Aeroport yolundakı piyada keçidləri yenilənir - FOTOLAR
Artıq bir neçə gündür ki, Heydər Əliyev prospektinin “Böyükşor” yol qovşağından Heydər Əliyev Beynəlxalq Hava Limanı qovşağına qədər olan hissəsi boyunca yerüstü piyada keçidlərinin üzlükləri sökülür.
Bu barədə əməkdaşımıza verilən məlumatda deyilir ki, keçidlər keyfiyyətsiz materiallarla üzləndiyi üçün onların əvəzlənməsinə qərar verilib. Eyni zamanda iddia olunur ki, vətəndaşların piyada keçidlərindən istifadə edərkən havasızlıqdan əziyyət çəkməsi və bu barədə şikayətlərin çoxalması da əlaqədar qurumları hərəkətə gətirib.
Nəqliyyat Nazirliyi “Azəryolsevis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə APA-ya açıqlamasında bildirib ki, həmin istiqamətdə olan 7 yerüstü piyada keçidindən altısında köhnəlmiş üzlüklərin sökülməsi işlərinə start verilib. Piyada keçidlərində bəzi üzlüklər köhnəlib, bəzi yerlərdə isə üzlüklər dağılıb.
A.Nəcəfli deyib ki, bu, prospektin ümumi görünüşünə xələl gətirir: “Ona görə də, qərara alındı ki, daha yeni, müasir üzlüklər vurulsun. Bundan başqa, təmir işləri zamanı keçidlərin işıqlandırma sistemi tam yenilənəcək. Beləliklə, yerüstü piyada keçidləri daha gözəl görünəcək”.
Cavid TURAN,
FOTOLAR “Musavat.com”-un və APA-nındır






