İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ KONQRESİNDƏN GÖZLƏNİLMƏZ “SOYQIRIMI” HƏMLƏSİ

2240 19.12.2010 09:14 Gündəm A A
Bu ilin noyabrında Konqresə keçirilən aralıq seçkilər Demokratlar Partiyasının məğlubiyyəti ilə nəticələnib, nəticədə Nümayəndələr Palatasının ermənipərəst spikeri Nensi Pelosi bu vəzifəsini itirməli olub. Onun yerini Respublikaçılar Partiyasının təmsilçisi tutacaq.
Lakin Konqresin yeni tərkibi yanvarın üçüncü ongünlüyündə işə başlamalıdır və həmin vaxta qədər köhnə tərkibin, o cümlədən N.Pelosinin səlahiyyətləri qalır. Erməni lobbisi də yeni tərkibdə məsələnin səsverməyə çıxarılmasının mümkün olmayacağını anlayaraq bu fürsətdən istifadə etməyə qərar verib.
Bu addım Ankara üçün gözlənilməz olub, eyni zamanda ABŞ administrasiyası da məsələnin bu cür qəfil gündəmə gətirilməsindən narahatdır. Xatırladaq ki, bu ilin martında Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınmasına dair qətnamə layihəsini cəmi 1 səs fərqi ilə qəbul etmişdi. Lakin ABŞ administrasiyası Türkiyəni arxayın etmişdi ki, qətnamənin Nümayəndələr Palatasının ümumi yığıncağında səsə qoyulmasına mane olacaq.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib ki, “erməni soyqırımı” ilə bağlı qanun layihəsini yaxın 48 saat ərzində müzakirəyə çıxara bilər. Dövlət Departamentinin rəsmi nümayəndəsi Filip Krouli isə bəyan edib ki, ABŞ administrasiyası Konqresin Nümayəndələr Palatasında “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin mümkün müzakirəsinə qarşıdır. Onun sözlərinə görə, ABŞ Türkiyə və Ermənistanın ümumi tarixinə baxışın ən yaxşı yolunun normallaşdırma prosesindən keçdiyinə inanmaqda davam edir.
Diplomatik mənbələrin məlumatına görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Birləşmiş Ştatların dövlət katibi Hillari Klintona zəng edib. O, amerikalı həmkarından ABŞ administrasiyasının qanun layihəsinin müzakirəsinə mane olmasını istəyib. Telefon danışığı zamanı Hillari Klinton deyib ki, ABŞ administrasiyasının bu məsələdəki mövqeyi dəyişməz qalır və sənədin Konqresin aşağı palatasının gündəliyinə salınmaması üçün səylərini əsirgəməyəcək. Qanun layihəsinin mümkün müzakirəsi ilə əlaqədar Türkiyənin Vaşinqtondakı səfirliyi Ağ Ev, Dövlət Departamenti və Konqreslə sıx təmasda işləyir.
Türkiyənin ABŞ-dakı səfiri Namik Tan deyib ki, layihənin Nümayəndələr Palatasının son iş günlərində səsverməyə çıxarılması qeyri-etik addımdır. Səfir ABŞ Konqresinin sağlam düşüncə ilə hərəkət edəcəyinə inandığını deyib. Diplomat bildirib ki, Türkiyə tərəfi layihənin səsverməyə çıxarılmasına qarşı səylərini davam etdirir. Bu məqsədlə Vaşinqtondakı lobbi şirkətləri ilə birgə strategiya hazırlanıb və təcili təmaslar başlayıb. Səfirliyin Nümayəndələr Palatasının 30-dan çox üzvü ilə təmas qurulduğu bildirilir. Bu təmaslar zamanı layihənin səsvermədən keçməsinin Türkiyə-ABŞ münasibətlərinə vuracağı zərərlər çatdırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR