İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeron çimərliklərində bir neçə saat - fantastik tələblər, əl "yandıran" qiymətlər - Videoreportaj

3682 25.06.2022 23:22 Reportaj A A

Azərbaycanda çimərlik mövsümü başlayıb. Əksər çimərliklər isə ya hasarlanıb, ya da pulludur. Vətəndaşların sərbəst girmək imkanı olan ərazilərdə - Şıx, Hövsan, Türkan ərazilərdə də dənizin çirkli, çimməyə yararlı olmadığı elan edilib.

Bəs bir vətəndaşın dənizdə bir günlük istirahəti neçəyə başa gəlir? Şərait, təhlükəsizlik qaydaları normaldırmı? Təmizlik baxımından natəmiz olan çimərliklərin sağlamlıq üçün təhlükəsi nədir?

Mövzu ilə bağlı Tv Musavatın əməkdaşları həkim-infeksionistin, sosioloqun fikrlərini öyrənib və çimərlikdə paytaxt sakinləri arasında sorğu keçirib.

Eyni zamanda çimərliklərdəki qiymətləri də nəzərinizə çatdırmaq istərdik:

Mərdəkanda yerləşən “Dalga Beach-Aqua Park” istirahət mərkəzinə girişin qiyməti həftə içi 35 AZN, şənbə-bazar günləri isə 50 AZN-dir. 7-12 yaşa kimi uşaqlar üçün 15 AZN ödəniş olmalıdır. Xarici vətəndaşlar üçün isə həftə içi giriş 50 manat, həftə sonu 70 manatdır.
Mərdəkanda yerləşən "Xəzər Golden beach"dən bildirildi ki, dəniz kənarında şezlonqun (uzanıb istirahət etmək üçün vasitə) icarə qiyməti 10 manat, dəniz qırağında isə 5 manatdır. Dəniz qırağında kölgəliklərin isə icarə haqqı 30 manatdır. Dəniz qırağında şezlonq götürüb hovuzdan da pulsuz istifadə etmək olar.

Novaxanıda yerləşən "My beach hotel"dən isə bildirilib ki, 5 yaşdan yuxarı olan şəxslər üçün çimərlik ödənişlidir. Burada 5-12 yaşlı uşaqlar üçün həftə içi qiymət 15, həftə sonu isə 20 manat təşkil edir. 12 yaşdan yuxarı olanlar üçün həftə içi 20, həftə sonu isə 25 manatdır.
"Beluga Beach Hotel"də çətir və masaların icarə haqqı 15, şezlonqlar 5 manat təşkil edir. Həftə sonu isə qiymətlərdə bir qədər də dəyişiklik var.

Belə ki, həftə sonu ümumilikdə çətir və masaların icarə qiyməti 20 manatdır. Müştəri istəsə, istirahət müəssisəsindən yemək sifariş verə, istəsə də özü ilə qida gətirə bilər.

Şıxovda yerləşən “1001 Gecə” ailəvi istirahət mərkəzinə giriş 3 manatdır.

Pirşağı, Hövsan, Türkan çimərliklərinə isə giriş ödənişsizdir. Lakin qeyd etmək lazımdır ki, son sadaladığımız həmin çimərliklər sağlamlıq üçün təhlükəli və üzmək üçün qadağan edilən çimərliklərdir.

 

Anar Əhməd, Nərminə Aydın,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR