İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-la İran toqquşsa, Bakı nə etməlidir?

1024 25.05.2019 09:20 Ölkə A A

Toğrul İsmayıl: “Müharibənin Azərbaycan üçün ağır iqtisadi, sosial nəticələri ola bilər”; Hikmət Hacızadə: “Biz belə böyük böhranlara mütləq hazır olmalıyıq”

ABŞ prezidenti Donald Tramp növbəti dəfə bəyan edib ki, İranla müharibə etmək istəmir. Bu təkzibi ABŞ prezidenti bir gün qabaq “Associated Press” (AP) Xəbər Agentliyinin amerikalı rəsmilərə istinadən Pentaqonun Fars körfəzinə əlavə olaraq 10 min hərbçi göndərəcəyi ilə xəbərindən sonra verib.

Ötən həftə də “Nyu-York Times” qəzeti ABŞ-ın Fars körfəzinə 120 minlik qüvvə göndərəcəyi barədə xəbər yaysa da, prezident Tramp bu xəbəri təkzib edib. Lakin bütün bu təkziblərlə yanaşı Pentaqon İran ətrafına qüvvə toplamağa davam edir.

Qeyd edək ki, mayın əvvəlində ABŞ hökuməti Fars körfəzinə əlavə qüvvələr göndərib. İlk olaraq “USS Abraham Linkoln” aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu Aralıq dənizindən Fars körfəzinə göndərilib. Eyni zamanda Qətərdəki ABŞ aviabazasında 4 ədəd nüvə bombası daşıyan B-52 taktiki bombardmançıları göndərilib. Vaşinqton Fars körfəzinə “Patriot” zenit-raket qurğuları və əlavə olaraq “USS Arlington” döyüş gəmisini də yollayıb. Amerika mətbuatı yazıb ki, körfəzdəki qüvvələrin sayının artması İrandan gözlənilən hücum təhlükəsidir.

Əlbəttə, İran və ABŞ arasında gərginlik daha əvvəl də olub və hətta 30 il əvvəl Fars körfəzində məhdud səviyyədə döyüş əməliyyatları baş verib. Ancaq indi həm İranın nüvə sazişindən çıxması, ABŞ-ın ağır sanksiyaları və buna paralel olaraq regionda gərginliyin sürətlə yüksəlməsi savaş olacağı ilə bağlı əndişəni artırır. Təbii ki, ortada bir çox versiya var və Vaşinqtonun İranı zəiflətmək üçün yalnız sanksiyalar deyil, hərbi varianta əl atacağı da proqnozlaşdırılır.

Təbii ki, hər dəfə İrana hərbi müdaxilə məsələsi gündəmə gələndə qonşu ölkə olaraq Azərbaycanda müzakirələr başlayır. Ölkəmizin İranla 700 kilometrlik quru sərhədi, həmçinin dəniz sərhədi var. Savaş olarsa ölkəmizə yüz minlərlə qaçqın gələ bilər. Üstəlik, hərbi əməliyyatın xarakterindən və yayılma coğrafiyasından asılı olaraq bizim ərazilər də zərər görə bilər. Digər tərəfdən, İranda yaşayan milyonlarla azərbaycanlı müharibənin zərərçəkəni, həmçinin qurbanlarına çevrilə bilər. Yəni İranla ABŞ arasında münaqişə hər bir halda Azərbaycan üçün ciddi risk faktorudur. Bəs ölkəmiz bu gərginliyə necə hazırlaşmalıdır? Hazırda belə bir əməliyyata hazırıqmı?

Politoloq Hikmət Hacızadə ile ilgili görsel sonucu

Politoloq Hikmət Hacızadə düşünür ki, Azərbaycan bütün variantlarda bu savaşa hazır olmalıdır. Politoloq bizim tərəfsiz olmağımızı təklif edir, amma seçim qarşısında qalsaq seçim etməliyik: “Əlbəttə, biz belə böyük böhranlara mütləq hazır olmalıyıq. Çalışmaq lazımdır ki, maksimum qıraqda qalaq, qarışmayaq. Bu, mümkün olmasa, məcburən bir tərəfi seçməli olsaq, əlbəttə, ABŞ-ı seçməliyik. İran rejiminin gələcəyi yoxdur. Ola bilsin ki, heç Rusiya da İranı dəstəkləyə bilməyəcək”.

Ancaq H.Hacızadə düşünür ki, ABŞ İrana birbaşa hərbi müdaxilə etməyəcək. Onun fikrincə, Vaşinqtonun digər alternativləri var: “Çətin ki, ABŞ özü bilavasitə hərbi əməliyyatlara əl qoysun. Ya İsraili qabağa verəcək, ya İranda hansısa sosial ya da milli zəmində iğtişaş yaratmağa çalışacaq, ”Hibrid müdaxilə" yaradacaq. Dissidentlərə və inqilabçılara yardım göndərəcək. Çalışacaq İran elitasını parçalasın. Yenə vurğulayıram: bir tərəfdə olmaq məcburiyyəti qarşısında qalsaq, gərək Qərbi seçək. Və əlbəttə, bizim ərazidən istifadə məsələsi qalxarsa, bunu müqavimət göstərməliyik, amma bacarmasaq, Qərbin yanında olmalıyıq. Və bir şeyi də nəzərinizə çatdırmaq istəyirəm ki, İran rejiminə təzyiq İran xalqında nifrət demək deyil. İran xalqı başqa, İran rejimi - başqadır".

Politoloq Toğrul İsmayıl ile ilgili görsel sonucu

Politoloq Toğrul İsmayıl deyir ki, adətən Amerikanın İranı vuracağı mövzuları gündəmə gələndə Azərbaycanda əsasən Güney Azərbaycanın müstəqilliyi, gələcəkdə birləşmək məsələsi xatırlanır. Ancaq ekspertin fikrincə, bütün bunlar indiki halda ancaq xəyallardır: “Reallıqda gözlənilən müharibənin Azərbaycan üçün ağır iqtisadi, sosial nəticələri ola bilər. Həm İrandakı soydaşlarımızın, həm də digər qrupların Azərbaycana qaçqın kimi axını ilə üzləşə bilərik. Buna hazırlıqlı olmalıyıq”.

T.İsmayıla görə, əsas məsələ Azərbaycanın münaqişə tərəfi olmamasıdır: “İkinci məsələ odur ki, bu kimi vəziyyətlərdə hər şey ölçülüb biçilməli, ehtiyat tədbirləri görülməlidir. Azərbaycan öz ərazisinin İran üçün platsdarma çevrilməməsi üçün ehtiyatlı davranmalıdır. Azərbaycanda İrana nifrət səbəbindən bəzi dairələrdə ölkə ərazisinin ABŞ və İsrail tərəfindən İrana qarşı istifadəsi üçün verilə biləcəyi ehtimalları səsləndirilir. Ancaq unutmaq olmaz ki, bu çox təhlükəli hal olardı. Bu kimi mövzuların çox ölçülüb-biçilməsi, ehtiyatlı tədbirlər tələb edən məsələlərdir. İran bizim qonşudur, Amerika isə bizə daha uzaqdır. Yəni belə bir addım bizim hədəfə çevrilməmiz, həm də uzun illər davam edəcək düşmənçiliyin əsasını qoya bilər”.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR