İnsanlara hürriyət, millətlərə istiqlal!

ABUTALIBOVLA KEÇMİŞ İŞÇİSİNİN MƏHKƏMƏSİNDƏ ŞOK MƏLUMATLAR AÇIQLANDI

3288 21.12.2012 09:55 Ölkə A A

BŞİH-də əndrabadi vəzifə - etik müvəkkil!

Dünənki prosesdə BŞİH-in nümayəndəsi Ağası Lətifov A.Məmmədovun əmək kitabçasını və digər sənədləri məhkəməyə təqdim etdi. Bundan sonra A.Məmmədov barəsində xidməti məlumatı imzalayan BŞİH-in 3 şöbəsinin və 1 bölməsinin müdiri dindirildi.
İlkin olaraq şahid qismində BŞİH-in ümumi şöbəsinin müdiri Namiq Məmmədov sərbəst ifadə verdi. Şahid bildirdi ki, 6 aydır ki, o, həm də BŞİH-də etik müvəkkildir:

- Arzu Məmmədov 2001-ci ildə BŞİH-ə nəzarət şöbəsinə müdir gəldi. Orada Rafiq Məmmədovla yola getmirdi. O da həmin şöbədən çıxdı. İndi təsərrüfat şöbəsində işləyir. Arzu Məmmədovun həmin şöbədə 4 işçisi var. Onlardan yalnız Vaqiflə danışır. Onunla da maşınından istifadə etdiyinə görə danışır. “Slujebnı” maşınını öz ev işlərini görməyə göndərir. Buzovnada da özünə 2 mərtəbəli ev tikib.
Hakim şöbə müdirinə izah etdi ki, o, məhkəməyə imza atdığı xidməti məlumatla bağlı danışmağa çağırılıb.
Bundan sonra N.Məmmədov bildirdi ki, işi ilə əlaqədar tez-tez Hacıbala Abutalıbovun yanında olur:

- Çox vaxt saat 6-da katibə işdən gedəndən sonra  Hacıbala müəllimin yanında oluram. “Xural” qəzetində yazı çıxmışdı. Orada yazılmışdı ki, Hacıbala Abutalıbov ən böyük korrupsionerdir. Həmin yazı ilə bağlı Hacıbala Abdutalıbov Arzu Məmmədovu yanına çağırdı. Arzu Məmmədov dedi ki, həmin sözləri “VAK”da (Ali Attestasiya Komissiyası-E.M) deyib, Qüdrət İsakov da dediklərini diktofona yazıb. Hacıbala Abutalıbov ona xəbərdarlıq etdi. Dedi ki, 2 uşağı var, yazıqdır, onu işdən çıxarsam heç kim işə götürməyəcək.

Şöbə müdirinin sözlərinə A.Məmmədovun vəkili Eldar Quliyev etiraz etdi. Müvəkkilinin təhqir olunmasının qarşısının alınmasını istədi. Onun bu sözlərinə şöbə müdirinin cavabı belə oldu:

- Mən etik müvəkkil kimi işçilərin davranışlarını təhlil edirəm, onların davranışlarının dövlət qulluqçusunun etik davranış qaydalarına uyğun olmasını aydınlaşdırıram. Bu tələb edirdi ki, səlahiyyətləri artırılsın. İstəyirdi ki, gedib rayon icra hakimiyyətlərində yoxlama aparsın. Hacıbala Abutalıbov onu çağırdı ki, ərizəni yaz. O da hay-küy saldı ki, sən kimsən məni işdən çıxarasan? Mühafizə polisi gəlib onu kabinetdən çıxardı.

“600 min qaçqın-köçkünün rəhbəriyəm!”

Vəkil Eldar Quliyev:
- Xidməti məlumat nə vaxt yazılıb?

- 2011-ci il dekabrın 11-də.

- Nə vaxt imzalanıb?

- Dekabrın 13-də.

- Sizdə A.Məmmədova qarşı bu qədər kin-küdurət haradandır?

- Mən etik müvəkkiləm. Bununla...

- Siz 2012-ci ildən etik müvəkkilsiniz.

- Mən 600 minlik qaçqın-köçkünə rəhbərlik edirəm. Bu adam qanunsuz tikintilərə gedib yoxlama aparmaq istəyirdi...

- Siz 600 min qaçqın-köçkünə rəhbərlik edirsiz?

- Edirəm də. Rəhbərlik etdiyim şöbənin səlahiyyətlərinə daxildir.

- Kadrları işdən çıxaranda Hacıbala Abutalıbov həmişə sizi çağırır?

- Xeyr, sadəcə Arzu Məmmədovun işdən çıxarılmasına baxanda çağırmışdı.

- Dediniz ki, dekabrın 11-də yığışmışdıq. Niyə yığışmışdız?

- Xidməti məlumatda səbəbini yazmışıq. A.Məmmədov yalan informasiya verməklə dövlətə, dövlətçiliyə ziyan vurub. Bu məsələləri müzakirə edirdik. 

- Konkret nəyi müzakirə edirdiz?

- O qanunsuz tikintilərə gedib dayandırılmasını tələb edirdi. Cənab prezident göstəriş verib ki, yoxlamalar dayandırılsın. O isə gedib yoxlayırdı. 

- Sizə A.Məmmədovun yoxladığı hansı şirkət, şəxs şikayət etmişdi?

- Bakıda o qədər şirkət var ki.

- Xidməti məlumatda A.Məmmədovun qanunsuz yoxlama aparması haqda heç nə yoxdur. Varsa məhkəməyə göstərin.

Şöbə müdiri xidməti məlumatda belə bir qeydin olmasını məhkəməyə göstərə bilmədi. Dedi ki, BŞİH-də 200 nəfər çalışır, A.Məmmədov isə bu işçilərdən 5 nəfəri ilə münasibəti var, qalanları ilə danışmır. Həmçinin işə vaxtında gəlmədiyini söylədi. E.Quliyev isə şöbə müdirindən xahiş etdi ki, müvəkkilinin işə vaxtında gəlməməsi haqda dediklərini təsdiqləyən sənədi məhkəməyə təqdim etsin. Bunun əvəzində şöbə müdiri vəkilə sual ünvanladı:

- Sizə kağız lazımdır yoxsa canlı şahid?

- Əlbəttə ki, sənəd.

- Hacıbala Abutalıbov ona qarşı humanist olub. Çoxdan işdən çıxarmalı idi. Etik davranışlarına görə.

- Etik davranışı pozma nəyə deyirsiz?

- Bu adam 4 işçisi ilə danışmır. İşə gələndə başına papaq qoyur, əyninə gödəkçə geyinir, “sapoq” geyinir. Ona 1-2 dəfə təklif elədim ki, belə işə gəlmə.

- Bunu xidməti məlumata niyə yazmadız?

- İstəsəydik çox şey yazardıq.

- Dekabrın 13-də A.Məmmədov işdən çıxarılarkən Hacıbala Abutalıbovun kabinetində olmusuz?

- Olmuşam.

- A.Məmmədov işdən çıxarılanda kabinetə gələn 2 polis sonradan niyə işdən çıxarılıb?

- Yalan sualdır!

- Suala cavab verin.

...

A.Məmmədovun BŞİH-də iqtisadiyyat komitəsinin yaradılmasına münasibət bildirməsi dövlət orqanını nüfuzdan salır?

- Bəli, sala bilər.

- Qüdrət İsakovun “Xural” qəzetində yazdığı yazı dövlət orqanını nüfuzdan salır?

- Bəli, orada Hacıbala Abutalıbov, Ziya Məmmədov, Kərəm Həsənov rüşvətxor, korrupsioner adlandırılırdı.

- Belə deyildisə, niyə məhkəməyə müraciət edib həmin məlumatları təkzib olunmasını tələb etmirdiniz?

- Hacıbala Abutalıbov humanistlik edib.

Növbəti şahid BŞİH-in hüquq şöbəsinin müdiri Sani Nəsibov oldu. Şöbə müdiri A.Məmmədovun əlavə səlahiyyət istəməsindən, əsasnamənin dəyişdirilməsini tələb etməsindən danışdı. Bildirdi ki, A.Məmmədov müxtəlif dövlət orqanlarına İslam Qulamov, Səlim Nəsirli imzaları ilə anonim məktublar yazıb:

- Araşdırmışıq, İslam Qulamov, Səlim Nəsirli adlı şəxslər yoxdur. Olsa belə bu adamlar BŞİH-dəki söhbətləri haradan bilərdilər.

Şöbə müdiri sərbəst ifadəsindən sonra E.Quliyevin suallarını cavablandırdı:

- Nə vaxtdan aparat rəhbərinin yazdığı xidməti məlumatı başqaları, təsərrüfat bölməsinin müdiri imzalayır?            

- Hamını bezdirmişdi.

- Xidməti məlumatı siz hüquq şöbəsinin müdiri hansı əsasla imzalamışdız?

- Harada yazılıb ki, belə olmaz?

- Xidməti məlumatda BŞİH-in aparat müdiri öz fikirlərini yazırsa onu siz niyə imzalayırsız?

- “Xural”da yazılmışdı ki, Hacıbala Abutalıbov ən böyük korrupsionerdir.

- Deməli həmin xidməti məlumatın kollektiv yazılmasını Hacıbala Abutalıbov göstəriş verib?

- Bəli, Hacıbala Abutalıbov deyib, yazmışıq. Bundan başqa A.Məmmədova dəfələrlə xəbərdarlıq olunub.

- Əgər A.Məmmədova xəbərdarlıq olunubsa niyə ona hər bayramda mükafat verilib?

- Hacıbala Abutalıbov humanistdir.

- Humanistdirsə A.Məmmədovun barəsində kollektiv xidməti məlumat yazılmasına niyə göstəriş verib?

- O, yalan, böhtan yazır, şərəf və ləyaqəti alçaldır. Arzu özü gözəl bilir ki, Hacıbala
Abutalıbov onu işdən niyə çıxarıb. Hələ Hacıbala müəllim çox gecikib.
Hüquq şöbəsinin müdiri vəkilin suallarına cavab verərəkən aydın oldu ki, anonim məktubların araşdırılması qanunla yasaqlansa da, BŞİH-də bu yasağa məhəl qoyulmur. Anonim məktublar da yoxlanır.
BŞİH-in qəbul şöbəsinin müdiri Tahir Məsimov bildirdi ki, A.Məmmədovla bağlı yazılan xidməti məlumatın tərtib olunmasında iştirak edib. Xidməti məlumatın düzgün olduğunu vurğulayan T.Məsimov vəkil E.Quliyevin suallarına konkret cavab verməkdən yayındı. Bir çox sualları isə cavabsız qoydu. O da digər şöbə müdirləri kimi A.Məmmədovun anonim məktublar yazdığını, H.Abutalıbovun isə humanistlik göstərib onu işdən çıxarmadığını dedi.
Prosesdə ifadə verən sonuncu şahid isə BŞİH-in təsərrüfat bölməsinin müdiri Cəfər Hüseynov oldu. O da xidməti məlumatı imzaladığını təsdiq etdi.
Bundan sonra isə E.Quliyevin suallarını cavablandırdı:

- Siz bütün xidməti məlumatları imzalayırsız?

- Xeyr.

- Hacıbala Abutalıbov sizin A.Məmmədovla qohumluq əlaqələrinizin olduğuna görə xidməti məlumatı imzalamağa dəvət edib?

- “Xural”da gedən yazılarda Nəzarət Şöbəsinin iflic olduğunu yazmışdılar. Orada “Hacıbala Abutalıbov korrupsionerdir” yazılımışdı.

- Bunun A.Məmmədova nə aidiyyatı var?

- Onun adı hallanırdı.

- İmzaladığınız xidməti məlumatda deyilir ki, A.Məmmədov dövlət əleyhinə böhtan xarakterli məlumatlar yayıb. Bu nə deməkdir?

- “Xural”dan qaynaqlanıb.

- Suala konkret cavab verə bilmirsizsə bunu deyin.

- ...

- Xidməti məlumatda Arzu Məmmədovla elmi rəhbərinin söhbəti haqda qeyd var. Bunu sizə kim deyib?

- Dekabrın 13-də Hacıbala Abutalıbovun qəbulunda olanda özü dedi.

- Burada deyildi ki, xidməti məlumatı dekabrın 11-də yazmısız, 13-də isə dərkənar qoyulub. Nə bilirdiniz ki, dekabrın 13-də A.Məmmədov belə bir söz deyəcək?

...

- Hacıbala Abutalıbovun sizi, A.Məmmədovun qohumunu, təsərrüfat bölməsinin müdirini xidməti məlumatı imzalamağa çağırması nəyə xidmət edirdi?

- ...

-Hacıbala Abutalıbov sizi qarşı-qarşıya qoymaq istəyirdi?

- ...

Bundan sonra E.Quliyev S.Nəsibova BŞİH tarixində A.Məmmədovdan savayı digər bir şəxslə bağlı kollektiv xidməti məlumatın yazılıb-yazılmamasını soruşdu. Hüquq şöbəsinin müdirinin sözlərindən məlum oldu ki, belə hal olmayıb. Proses dekabrın 25-də, saat 15:00-da davam etdiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR