İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-la İranın ikili oyunu: İqtisadiyyatda mehriban, siyasətdə düşmən...

742 06.04.2017 11:30 Dünya A A

ABŞ-ın təyyarə istehsalçısı olan “Boeing” şirkəti və Tehran arasında İrana 30 sərnişin təyyarəsinin satılmasını nəzərdə tutan 3 milyard dollarlıq müqavilə imzalanıb. Aprelin 4-də imzalanmış bu sənəd Donald Tramp prezident olandan və İran üzərinə yeni sanksiyalar qoyandan bəri Amerika şirkəti ilə İslam Respublikası arasında bu qəbildən ilk sazişdir.

Bu kontrakta əsasən İranın böyüklüyünə görə üçüncü aviasiya şirkəti olan Aseman Airlines 30 ədəd 737 MAX tipli təyyarə alacaq. Saziş gələcəkdə şirkətə daha 30 təyyarənin satışını nəzərdə tutur. Ötən dekabr ayında “Boeing” “İranAir” hava şirkətinə 16, 6 milyard dollar dəyərində olan 80 sərnişin təyyarəsinin satışına dair saziş imzalayıb.

ABŞ mediası yazır ki, “Boeing”in İranla sazişləri Tramp administrasiyası üçün yeni sınaq olacaq.

Tramp bir tərəfdən Amerika istehsalçılarının sifarişlərlə təmin olunacağını, digər tərəfdən isə İrana münasibətdə sərt siyasət yürüdüləcəyini vəd edib.

Bu da qeyd olunur ki, Vaşinqton “Boeing” və “Airbus” şirkətlərinə İrana təyyarə satışı üçün icazəni ötən sentyabrda vermişdi.

“The Globe and Mail” yazır ki, sözü gedən son sövdələşməyə də ABŞ Maliyyə Nazirliyinin icazə verməsi lazım gələcək.

İki ölkə arasındakı bu razılaşma dünya mediasında da birmənalı qarşılanmayıb. Məlum olduğu kimi, ABŞ-la İran arasındakı gərginlik davam edir. Bunun fonunda iqtisadi sahədə 3 milyard dollarlıq müqavilənin bağlanması, bu sazişin gələcəyinin siyasi münasibətlərdən asılı olaraq necə dəyişəcəyi siyasi şərhçiləri də düşündürür.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Donlad Trampın bu sazişin reallaşmasına qarşı çıxacağı gözlənilmir: “Barak Obama Dövründə Amerika-İran münasibətləri nisbətən normallaşdı, İrana qarşı bəzi sanksiyalar ortadan qaldırıldı. Donlad Tramp hakimiyyətə gələn kimi İrana qarşı çox sərt açıqlamalar verdi. Hətta prezidentliyə namizəd ikən bildirirdi ki, hakimiyyətə gəlsə İranla imzalanan nüvə anlaşmasından imtina edəcək. Ancaq imtina etmədi. Digər tərəfdən münasibətlərin normallaşması dövründə İran ABŞ təyyarələrinə maraq göstərdi, bir neçə milyard dollarlıq kontraktlar imzaladı. Donald Tramp İranı nə qədər tənqid etsə də, həm də kommersantdır, ölkəsinin iqtisadi maraqlarını da diqqətə alır. Onun siyasətindəki əsas xəttə Amerikanın qazancını çoxaltmaqdır. İranın “Boeing”lə imzaladığı bu kontrakt da Amerikaya xeyli qazanc gətirəcək. Ona görə Amerika İranı nə qədər tənqid etsə də, bu kontraktların əleyhinə çıxmayacaq. Əks halda öz siyasətinin əleyhinə çıxmış olacaq. Tramp hər yerdə deyir ki, Amerikada işçi qüvvəsini artırmalıyıq. Amerikanın qazancını artırmalıyıq, bir çox məsələlərə iqtisadi aspektdən yanaşmalıyıq. Əgər bu müqavilələrdən imtina etsə, gəlirdən də imtina etmiş olacaq. Ancaq Donald Trampın belə bir addım atacağını mən gözləmirəm.

Elxan Şahinoğlu onu da vurğuladı ki, İran da bu məsələdə Donald Tramp kimi ikili oyun oynayır: “ İran Amerikanı “böyük şeytan” adlandırmasına baxmayaraq, “Boeing” təyyarələrindən də imtina etmir. Bu şirkət dünyanın ən tanınmış təyyarə istehsalçısı olan şirkətdir. “Boeing”in sərnişin təyyarələri dünyada böyük populyarlığa malikdir. İran Rusiya ilə daha yaxındır, Suriyada birgə fəaliyyət göstərirlər. Lakin heç vaxt İran geridə qalmış Rusiya təyyarələrini almaz. Amerikanı düşmən hesab etsə də , öz ölkəsi üçün keyfiyyətli təyyarələr istəyir. İranın özünü də köhnə təyyarələri var. Sanksiyalar dövründə təyyarələri yeniləyə bilmirdi, dəfələrlə təyyarə qəzaları olurdu. Ona görə də, daha keyfiyyətli təyyarələrə ehtiyacları var. İran hökuməti də bu məsələdə Tramp kimi ikili oynayır və keyfiyyətli təyyarələr əldə etməyə çalışır”.

Nərgiz LİFTİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR