Dünyada tanınmış fəal gənclərdən biri olan 26 yaşlı azərbaycanlı Siavoş Derəxti hazırda Bakıda səfərdədir. Gənc fəal səfər çərçivəsində “Yeni Müsavat”ın da qonağı olub, müsahibə verib.
Qeyd edək ki, İsveçin Malmö şəhərində yaşayan Siavoş Derəxti bir neçə il öncə sabiq ABŞ prezidenti Barak Obama tərəfindən mükafata layiq görülüb, adı Forbes jurnalına düşüb. Maraqlı müsahibəni təqdim edirik:
- Bakıya neçənci dəfədir ki, gəlirsiz?
- Artıq 5-ci dəfədir. Bu il ərzində 3 dəfədir ki, Bakıya gəlirəm. İlk dəfə ötən ilin martında gəlmişdim. Ömrümdə Bakını görməmişdim. Və beləliklə vətənimə, evimə gəlmişdim. Bildiyiniz kimi mən İsveçdə dünyaya gəlmişəm, orada böyüyüb, boya-başa çatmışam. Bakıya gələndə, şok oldum, çünki belə gözəl olduğunu bilmirdim.
- Səfərinizin məqsədi nədir?
- Mən hazırda işlə bağlı gəlmişəm. Bundan əvvəl də gələndə istəyirdim ki, burada turizm şirkəti açım. Çünki gördüm ki, 3 il ərzində bura çoxlu sayda ərəb turistləri gəlməyə başlayıb. Hətta hindistanlı, pakistanlılar da gəlir. Lakin Avropadan gələn turist yoxdur. Özüm də avropalıyam, düşündüm ki, Bakıda nə iş görə bilərəm?
Bakıya ilk gəlişimdə iki isveçli qonaq gətirdim. İki ay keçdikdən sonra yenə də iki qonaq gətirdim. İndiki gəlişimdə də qonaqlarım var. İstəyirəm ki, onlar bura gəlib şirkətlər açsınlar, Azərbaycan üçün nəsə etsinlər. Azərbaycan çox gözəl ölkədir. Bu mənim vətənimdir, qanımdır, canımdır.
![]()
- Əslən Güney Azərbaycandansız...
- Bəli.
- Hansı bölgəsindən?
- Təbrizdən. Hələlik ora getməmişəm.
- Mətbuatdan sizi sabiq ABŞ prezidenti Barak Obamadan mükafat alan, adı “Forbes” jurnalında hallanan tanınmış gənc fəal kimi tanıyırıq...
- 2013-cü ildə prezident Barak Obama İsveçə gəldi. O, yalnız 3 nəfərlə görüşməli idi, kralımız, cümhur başkanımız və mənimlə.
![]()
- Səbəb?
- Çünki 2010-da, 18 yaşımda bir təşkilat yaratdım. Az bir zamanda həmin təşkilat çox məşhur oldu. Təşkilatın yaranma səbəbinə gəldikdə, mənim yaxın dostum İsrail yəhudilərindəndir. Avropada yəhudilərlə bağlı problemlər çoxdur. Ona görə də yəhudilər Avropadan qaçaraq ABŞ-da və digər yerlərdə yaşamağa başlayırlar. Mən də düşündüm ki, dostumla bağlı nəsə etməliyəm. Beləliklə mən təşkilat yaradaraq, ora yəhudi, xristian, müsəlman gəncləri cəlb etdim. Məqsədim ayrı-ayrı dinlərdən olan gənclərin bir-biri ilə tanış olması, yaxından ünsiyyət saxlaması, dəstək olmasıdır. Avropada yəhudi gənclər çox da ünsiyyət saxlaya bilmir. Təşkilatın üzvlərini İkinci Dünya müharibəsi zamanı soyqırıma məruz qaldığı yerlərə aparır, məlumatlar verirəm.
Bu baxımdan istəyirəm ki, 20-yə yaxın gənci bu ilin oktyabr ayında Azərbaycana gətirim. Çünki 100 il öncə Qubada törədilən soyqırımı heç kim tanımır. Avropa, ABŞ bundan xəbərsizdir. İstəyirəm o gənclərə Xocalı soyqırımından da danışım. Dövlət mənə dəstək olsa gələn il 200 gənc gətirərəm. Qoy dünya Azərbaycan həqiqətləri ilə tanış olsun.
Beləliklə gördüyüm işlərlə bağlı Barak Obama məni medalla təltif etdi. Çünki yəhudiləri və digər gəncləri bir yerə gətirmişdim. Dedilər ki, Siavoş müsəlmandır, amma müsəlmanlara dəstək verir. Avropada hansısa müsəlmanın yəhudiyə dəstək verməsi görünməmiş bir şeydir. İsveçdə 700 il ərzində 20 insan mənim aldığım mükafatı alıb. Onların artıq 19-u dünyasını dəyişib. Hələ ki, bu mükafata layiq görülən və həyatda olan şəxs yalnız mənəm.
![]()
- İsveçdə Quzey Azərbaycandan olan gənclərin fəaliyyəti hansı səviyyədədir?
- Millətimiz güclüdür. Amma gərək hamı birləşsin. Bizim diaspora güclüdür, amma daha da güclü olması gərəkir. Həm Güney, həm də Quzey Azərbaycan bir-birinə dəstək olmalıdır.
- Güney Azərbaycana getmisiz?
- Yox...
- Niyə?
- Çünki ora getməyim mümkünsüzdür. Həm atamın siyasi baxışlarına görə, həm də mənim yəhudilərlə bağlı qurduğum təşkilata görə. Eyni zamanda İsrailə tez-tez gedirəm, ABŞ-a dəstək verirəm. Bu baxımdan İrana getməyim mümkünsüz görünür.
- Tez-tez məlumat yayılır ki, Güney Azərbaycanlılarının əksəriyyəti Avropaya gedən kimi dinini, əqidəsini dəyişir.
- Doğrudur. Təkcə dinlərini deyil, adlarını, dillərini, danışıqlarını da dəyişirlər.
![]()
- Bildiyimizə görə, atanızın təşkilatına da dəstək olursuz (Siavoş Derəxti Dünya Azərbaycanlıları Milli Birlik Təşkilatının rəhbəri Cavad Derəxtinin oğludur).
- Bu, yenilikcə oldu. 6 il atamı görmürdüm. Çünki atam Dünya Azərbaycanlıları Konqresinin rəhbəri idi, bütün fəaliyyətini bu işə həsr edirdi. O zamanlar mən çox kiçik idim, çox şeyi anlamırdım. Amma indi artıq 26 yaşım var, hazırlanmışam. İstəyirəm ki, biz bir millət olaq, bir-birimizə dəstək olaq, bir yerdə işlər görək. Biz yalnız bu zaman güclü ola bilərik.
Bəzən görürük ki, Azərbaycanda bəziləri sanki öz ana dilində danışmağa utanır, rus dilində danışır. Mən İsveçdə dünyaya gəlmişəm, daha çox ingilis dilində danışıram. Amma öz doğmalarımla öz ana dilimdə danışıram, bu dili sevirəm. Ailəmizdə də rəsmən Azərbaycan dilində danışırıq.
- Bakıya köçmək fikriniz varmı?
- Qeyd etdiyim kimi burada turizm şirkəti açmışam. Və hər ay bura mənim biznesmen qonaqlarım gəlir. Yəqin ki, bilirsiz, İsveçin çox güclü biznes qurumları var. İstəyirəm ki, biznesmenlər bura gələrək investisiya yatırsın, turizm şirkətləri yaratsınlar. Azərbaycanın nefti, qazı, səfalı və əyləncəli yerləri, Şahdağı var və sairə. Bura çox gözəldir.
- Evlisizmi?
- Yox (gülümsəyir). Mənim hələ 26 yaşım var.
- Gələcəkdə seçiminiz Azərbaycan yoxsa İsveç xanımı olacaq?
- Əsas odur ki, yaxşı insan olsun. Amma son zamanlarda düşünürəm ki, gələcək xanımım azərbaycanlı olsun. Mənim üçün dadlı Azərbaycan yeməkləri bişirsin...
Xalidə Gəray,
Musavat.com,
Fotolar Elçin Əkbərindir.






