Amerikada koronavirusa yoluxma və ölüm sayı sürətlə artmaqda davam edir. Bu ölkə ilə bağlı aprel ayı üçün verilən proqnozlar özünü doğruldur. Belə ki, ABŞ prezidenti Donald Tramp da daxil olmaqla bir sıra amerikalı siyasilər bildirmişdilər ki, aprel ayının ilk həftəsində Amerikada ölüm sayı pik həddə çatacaq. Artıq deyilənlər müşahidə olunur.
Musavat.com xarici mənbəyə istinadən bildirir ki, dünən ABŞ-da 1970 nəfər koronavirusun qurbanı olub. Həmin gün koronavirusa yoluxanların sayı isə 33 min 331 nəfər olub. Bu, əvvəlki günlərlə müqayisədə ölüm sayında ciddi şəkildə artım deməkdir.
Tibb sahəsi üzrə çalışan alimlər istisna etmirlər ki, Amerikada ölüm sayı bu templə artmaqda davam edəcək. Hesablamalara görə ABŞ-da ölüm əgər vaksin tapılmasa may ayının ilk həftəsində də yüksək tempini qoruyacaq.
Ümumilikdə ABŞ-da bu saata görə 400 min 335 nəfər koronavirusa yoluxan, 12 min 841 nəfər isə ölən var. Dünyada koronavirusa yoluxanların sayının 1 milyon 444 min 821 nəfər olduğunu nəzərə alsaq bu, olduqca böyük rəqəmdir.
ABŞ-da ən çox yoluxma və ölüm Nyu-Yorkda qeydə alınıb. Belə ki, bu şəhərdə 142 min 384 nəfər yoluxan, 5 min 489 nəfər isə koronavirusdan ölən var.
ABŞ faktiki olaraq pandemiyanın əhatəsində qalıb. Bununla belə “supergüc” xarici ölkələrin koronavirusla mübarizəsi çərçivəsində humanitar, tibbi, ekoloji tədbirlərə 225 milyon ABŞ dolları məbləğində vəsait ayıracağını açıqlayıb.
Dövlət katibi Mayk Pompeo bu yardım çərçivəsində fərdi qoruma vasitələrinə tələbatın yüksək səviyyədə qarşılanmasının da daxil olunduğunu bildirib.
Ayrılacaq vəsaitin müayinə, qabaqlayıcı və nəzarət tədbirləri, milli səhiyyə sistemlərinin dəstəklənməsi, tibbi heyətin təlimi, laboratoriyalar hazırlamaq kimi tədbirlərə sərf olunacağı diqqətə çatdırılıb.
Ötən ay ABŞ hökuməti 64 ölkəyə koronavirusun qarşısını almaq və müalicə tədbirlərini dəstəkləmək üçün 274 milyon dollar ayıracaqlarını açıqlamışdı.
ABŞ mətbuatı yazır ki, orada vəziyyətin bu günkü hala gəlməsinin səbəbi sırasında ABŞ hökumətinin qəti qərarlar verməkdə 70 gün gecikməsi olub. Hesab edirlər ki, ABŞ Çində təhlükəli virusun tapıldığı ilk gündən müvafiq karantin tədbirlərini, önləyici addımları atmalı olduğu halda gözlədi və virus ölkənin daxilinə doğru sürətlə yayılmağa başladı.
ABŞ-da və dünyada epidemiyanın bu səviyyədə yayılmasına görə Çin hökuməti günahlandırılır. Bu xüsusda xarici mətbuatda çoxsaylı yazılar dərc edilib.
Məsələ ilə bağlı xarici mətbuatda qeyd edilir ki, ABŞ və Çin arasındakı iqtisadi, siyasi və mədəni rəqabət Covid-19 böhranının böyüməsində mühüm rol oynayıb. Bildirilir ki, rəqibi olan ABŞ-a qarşı böyük bir güc olaraq yüksəldikcə, Çin özünə beynəlxalq imic qurmağa çalışdı. Məhz bu imic görüntüsünə zərər verməmək üçün Çin əvvəlcə Covid-19-un yayılmasını gizlətməyə çalışdı. Lakin virusun yayılması genişləndiyi təqdirdə artıq bunu edə bilmədi.
Eyni zamanda Çin ilk günlərdə ABŞ-dan kömək almaqdan da imtina edib. Mənbələrdə qeyd edilir ki, məhz bu səbəbdən ABŞ mütəxəssisləri epidemiyanı yerində izləmək və ya nümunə götürmək şansı qazanmayıblar. Çin rəhbərliyinin həmçinin birlikdə işləyən iki ABŞ və Çin laboratoriyası arasında məlumat axınının qarşısını aldığı da söylənir.
İlk əlamətlər noyabr ayında görünməyə başlayan kimi, Çinin dünya bazarından genişmiqyaslı tibbi avadanlıq, respirator, maska alması, epidemiyanın digər ölkələrə yayıldığı zaman, bazarlarda tibbi təchizat çatışmazlığı yaratdı, ölkələr arasında rəqabəti sürətləndirdi, əməkdaşlıq imkanlarını zəiflətdi. Çin hələ 14 yanvar tarixində "bunun insandan insana keçdiyinə dair heç bir dəlil yoxdur" dedi.
Çin yanvar ayı boyunca virusun ciddi olduğu barədə heç bir məlumat sızdırmayıb. “Washington Post” qəzetinin yazdığına görə, Çin nəhayət məlumatı bölüşmək qərarına gəldikdə, artıq Uhan şəhərindən ABŞ-a 3 min nəfər səhayət etmişdi…
Epidemiyanın pandemiya kimi təsvir edilməsində Ümumdünya Səhiyyə Təşkilatının gecikməsində Çinin təzyiqinin mühüm rol oynadığı da güman edilir.
Əli Rais,
Musavat.com






