Bunu Nizami (“Torqovı”) küçəsində səyyar rəsm satışı ilə məşğul olan satıcı deyir. Şəklinin çəkilməməsini bizdən rica edən satıcının sözlərinə görə, iyulun 2-dən etibarən “Fəvvarələr meydanı” əhalinin üzünə açıq elan olunsa da, onlar üçün qapadılıb. Ayrı sözlə, aparılan yenidənqurma işləri vətəndaşların sevincinə səbəb olsa da, 100-ə yaxın ailə çörəksiz qalıb. Bu siyahıya səyyar rəsm əsərlərinin satıcılarından əlavə, “Kitab pasajı”nın sakinləri də daxildir.
Qeyd edək ki, “Kitab pasajı” nəinki bakılıların, eləcə də xarici qonaqların ən çox sevdiyi məkan olub. Bu ərazidə suvenirlər, bəzək əşyaları, rəsm əsərləri, müxtəlif dillərdə kitablar açıq hava şəraitində ilin bütün fəsillərində satılırdı. Əfsus ki, “Fəvvarələr meydanı” təmir olunandan sonra küçə ticarətinə qadağa qoyulub. Hərçənd dünyanın bir çox inkişaf etmiş dövlətlərində suvenir malların və rəsm əsərlərinin açıq havada satışına yasaq yoxdur. Odur ki, işçilər Prezident Administrasiyasına müraciətdə qadağanın aradan qaldırılmasını xahiş ediblər.
Hazırda “Torqovı”nın ortasında dayanan satıcılar əhaliyə səslənib, onları mallara baxmağa dəvət edirlər. Satıcının dəvətini qəbul edirəm və məni özü ilə aparıb, bir qədər kənarda yerləşən mağazaların birinə gətirir. Çarəsizlikdən malları dükana yerləşdirən satıcı Zaur küçə ticarətinə icazə verilmədiyi gündən bir qəpik də qazanmadığını deyir: “Bizim etirazımız odur ki, bu düzgün qərar deyil. Hər halda, küçənin ortasına kartof, soğan töküb satmırdıq. Ora həmişə xaricilər gəlib mal alırdı. Bizi çörəksiz qoyublar. Müraciətimiz isə hələlik müsbət nəticə verməyib”.
Onu da qeyd edək ki, bu günədək mərhum prezident Heydər Əliyevin göstərişi əsasında rəssamlar və “Kitab pasajı”nın işçiləri vergi və digər ödənişlərdən azad olunmuşdular. Bu imtiyazdan razı qalan satıcılar indi o günlərin həsrətini çəkir.
***
Suvenir və başqa bəzək əşyaları satan işçilərin dərdlərini dinlədik. Ardınca satıcı Zaurdan xahiş etdim ki, məni rəsm əsəri satan insanların yanına aparsın. Onu da deyim ki, bir il öncə burda böyük qələbəlik müşahidə olunurdu. Yerli və əcnəbi vətəndaşlar cürbəcür janrlarda çəkilmiş rəsm əsərlərinə baxar, rəssamlarla məsləhətləşərdilər. İndi həmin mənzərədən əsər-əlamət qalmayıb.
Rəssamlar deyir ki, rəsm əsərlərinin küçədə satışı analoji olaraq bu gün İtaliyanın Florensiya şəhərində mövcuddur. Praqada, Parisdə, Madriddə də rəssamlar bir yerə toplaşıb, əsərlərini satışa çıxarırlar. Hətta qonşu Gürcüstanda bu ənənəyə qarşı çıxan yoxdur. Rəsm satıcıları bunu təkcə alver deyil, o cümlədən mədəniyyəti sivil şəkildə təbliğ etmə metodu hesab edirlər: “Bu, mədəniyyətin küçədə yayılmasıdır. Gəlin, Avropaya baxaq. Bəlkə onlar bizdən geridə qalıb? Söhbət Qərbə mədəni inteqrasiyadan gedirsə, bu cür yasaqlar nəyə görədir? Niyə məhz Qərbin iyrənc adətlərini özümüzdə saxlayırıq, amma elitar kültürünü məhv edirik?”
Beləcə rəssamlar hər gün polisdən xoş bir xəbər alacaqları ümidi ilə “Torqovı”ya baş çəkib gedirlər. Əsərləri isə emalatxanalara yığıblar. Mirzə adlı rəssam deyir ki, vətəndaşlar tez-tez gəlib, əsərləri soruşurlar: «Tələbat var və biz əlacsız qalmışıq. Camaat burda ailəsini saxlayırdı. Günbəgün işsizliyin sayı çoxalır..."






