Bakıda dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Həbsdə olanların işinə kömək edəcəyini deyən şəxsin özü həbs edilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Müsabir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib. İttihama görə, M.Məmmədov iki nəfərə qarşı torpaq satmaq, iki nəfərə də həbsdə olan yaxınlarının işinə kömək etmək adı ilə dələduzluq edib.
Belə ki, M.Məmmədov Bakı sakini Elnur Daşdəmirovdan torpaq satmaq adı ilə 11 min manat, Rüfət Quliyevdən isə 7 min manat alıb. Bundan başqa M.Məmmədov digər dələduzluq əməlini hazırda mühakimə olunduğu məhkəmənin qarşısında edib. M.Məmmədov oğlu həbs edilən Əhməd Əliyevdən 4 min manat alıb. Bunun qarşılığında M.Məmmədov Əhməd Əliyevin oğlunun yüngül cəza almasına kömək edəcəkmiş. Digər zərərçəkmiş Samir İsmixanov da eyni üsulla dələduzluğa məruz qalıb. M.Məmmədov Samir İsmixanovun həbsdə olan atasının işini yüngülləşdirmək adı ilə ondan 5300 manat alıb. Sonuncu iki zərərçəkmişin hər biri pulu M.Məmmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin yanında olan çayxanada veriblər.
Elan olunan ittiham üzrə özünü qismən təqsirli bilən M.Məmmədov məhkəmədən dəymiş zərəri ödəmək üçün vaxt istəyib. M.Məmmədov torpaq satması məsələsi ilə bağlı ona qarşı irəli sürülən ittiham haqda bunları deyib: "Onlara torpaq satmışam. Pulu da almışam. Sonra istəmədilər. Mən də dedim ki, gözləyin satım, sizin pulu qaytarım. Əvvəlcə razılaşdılar. Amma sonradan şikayət etdilər".
Hakim M.Məmmədovun satdığı torpağın ona məxsus olub-olmadığını soruşub.
"Torpaq mənim deyildi. Sənədi də yox idi. Amma halallığını alaraq satmışdım. Həmin ərazidə torpağın sotu 30 min idi" - deyə M.Məmmədov cavabında bildirib.
Hakim isə xatırladıb ki, satılan torpaq sahəsi dövlətə məxsus olub. M.Məmmədov digər iki ittiham üzrə özünü qismən təqsirli bilərək deyib ki, zərərçəkmiş kimi tanınan şəxslərdən pul alsa da onların işinə başqa bir şəxs kömək edəcəkmiş. Yəni o, vasitəçi olub.
Amma M.Məmmədov hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində işləyən, tanışı olduğu və işləri "həll edəcək" dediyi şəxsin adını çəkməyib: "Elə bil ki, Allah ağlımı aldı. Belə bir iş gördüm. Əhməddən 4 mini almışam. Amma 4 minlə adam oğurlayana necə kömək etmək olar?"
Hakim bu zaman M.Məmmədova sual verib: "Bəs nə qədərlə kömək etmək olar? Belə bir məbləği müəyyənləşdiribsiz?"
Təqsirləndirilən şəxs bu suala cavab vermək istəməyib və əlavə edib: "Həmin adam demişdi ki, kömək edəcək. Pul aldığım adamlar da tanışımdır. İş həll olmayanda gördülər ki, zəif adam mənəm, məni tutdular. Samir İsmixanovdan da 5300 manat almışam. Etiraf edirəm. Amma mən başqasına vermişəm. O da aradan çıxdı. Yəqin ki, növbəti prosesdə zərərçəkmişlər gələcək. Onlar da pulun kimə verildiyini bilirlər".
M.Məmmədov zərərçəkmişlərlə zərər ödənmədən üzləşmək istəmədiyi üçün məhkəmədən vaxt istəyib: "Xahiş edirəm ki, vaxtı uzadasınız. Mən pulu ödəmədən onlarla üzləşmək istəmirəm".
Zərərçəkmişlər məhkəmədə iştirak etmədiyi üçün proses iyunun 1-nə təxirə salınıb.
Qeyd edək ki, M.Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinir.
İ.Muradov
Musavat.com






