kimi, Azərbaycanda da böyük üzüntü yaradıb. Siyasi qurumlar bir-birinin ardınca Türkiyə xalqına başsağlığı verirlər.
“AĞ blok” da qardaş ölkədə baş verən faciə ilə bağlı Türkiyə dövlətinə və xalqına başsağlığı verib.
Musavat.com-a göndərilən mətndə bu sözlər yer alır: “Fevralın 17-də qardaş Türkiyənin paytaxtı Ankarada törədilmiş xain terror aktı bizi dərindən sarsıtdı. “AĞ blok” olaraq, bu terror aktını qətiyyətlə pisləyirik. Qardaş ölkənin hər zaman yanında olduğumuzu bəyan edirik. Əminik ki, bu cür hadisələr böyük ölkə olan Türkiyəni yolundan döndərə bilməz. Dünya və regionumuz böyük dəyişikliklər astanasındadır. Və bu dəyişikliklərin lokomotivlərindən biri məhz Türkiyə Cümhuriyyətidir. “AG blok” olaraq əminik ki, Qafqazda və Yaxın Şərqdə çoxdan gözlənilən sülhün qarantı bu torpaqlarda Osmanlının varisi olan Türkiyədir. Türkiyəmizin sevinci sevincimiz, kədəri kədərimizdir. Bir daha qardaş xalqımıza, ölkəmizə başsağlığı verir, şəhidlərə Allahdan rəhmət, yaxınlarına səbir, yaralananlara isə şəfa diləyirik”.
Musavat.com






