ABŞ-İran, İsrail-İran qarşıdurması uzandıqca Vaşinqtonla Təl-Əviv arasında fikir ayrılıqlarının meydana gəldiyi müşahidə olunur. ABŞ vitse-prezidenti Cey Di Vens "Fox News"a müsahibəsində deyib ki, ABŞ İsrailin mövqeyindən asılı olmayaraq, nüvə proqramı da daxil olmaqla, İranla danışıqları davam etdirəcək:
"İranın nüvə proqramı ilə bağlı uzunmüddətli razılaşmaya nail ola bilərik. İsrail bunu bəyənə bilər, bəyənməsə də, əsasən biz inanırıq ki, bu, ABŞ-nin maraqlarına uyğundur. Buna görə də biz bunu davam etdirəcəyik. İsraillilər və ABŞ-nin bir çox ortaq maraqları var. Amma maraqlarımızın fərqli olduğu bəzi vəziyyətlər də var və düşünürəm ki, prezident İsrailin açıq şəkildə bəzi məqsədləri olsa da, ABŞ-nin İrandakı əsas məqsədinin İranın nüvə silahına sahib olmamasını təmin etmək olduğunu çox açıq şəkildə bildirib".
Siyasi ekspertlər hesab edir ki, Vensin müsahibəsindəki bu fikirlər ABŞ ilə İsrail arasında İranla bağlı fikir ayrılıqlarının olduğunun, maraq toqquşmalarının meydana gəldiyinin dilə gətirilməsidir.
ABŞ ilə İsrail İranla bağlı hansı məsələlərdə uzlaşa bilmir?

Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, Vensin açıqlaması ABŞ ilə İsrail arasında İran məsələsində tam strateji qırılma olduğunu göstərmir, lakin bu bəyanat Vaşinqton və Təl-Əviv arasında İran probleminin həlli üsulları ilə bağlı müəyyən fikir ayrılıqlarının mövcud olduğunu nümayiş etdirən siqnaldır:
"ABŞ və İsrailin ortaq məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Bu, hər iki ölkənin dəyişməyən əsas strateji hədəfidir. Lakin tərəflər bu məqsədə çatmaq üçün istifadə olunacaq vasitələr və taktika məsələsində fərqli yanaşmalara malikdirlər. Vensin açıqlaması Tramp administrasiyasının İran siyasətində mühüm prinsipini ortaya qoyur. Vaşinqton İranın nüvə silahına sahib olmamasını qırmızı xətt hesab edir, lakin bu məqsədə nail olmaq üçün diplomatik razılaşma imkanlarını da açıq saxlamaq istəyir. İsrail isə təhlükəsizlik risklərini nəzərə alaraq daha sərt və daha az güzəştli mövqe tutmağa meyillidir. Buna görə də yaxın dövrdə ABŞ və İsrail arasında məqsədlər deyil, həmin məqsədlərə çatma üsulları ətrafında müzakirələrin və fikir ayrılıqlarının davam etməsi mümkündür. Vensin "İsrail bəyənə də bilər, bəyənməyə də bilər" ifadəsi məhz ABŞ-nin öz milli maraqlarını prioritet hesab etdiyini göstərir".
Professor hesab edir ki, fikir ayrılıqları İranla danışıqların davam etdirilməsi və ya dayandırılması, İranın məhdudlaşdırılmış nüvə fəaliyyətinə icazə verilib-verilməməsi, sanksiyaların yumşaldılması məsələsi, hərbi təzyiq və ya diplomatik həll variantlarına verilən üstünlük məsələlərində dərinləşə bilər:
"Bununla yanaşı, ABŞ və İsrail münasibətlərinin təməlində çox güclü təhlükəsizlik və hərbi əməkdaşlıq dayanır. Ona görə də hazırkı mərhələdə bu bəyanatı iki müttəfiq arasında ciddi böhran və ya strateji ayrılma əlaməti kimi qiymətləndirmək doğru olmaz. Daha çox İran məsələsində taktiki və diplomatik yanaşmaların fərqlənməsi kimi dəyərləndirilməlidir".
Etibar Seyidağa,
Musavat.com






