Amerikada Beynəlxalq Əlaqələr və Qlobal Məsələlər fakültəsində magistr üzrə təhsilini bitirən azərbaycanlı tələbə, Northeastern University-də türk dilində xarici tələbələrə dərs deyən Mövlan Əliyev yeni bir layihəyə başlayıb. Layihənin adı belədir adı: “Gerçəkləri bağır, lütfən” (Roar Facts Bitte).
Mövlan Əliyev haqqında qısa məlumat versək, bakalavr təhsilini Şotlandiyada və magistr təhsilini ABŞ-da bitirib. Fərqli dövrlərdə bir çox fəaliyyətlərlə məşğul olub. Azərbaycan tələbə cəmiyyətini qurub, Diaspora Komitəsi ilə yaxından əməkdaşlıq edib və müxtəlif xarici ölkə vətəndaşlarına Azərbaycan haqda məlumatlar verib. Tükiyənin Azərbaycandakı səfiri, Alpər Coşkun onu səfirliyə dəvət edərək ölkənin tanıdılmasında aktiv fəaliyyətini qiymətləndirib. Mövlan Əliyev bununla kifayətlənməyərək, Birləşmiş Millətlər Təşkilatında (BMT) insan haqlarının qorunması məsələlərində könüllü şəkildə iştirak edib və magistr oxuduğu universitetdə (Northeastern University) türk dilində xarici tələbələrə dərs deyib. Universitet onun fəaliyyətlərini və yüksək qiymətlərini göz önündə alaraq, onu oxuduğu departamentə səfir (faculty ambassador) təyin edib. Siyasi və iqtisadi məsələlər onu həmişə həvəsləndirib, ona görə də Xarici İşlər Nazirliyində də 3 aylıq staj dövrü keçib.
Mövlan Əliyev indiki layihəsini çox önəmli hesab edir YouTube üzərindən icra olunacaq layihədə insanlara bir çox önəmli məsələlərlə bağlı real faktlara söykənməklə məlumat verəcək.
“Təhsilim zamanı əldə etdiyim bilgiləri bir araya toplayaraq, insanlara fərqli məsələlərdə, xüsusən siyasi və iqtisadi yöndə önəmli olan məsələlərdə YouTube vasitəsilə informasiya ilə təmin edəcəm. İlk videomu artıq yayında paylaşmışam və bu dünyanı silkələyən koronavirusla əlaqədərdir. Videoda Çin-Amerika iqtisadi məsələsi, dərman şirkətlərinin yüksəlişi, virusun bizə öncədən bildirilməsini, medianın rolu və Çinin iqtisadi vəziyyətini pandemiya ilə əlaqələndirib ortaya qoymuşam. Öz layihəmdə heç kəsi günahlandırmıram, əksinə bütün faktları göstərərək, qərarı izləyiciyə buraxıram. Bu yaxında gələcək videolarda, izləyiciləri Azərbaycan və Türkiyə haqqında araşdırmalar gözləyir. Və hər bir videoda türk və rus dilində tərcümə də əlavə edəcəm. İzləyicilərim arasında azərbaycanların da olmasını, həmyerlilərimin düşünməsini və ingilis dilində özlərini gəlişdirmələrini istəyirəm. Tək istəyim insanların bunları izləməsi və düşünməsidir. Hər kəs mənimlə eyni düşünməyə bilər, ona görə də bu platforma fərqli düşüncələri və görüşləri ortaya qoyacaq və bir diskusiya məkanı yaradacaq” – deyə Mövlan Əliyev bildirib.
Mövlan Əliyev gələcəyi haqqında danışarkən söylədi ki, “Ailəm doktoranturaya getməyimi istəyir və mən də onların arzusunu gerçəkləşdirəcəm. Hələlik isə bu layihə ilə məşğul olub, kitab yazıb və insanlara faydalı olmağı düşünürəm. Hazırda 5 dildə sərbəst danışıram və yeni dillər öyrənirəm. Yeni dil öyrənmək məni həvəsləndirir. Bunun mənim gələcəyim üçün də önəmli olduğunu bilirəm və gələcəkdə Azərbaycan hökümətini xaricdə layiqli şəkildə təmsil etmək istəyirəm. Dövlətin yeni vizyonlu gənclərə ehtiyacı var və bizlər də məsuliyyət götürməyə hər an hazırıq”.
Mövlan Əliyevin dünyanı ağuşuna alan pandemiya haqda fikirlərini təqdim edirik:
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”






