ADP və Ümid Partiyası bələdiyyə seçkilərində birgə iştiraka qərar verib
Azərbaycan Demokrat Partiyası (ADP) və Ümid Partiyası “Qarabağ” blokunun tərkibində Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində birgə iştirak barədə qərar verib.
Bu barədə APA-ya məlumat verən ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, prezident və parlament seçkilərindən fərqli olaraq, bələdiyyə seçkilərində Ümid Partiyası ilə birgə iştirak daha məqsədəuyğundur: “Bu həm resurslar, həm də əhəmiyyətlilik dərəcəsi ilə bağlıdır. Ona görə də qəti qərarımız budur ki, seçkilərdə “Qarabağ” bloku olaraq birgə iştirak edək”.
S. Cəlaloğlu qeyd edib ki, blok bələdiyyə seçkilərinə hazırlıq məqsədilə müəyyən işlər görür: “Seçkilərdə iştirak niyyəti olan üzvlərimizin siyahısını aparırıq. Bələdiyyələrin statusu ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər də hazırlayırıq”.






