ABŞ üç dəfə "ölmüş" Bağdadinin yaralanması xəbərini təsdiq etmir
İŞİD qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi aviazərbələr nəticəsində yaralandığı barədə növbəti dəfə xəbərlər yayılıb.
Bildirilir ki, əsasən, Suriya və İraqda zorakılıqlar törədən İŞİD qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi aviazərbələr nəticəsində yaralanıb.
ANS PRESS-in məlumatına görə, hadisə, əslində, mart ayının 18-i İraqın qərbində Umm əl-Rus kəndində baş verib. Həmin dövrdə əl-Bağdadinin yarası ağır olduğu üçün İŞİD tərəfdarları lideri əvəzləyəcək şəxsi müəyyən etmək üçün təcili iclas keçiriblər. Əl-Bağdadinin hazırda qruplaşmaya liderlik edə bilmədiyi açıqlanıb.
İŞİD liderinin ötən ilin noyabr və dekabr aylarında da yaralandığı elan olunmuş, lakin iddialar təsdiqini tapmamışdı.
Amerika Birləşmiş Ştatları Əbu Bəkr əl-Bağdadinin yerini bildirənə 10 milyon dollar pul mükafatı elan edib.
Amerika hökuməti hadisənin baş verdiyi tarixdə - martın 18-ində əməliyyatlar keçirildiyini təsdiqləsə də, aviazərbələr nəticəsində əl-Bağdadinin yaralandığı sübut edən heç bir əsasa malik olmadığını bildirib.






