İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ şirkəti Bakıdan qovulur

11231 17.07.2014 09:00 İqtisadiyyat A A


“McDermott Caspian Contractors Inc” bp şirkəti üçün “Chirag Oil Project” layihəsində (sualtı boru kəməri tikintisi) iş icra edib. Bu layihə icra edilərkən şirkətin ümumi işçilərinin sayı 500 nəfərdən çox olub.

Ötən aydan başlayaraq əməkdaşlar işdən çıxarılır və hazırda cəmi bir neçə ofis işçisi qalıb. Bu, onunla bağlıdır ki, şirkət yaxın gələcəkdə Azərbaycanda layihə gözləmir. Baş ofisdən Bakıdakı şirkətin bağlanması barədə tapşırıq yoxdur. Ehtimal ki, Bakı ofisi bağlanmayacaq, çünki o, regional ofis kimi fəaliyyət göstərir.

“McDermott Caspian Contractors Inc” Azərbaycanda 20 ildən çoxdur fəaliyyət göstərir. Şirkət Bakıya 1994-cü ilin əvvəlində gəlib. Şirkət Azərbaycanda fəaliyyətə başlayanda ilk neft kontraktı olan “Əsrin müqaviləsi” hələ imzalanmamışdı. Şirkətin ilk ofisi Əl Oyunları Sarayında olub. Şirkət bp-nin platformalarının baş podratçısı olub. Bundan başqa, “McDermott Caspian Contractors Inc”  sualtı boru kəmərlərinin tikintisində də layihələr icra edib.


2010-cu ildə Amerika şirkəti profilinə uyğun layihə ala bilməyib. Bu dəfə platforma tikintisi AzFen-Tekfen-Amec (ATA) alyansına nəsib olub. O vaxt ABŞ şirkəti anlayıb ki, daha bu şəraitdə işləyə bilməz. Çünki artıq yerli şirkətlər bu məsələdə böyük təcrübə əldə ediblər və xariciləri bazardan sıxışdırmağa başlayıblar.

Dövlət Neft Şirkətindəki mənbələr “Turan”a bildirib ki, “McDermott” şirkəti bu illər ARDNŞ-in istehsal güclərindən (H.Əliyev adına Dərin Özüllər Zavodu, Bibiheybətdə istehsal müəssisələri) əvəzsiz istifadə edib, layihəyə ARDNŞ-in ən yaxşı mütəxəssislərini cəlb edib (transfert müqaviləsi olmadan). Bu əməkdaşlıqdan ARDNŞ-in real kommersiya faydası olmasa da, böyük praktik biliklər əldə edilib.  


Neft Şirkətindəki mənbə bildirir ki, son illər xarici şirkətlərin milliləşdirilməsi (menecment və texniki heyətdə daha çox yerli kadrların yerləşdirilməsi, ARDNŞ və başqa yerli şirkətlərlə birgə müəssisələrin yaradılması) göstərir ki, Azərbaycanda yerli şirkətlərlə inteqrasiya olunan şirkətlər uğur qazanacaq. Bu baxımdan “McDermott Caspian Contractors Inc” şirkətinin Azərbaycanda layihələrini dayandırması anlaşılandır.

Ümumiyyətlə, iri xarici kapitalın Azərbaycandan sıxışdırılması və milliləşdirilməsi 2006-cı ildən başlayaraq müşahidə edilməkdədir. İlk olaraq hökumət ölkənin metallurgiya sənayesinə 300 milyon dollar sərmayə yatıran Hollandiyanıın Fondel şirkəti ilə yollarını ayırdı. Ardınca isə paytaxtın enerji təchizatı ilə məşğul olan “Barmek” şirkəti ilə “vidalaşdı”. Hər iki şirkətlə uzun müddətə bağlanmış müqavilə Azərbaycan tərəfinin təşəbbüsü ilə pozuldu. Bunun ardınca, “Azpetrol” Neft Şirkətinin hollandiyalı təsisçilərinin payları da məhkəmə qaydasında əlindən alındı.


Burada maraqlı bir nüans var. İndiyə qədər qeyri-neft sektoruna daxil olan iri xarici şirkətlər təqib edilirdi. İndi artıq xarici neft şirkətləri də sıxışdırılır. Görünən budur ki, hökumət varlandıqca, xarici kapitalı ölkədən çıxartmaq niyyətindədir. Ancaq məsələ bundadır ki, hökumətin “millətçi xəstəliyinə” baxmayaraq ölkə iqtisadiyyatının investisiya tələbatını təkcə yerli qaynaqlar hesabına həll etmək mümkün deyil. 

Yerli qaynaqlar investisiya tələbatını ən yaxşı halda 35-40 faiz ödəyə bilər. Yəni bütün hallarda xarici investisiyaların cəlbi vacibdir. Hökumətin “millətçi xəstəliyinin” kökündə isə heç də yerli investorları qorumaq siyasəti dayanmır. Bu, sadəcə rentabelli sahələri ələ keçirmək cəhdidir.

İqtisadiyyat şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR