Oktyabrın 26-dan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi bir tarixi hadisə kimi yaddaşlara yazıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak etdilər. Bu, həm də iki prezidentin növbəti böyük bir tarixi mərhələnin başlaması ilə bağlı dünyaya ötürdüyü mesaj idi...
Qeyd etmək yerinə düşər ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.
Bəs görəsən, Füzulidən olan tanınmışlar dədə-baba yurdlarında baş verən tarixi hadisələr və abadlıq işləri ilə bağlı nə düşünürlər?
Əslən Füzulidən olan Musavat.com saytının baş redaktoru Xalid Kazımlı Füzuli Beynəlxalq Hava Limanının hərbi baxımdan çox əhəmiyyətli olduğunu vurğulayıb:

“Cəbhə bölgəsindən yüklərin daşınması logistika baxımından faydalı olacaq. O bölgədə yaşayış tam bərpa olunandan sonra regional xarakter daşıyacaq. Burada Cəbrayıl, Beyləqan Füzuli, Qubadlı, Zəngilan, hətta Ağcabədi kimi rayonların əhalisi bu limandan geniş istifadə edə biləcək. Xarici səfərlər olarsa, məsələn, Türkiyəyə uçmaq üçün orada yaşayan əhalinin Bakıdan gəlib-getməyə ehtiyacı olmayacaq. Türkiyə şəhərləri ilə birbaşa reys olacaqsa, oradan getmək daha münasib olacaq. Hətta İmişli rayonunu da bu siyahıya əlavə etmək olar. Çünki İmişli sakinləri Türkiyəyə, Antalyaya uçmaq istəyirsə, yenidən Bakıya gəlməkdənsə, bir saatlıq yolu qət edib, Füzulidən uçması daha münasib olar. Əlbəttə, sevindirici haldır, yalnız bu deyil, Qarabağda bir neçə hava limanı tikiləcək. Hələ ki, bu ən müasir, gözəl görünüşü olan aeroportdur. Dünyanın 15-ə yaxın aeroportunda olmuşam. Deyim ki, görünüş etibarilə ən gözəllərindən biridir. Elə böyük deyil, amma bölgə əhalisinin tələbatına cavab verəcək bir aeroportdur. Xeyirli-uğurlu olsun”.
Füzuli kökənli Bizimyol.info saytının baş redaktoru, siyasi şərhçi Bahəddin Həzi isə qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana hər gəlişi böyük hadisədir:

“Bundan əvvəlki gəlişində tarixi sənəd olan Şuşa bəyannaməsi imzalanmışdı. Orada Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlikdən tutmuş Zəngəzur dəhlizinə qədər çox məsələlər yer almışdı. Şuşa Bəyannaməsindən keçən müddətdə Azərbaycanla Türkiyə silahlı qüvvələri arasında koordinasiya daha da gücləndirildi. İki ölkənin hərbi qulluqçularının həm Xəzər dənizində, həm Laçında, həm Naxçıvanda birgə təlimləri keçrildi. Bununla yanaşı, Pakistan hərbçilərinin də iştirakı ilə təlim olmuşdu. Eyni zamanda, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı Türkiyə işgüzar dairələrinin fəaliyyətləri artdı. Və əlbəttə ki, Zəngəzur dəhlizi ilə bağlı planların icrası sürətləndi. Prezident İlham Əliyev ona görə Prezident Ərdoğanla görüşdə Füzuli Beynəlxalq Hava Limanının tikilib başa çatdırılmasını hər iki ölkənin birgə uğuru adlandırdı. Çünki burada həm Azərbaycanın, həm də Türkiyənin şirkətləri və sərmayəsi böyük rol oynayıb. Eyni zamanda, başqa layihələrdə də. Füzulidə və Zəngilanda olan açılışlar, təməlqoymalar sıradan hadisələr deyildi. Bu, Azərbaycanın və Türkiyənin mərkəzində olduğu yeni, regional, hətta qlobal logistik bir layihənin bünövrəsinin qoyulması idi. Məsələnin, əlbəttə, iqtisadi tərəfi var. Eyni zamanda, Türkiyənin Türküstana (Mərkəzi Asiyaya) çıxaraq iki qlobal gücün - Çinlə Rusiyanın arasındakı qlobal strateji nöqtəyə varması perspektivi var. Azərbaycan burada birləşdirici məntəqədir: bu, geosiyasi şəkilləndirmə Azərbaycanın da geosiyasi mövqeyini qat-qat artırmış oldu. Burada təhlükəsizliklə bağlı nüanslar var. Prezident Ərdoğan dünən Füzuliyə və Zəngilana gələrək və Zəngəzur dəhlizi layihəsinin təməlini ataraq bölgənin, ilk növbədə Azərbaycanın təhlükəsizliyinə öz töhfəsini bir daha verdi. Faktik, "iki dövlət-tək ordu" halına gəlməkdəyik. Əlbəttə ki, hadisənin mənəvi tərəfi var. Azərbaycanda Türkiyə ilə qardaşlığa böyük önəm verilir. Bizi birləşdirən tellər var və dünənki hadisə həm də bu telləri, bağları daha da möhkəmləndirdi. Azərbaycan cəmiyyətində Türkiyəyə, onun Prezidentinə sevgini və hörməti daha da artırdı. Bu da çox önəmlidir. Çünki əgər biz tək millət olsaq da, iki ayrı dövlətdə yaşayırıq. Aramızdakı mənəvi bağlılığın, türk identikliyinin hər zaman daha dərindən dərk olunması və qorunması lazımdır”.
“Yeni Müsavat” qəzetinin köşə yazarı, əslən Füzulidən olan Zamin Hacı da öz fikirlərini bizimlə bölüşüb:

“Füzulidə aeroportun tikilməsi hamımızı sevindirir. Füzulidən olmasam da sevinərdim. Amma yəqin ki, uşaqlığımı keçirdiyim region kimi, orada doğulan biri kimi həm qürurlanıram, həm də bu hadisə mənə daha maraqlı gəlir. Əvvəllər o aeroportun yerində aerodrom var idi. Tarlaları dərmanlamaq üçün oradan kiçik təyyarələr uçurdu. Amma üstündən 30-40 il keçib, orada beynəlxalq hava limanının açılması, darmadağın edilmiş bir regionda çağdaş arxitektur quruluşunun yaranması fantastik təəssüratlar yaradır. Adama film kimi gəlir. Hətta bəzən inanmırsan ki, bunlar reallıqda baş verir. Cəmi bir il bundan əvvəl heç ağlımıza belə gəlməzdi. O baxımdan Füzuli Hava Limanının açılmasını çox böyük sevinc hissi ilə qarşılayırıq. Qardaş ölkə Türkiyənin bu açılış mərasimində iştirakı isə ikiqat sevindiricidir. Sevincimizi ifadə etməyə söz tapa bilmirik. Bu uğurun yaranmasında rolu olan hər kəsə təşəkkür düşür”.
44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş, Füzulidə anadan olan jurnalist Məğrur Əli Polad da tarixi hadisə haqda fikirlərini bildirib:

“Füzuli rayonunda beynəlxalq hava limanının açılması bir çox cəhətdən tarixi bir hadisədir. Qarabağla bağlı hadisələri mərhələlərə bölsək, məcburi köçkünlərin ağrılı-acılı günlərini geri qoyduqdan sonrakı dövr, 44 günlük müharibədə qələbə çaldığımız dönəm. Nəhayət, Füzulidə hava limanının açılışı mərasimi quruculuq işlərinin ilk simvolu sayıla bilər. Hava limanının açılışı o baxımdan önəmlidir ki, istər bizim özümüzə, istər revanşist qüvvələr başda olmaqla Ermənistana, digər ölkələrə bir mesajdır ki, Qarabağ artıq tam şəkildə bizim nəzarətimiz altındadır və bu əbədi olaraq belə olacaq. Digər tərəfdən də qardaş ölkənin prezidenitinin hava limanına gəlməsi bildiyimə görə Qarabağ tarixində bir ilkdir. Sovetlərin dövründə də heç bir prezident Qarabağdakı hava limanlarında olmayıb. Bütün ilkləri ilə bu tarixi hadisədir. İstər Füzuli , istərsə də Zəngilanda, Şuşada, ümumiyyətlə bütün Qarabağda abadlıq-quruculuq işləri Qarabağın tarixində yeni bir səhifədir. Bu infrastruktur işlərinin həyata keçirilməsi, quruculuq işləri, əzəli torpaqlarmızda həmvətənlilərimizin, eyni zamanda türkiyəli qardaşlarımızın bu torpaqlarda gəzməsi o torpqaların azad olunması uğrunda canını qurban vermiş şəhidlərin ruhunu sevindirir”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”






