İnsanlara hürriyət, millətlərə istiqlal!

Adamlarsız qəribsəmiş Bakı vağzalı... FOTO REPORTAJ

2013 19.06.2020 08:30 Reportaj A A

Yay-qış, bayramlarda, tətillərdə dəmir yolu vağzalının kassalarının qarşısında növbələr olardı, indi isə...

Dünyanın işinə baxın, kimin ağlına gələrdi ki, bütün ölkələrin vağzallarında belə uzunmüddətli sükut hökm sürəcək?! Kassaların qarşısında növbələr, basabas, bilet üstündə qırğın-davalar olardı, kimisi vaqonlarda şəraitdən, kimisi hətta plaskarta bilet tapmamaqdan giley-güzar edərdi. Yay-qış, bayramlarda, tətillərdə dəmir yolu vağzalında adam əlindən “iynə atsan yerə düşməzdi”. Odur ki, Bakı dəmir yolu vağzalında fəaliyyətə başladığı gündən tarixində bəlkə də ilk dəfədir, qatarlar nə o başa gedir, nə bu başa...

Təxminən üç aydır ki, ölkədaxili və xarici reyslər dayanıb, qatarlar dayandığı yerdən tərpənmirlər. “Yeni Müsavat” üçün reportaj hazırlayanda bu mənzərə üzücü və kədərli idi. Hazırda yalnız Sumqayıt və Bakıətrafı qəsəbələrə işləyən qatarların hərəkət cədvəlində aktivlik var. Yerdə qalan istiqamətlərə pandemiya səbəbindən hərəkət dayanıb.

Amma belə qiymətləndirmək olmaz ki, Bakı dəmir yolu vağzalında iş dayanıb. Kassalar açıqdır, kafelər, geyim dükanları, müxtəlif ofislər fəaliyyətdədirlər. Sadəcə, qatarlar nə Astara, nə Böyük Kəsik, nə Tiflis, nə Moskvaya gedirlər. Sərnişinlər kimi qatarlar da gözləyirlər ki, sərhədlər nə zaman açılacaq, yenə nə vaxt o boz çöllərdən keçəcəklər...

Vağzalda işləyən sadə işçilər də hərəkətin dayanmasına görə darıxırlar. Deyirlər ki, martdan bəri əlində çantası, ya da çamadanı olan sərnişin görmürlər. Bu, həm də ətrafda işləyənlərin alverinə təsir edib: siqaret, su, peraşki satanlar, dollar, rubl, lari dəyişənlərin işi dayanıb.

Eyni zamanda taksi sürücüləri vəziyyətdən narazıdırlar. Onlar deyirlər ki, Bakıya qatarla gələnlərin taksiyə ehtiyacı olurdu, üç aydır iş yoxdur. Amma vağzaldakı kafelərin, geyim mağazalarının, kuryer firmaların işləri yaxşı gedir. Qatarlar dayansa da, onların işi dayanmayıb. Həmçinin kassalara az-çox yaxınlaşan sərnişinlər var. Onlar Sumqayıta, Sabunçuya gedən qatarlara bilet alan insanlardır. Onu da deyək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qisminin mayın 18-dən etibarən yumşaldılması ilə əlaqədar sərnişinlərin sayının artması müşahidə olunur. Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara tələbatı nəzərə alaraq, mayın 20-dən xəttə əlavə qatar buraxılıb.

Bununla əlaqədar Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib. Bildirilir ki, qatarlar dezinfeksiya olunur, maskasız sərnişinlər buraxılmır. Bu prosesə Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət edilir.

Vağzal ərazisində, xüsusilə də kassaların yaxınlığında əlləri təmizləmək üçün məhlullar olan aparatlar quraşdırılıb. Yerdə müəyyən addımdan bir “Məsafə saxla” lövhələri ilə rastlaşa bilərsiniz. Qeyd edək ki, martın 29-dan qatarların ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkəti dayandırılıb.

Onu da demək lazımdır ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin gəlirlərinin əsas hissəsini yükdaşımaları təşkil edir. Pandemiya dövründə beynəlxalq və daxili yükdaşıma əməliyyatları fasiləsiz aparılmaqdadır.

Ölkədə müxtəlif məhsullara olan tələbatın ödənilməsində çətinlik yaranmasın deyə Rusiya, İran və Gürcüstandan bütün yüklərin vaxtında və təhlükəsiz Azərbaycana çatdırılması həyata keçirilir. Dezinfeksiya işlərində insan əməyinin minimuma endirilməsi məqsədilə Astara, Yalama və Böyük-Kəsik sərhəd-keçid məntəqələrində avtomatlaşdırılmış dezinfeksiya qurğusu quraşdırılıb. Bununla da ölkə ərazisinə daxil olan bütün yük qatarları insan əli dəymədən dezinfeksiya edilir.

Emil SALAMOĞLU
“Yeni Müsavat”
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR