İnsanlara hürriyət, millətlərə istiqlal!

ADI ORQAN ƏMƏLİYYATINDA KEÇƏN KLİNİKANIN SAHİBİNDƏN ŞOK ETİRAF

2579 19.11.2010 07:35 Ölkə A A
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, qanunsuz orqan transplantasiyası ilə bağlı təmsil etdiyi xidmətdə heç bir məlumat yoxdur. Bu haqda ancaq mətbuatdan məlumatlar əldə ediblər: “Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşları Azərbaycana tez-tez gəlib gedir. Onların qanunsuz transplantasiya ilə bağlı araşdırmalarını mətbuatdan oxumuşdum. Bu mövzu çoxdandır gündəmdən düşüb. Səlahiyyətli nümayəndələrlə dəqiqləşdirmə aparandan sonra Azərbaycanda orqan mafiyasının həqiqətən olub-olmamasını söyləmək olar. Biz gərək bunu araşdıraq, görək qara transplantasiyanın Azərbaycanda olmasının həqiqətə nə qədər yaxınlığı var. Mətbuatdan oxumuşduq ki, Ukrayna DİN-in əməliyyat qrupu Azərbaycana gələrək araşdırma aparıblar. Ancaq bizim bununla bağlı açıqlamamız olmayıb”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə klinikaların adlarının hüquq-mühafizə orqanlarının araşdırmasından sonra açıqlanacağını bildirdi: “Qanunsuz orqan transplantasiyasının hansı klinikalarda həyata keçirilməsi haqqında bizdə heç bir məlumat yoxdur. Ola bilər ki, Ukrayna DİN Səhiyyə Nazirliyi ilə məsələni araşdırıb. Ancaq bundan mətbuat xidmətinin - yəni bizim xəbərimiz yoxdur. O ki qaldı klinikaların bağlanması və lisenziyalarının alınmasına, biz hüquq-mühafizə orqanlarının araşdırmasının nəticəsini gözləyirik. Onların araşdırmalarının nəticəsində qanunsuz transplantasiyaların əsasən hansı klinikalarda həyata keçirilməsi bəlli olacaq. Bundan sonra mətbuata müvafiq açıqlama veriləcək”.
Təxminən 5 gün əvvəl Avropa Birliyinin xüsusi missiyalı polis təşkilatı - EULEX-in Kosovo ədliyyə və polis orqanlarına nəzarət edən prokuroru Conatan Ratel “qara transplantasiya” ilə məşğul olan mafiyalarla bağlı araşdırmasını sona çatdırmasını elan etdi. Həmin  araşdırma nəticəsində insan orqanlarının qanunsuz transplantasiyasını həyata keçirən 7 nəfər mafiya başçısı müəyyən edilib. Onların arasında oxucularımıza adı yaxşı tanış olan Yusuf Erçin Sönməz də var. Hazırda o və digər bir neçə şəxs barəsində beynəlxalq polis təşkilatı olan İnterpol xətti ilə axtarış elan olunub. Qeyd edək ki, Y.E.Sönməz son bir neçə ay əvvələ qədər Bakının Badamdar qəsəbəsində yerləşən “Nur” klinikasında orqan transplantasiyası ilə bağlı cərrahi əməliyyatlar həyata keçirib. Mətbuatda onun barəsində yazılar dərc ediləndən sonra Y.E.Sönməz Bakıdan gedib. Türkiyəli həkimi Avropada, xüsusən də Türkiyədə hamı doktor Frankenşteyn kimi tanıyır. Bu  ləqəbin Yusuf Erçin Sönməzə onun insan orqanları ilə işləmələrindən dolayı verilib. Tanınmış İngiltərə yazıçısı Meri Şellinin “Frankenşteyn və ya müasir Prometey” romanında gənc həkimin ölmüş insanların orqanlarını çıxararaq cansız materiyadan dəhşətli bir canlı varlıq yaratmasından söhbət açılır. Müasir dövrdə isə M.Şellinin qəhrəmanının adı ilə orqan qaçaqmalçılığı və alveri edən mafioz-həkimləri çağırırlar. Y.E.Sönməz Türkiyədə dəfələrlə həbs olunub, hər dəfə də sudan quru çıxa bilib. “Yeni Müsavat”ın müxbirləri hələ avqust ayında Bakıdakı orqan mafiyasının izinə düşüb. Lakin hüquq-mühafizə orqanları tədbir görməyə tələsməyiblər. Həmin araşdırmamızda Bakının Nizami küçəsi 100 ünvanına təsadüf edən “qul bazarında” orqan dəllallarının olmasından söhbət açılırdı. Reportyorumuz həmin ünvanda Əziz və Sahil adlı orqan dəllalları ilə tanış olaraq onların etibarını qazana bilmişdi. Həmin şəxslər də reportyorumuzu Mərkəzi Neftçilər Xəstəxanasına aparıb Naimə adlı həkimlə tanış etmişdilər. Həkim müxbirimizə “böyrəyi 7-8 minə, qaraciyərin bir parçasını da 10 min manata alırıq”  təklifini vermişdi.
Bundan az sonra digər araşdırmalarımızın nəticələrinə həsr olunmuş geniş yazı dərc etdik. Bir neçə gün sonra Ukrayna və Belarusun hüquq-mühafizə orqanlarının sözçüləri “qara transplantasiya” əməliyyatlarına dair təhqiqat apardıqları barədə rəsmi açıqlama verdilər. Məlum oldu ki, Ukraynada yəhudi əsilli şəxsin rəhbərlik etdiyi 12 nəfərlik orqan mafiyasının üzvləri ifşa edilib. Buna qədər yerli hüquq-mühafizə oranları Bakıda orqan mafiyasının olmasını israrla təkzib etdilər. Ukraynada keçirilən əməliyyatla bağlı bu ölkənin Daxili İşlər Nazirliyi Kibercinayətkarlıq və İnsan Alveri ilə Mübarizə Departamentinin rəisi Yuri Kuçer mətbuat konfransı keçirdi. Dedi ki, insan orqanlarının qanunsuz transplantasiyası ilə məşğul olan qrup yaxalayıblar. Həmin qrup üzvləri qanunsuz transplantasiyaları Bakıdakı klinikaların birində həyata keçirib. Bununla bağlı Ukrayna DİN-in əməliyyat qrupu Bakıya gələrək tədbirlər həyata keçirdi və artıq nəticələr də var. Y.Kuçer qanunsuz əməliyyatların Bakıda hansı klinikada həyata keçirilməsini açıqlamasa da, yaxın günlərdə mətbuata bu barədə məlumat veriləcəyini deyib. Qəzetimizi izləməklə Y.Kuçerin açıqlaması, Bakıda qanunsuz orqan transplantasiyalarının hansı klinikalarda həyata keçirildiyini öyrənə biləcəksiniz.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR