
Qeyd edək ki, sürüşmə təhlükəsi ilə əlaqədar dünən saat 12 radələrində baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə xüsusi müşavirə də keçirilib. Bakı meri Hacıbala Abutalıbov, Xətai Rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədovun iştirak etdiyi toplantıda son durum müzakirə olunub. Ötən gün hadisə yerində olarkən bir daha deyilənlərin şahidi olduq. İlk görüşdüyümüz şəxs Bakı meri Hacıbala Abutalıbov oldu. Bizimlə söhbətində mer sürüşmə ilə bağlı bəzi məqamlara aydınlıq gətirdi. O bildirdi ki, hazırda hadisə yerində mütəxəssislər işləyir və onların rəyindən sonra müəyyən tədbirlər həyata keçiriləcək : “Hazırda binadan köçürülmüş sakinlərin bir qismi yaxınlarının, bəziləri isə otellərdə yerləşib. Yəqin ki, bir həftə ərzində məsələyə aydınlıq gətiriləcək. Bundan sonra biz sakinlərə dəqiq bir söz deyə bilərik”.

Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları isə bildirdilər ki, onlar gecəyarıyadək əhalini yerləşdirməklə məşğul olublar: “ Yaxınları olmayan sakinlər əsasən ”Araz" otelində yerləşdirilib. Biz burada onlara yalnız gecələmək üçün yer ayırmışıq". Qeyd edək ki, 63 və 65 saylı binanın sakinlərinin yerləşdirilməsi ilə bağlı ciddi problemlər mövcuddur. Bunu bizimlə söhbətlərində sakinlər də etiraf etdilər. Arif adlı sakin bildirdi ki, sözügedən binalardan köçürülən sakinlərin əksəriyyəti kasıblardı : “ Bu insanların 7 gün qohumlarının yanında qalması düzgün deyil. Oteldə ancaq bizə yatmağa yer verilib. Burada bir çaynik çayın qiyməti 3 manatdır. Hələ bunun yeməyini demirəm. Sakinlər arasında elə adamlar var ki, bir gün işləməsə, ailəsi aç qalar. Bu məsələ təcili həll edilməlidir. Yoxsa narazılıq olacaq. Sakinləri kirayə evlərdə yerləşdirmək lazımdı. Qohum-qardaşın yanında bir gün, ən uzağı iki gün qalmaq olar. Hər iki binada təxminən 220 mənzil var. Bu qədər insanları ora-bura səpələmək olmaz. Bəzi ailələr dünən küçədə qalıb. Bu problemə diqqət yetirilməlidir. İmkansız ailələrə yardım olunmalıdır. Bir ailənin yeməkxanadakı yemək xərci 30-40 manat edir. Çox adamın isə buna gücü çatmır. İcra başçısının deməsinə görə, 7 gün oteldə və yaxud qohumlarımızın yanında yaşamalıyıq. Bunun xəstəsi, qocası, uşağı var”.

Dünən onu da öyrəndik ki, 258 nəfər bina sakinlərindən yalnız 50 nəfəri oteldə yerləşdirilib. Digər sakinlərdən hətta küçədə və maşınlarda gecələyənlər olub. Bu məsələ ciddi narazılıq yaratsa da, Abutalıbov bu mövzuda tövrünü pozmayıb. O, narazılıq edən sakinlərə deyib ki, hələ dözsünlər: “Maşında yatan yenə maşında yatsın”. Görünür, Abutalıbov Qubada xalqın qəzəbinə səbəb olan məmurun başına gələnlərdən hələ də nəticə çıxarmayıb. Çıxarsaydı, küçədə soyuqda gecələyən əhaliyə bu cür cavab verməzdi.

Sakinlər onu da dedilər ki, yaxınlıqdakı binaların sakinləri arasında da narahatlıq var: “Sürüşmənin baş verməsinin səbəbi bizə bəllidir. Yamacın yuxarı hissəsində torpaq tökərək ev tikiblər. Neçə illərdi burada tikilən evlərin kanalizasiya suları yamaca axıdılır. Bu ərazidə tikilmiş evlərin zirzəmiləri su ilə dolub. Uzun illərdi ki, baxan yoxdur. Demək olar ki, ərazidə tikilmiş istinad divarlarının hamısı çat verib”.

Yaxınlıqdakı General Şıxlinski küçəsində də vəziyyət ürəkaçan deyil. Buradakı obyekt sahibləri mülklərinin söküləcəyindən narahatdırlar. Onların dediyinə görə, artıq yaxın zamanlarda obyektlərin və burada tikilən evlərin söküləcəyi ilə bağlı xəbərdarlıq edilib: "Məlumatlara görə, yamacın üzərində tikilmiş evlər söküləcək. Bu, bizi ciddi narahat edir, bu torpaqları alanda bizə ərazinin sürüşmə zonası olduğunu deməmişdilər".
Xatırladaq ki, Xətai rayonundakı General Şıxlinski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivindəki sürüşmə təhlükəsi ilə əlaqədar olaraq, srağagün ərazidəki 9 mərtəbəli iki binanın sakinləri günorta saatlarından sonra tamamilə köçürülüb.

Əhalinin binalardan çıxarılmasını təmin etmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə dəstələri cəlb edilib. Təhlükəsizliklə əlaqədar olaraq hər iki binada işıq, qaz və suyun verilməsi dayandırılıb.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında deyib ki, sürüşmə ilə bağlı elə də ciddi təhlükə yoxdur. Sadəcə, geoloji proseslərin nəticələri tam aydın olana qədər sakinlər təhlükəsizlikləri üçün binadan köçürülüb. H. Abutalıbov deyib ki, ən geci 1 həftəyə sakinlər öz evlərinə qaytarılacaq.

Xatırladaq ki, sürüşmə zonasında olan 58 binanın zirzəmisində artıq yoxlamalar aparılıb. Bunlardan cəmi birində - 57 saylı binanın zirzəmisində su sızması qeydə alınıb və bunun qarşısının alınması üçün lazımi tədbirlər görülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev isə bildirib ki, sürüşmə getdikcə aktivləşir, çatlar böyüyür: “ Sürüşmə zonasında qazıntılar aparılaraq geoloji işlərə başlanılacaq. Sürüşmə zonasında bərkitmə işlərinin aparılması üçün 100 maşın torpaq gətiriləcək”.

Qeyd edək ki, hadisə baş verdiyi ərazidə 4 blokdan ibarət sürüşmə kütləsi yaranıb. Çatların uzunluğu 160-180 metr, eni bir və bir metr yarıma qədər, dərinlikləri isə 2 və 4 metr arasındadır. Sürüşmə kütləsi Gəncə prospekti istiqamətində hərəkət edib. Mütəxəssislərin fikrincə, sürüşmə yanvar və fevral aylarındakı güclü yağışlardan sonra sürüşmə kütləsinin islanması nəticəsində baş verib. Ərazidə yaranmış çatlar gillə doldurulmazsa, növbəti yağışlar nəticəsində müəyyən fəsadlar yarana bilər.






