ABŞ Rusiyanın süni peykləri vura biləcək yeni silah hazırladığını bəyan edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayılıb.
Birləşmiş Ştatların Kosmik qüvvələr komandanı, HHQ generalı Con Reymond kosmosun artıq torpaq, dəniz və səma kimi döyüş əməliyyatlarının bir sahəsinə çevrildiyini bildirib.
Onun sözlərinə görə, ABŞ Kosmik qüvvələrinin başlıca vəzifəsi kosmik münaqişələrdən qaçmaq və onların açıq fəzada qızışmasına yol verməməkdən ibarətdir. “Biz həmin məkanın hər kəs üçün təhlükəsiz olmasına çalışırıq. Buna yol verməmək üçün artıq rəqiblərimizə və düşmənlərimizə güc mövqeyindən çıxış edərək, onlara qarşı çəkindirmə metodlarını dəyişdirməliyik”,-deyə amerikalı general bildirib.
Con Reymond həmçinin son illərdə kosmik zibillərin (köhnəlmiş və artıq heç bir işə yaramayan, Yerə endirilməyən süni peyk və hərbi xarakterli aparatlar nəzərdə tutulur-red.) artmasından şikayətlənib. Onun bildirdiyinə görə, hazırda kosmosda 30 mindən çox obyekt var ki, onların bir çoxu zibildən başqa bir şey deyil. Rusiya alimlərinin təsbitlərinə görə isə Yer ətrafında 23 min iri, 780 min orta, 150 milyon kiçik ölçülü obyekt fırlanır.
Hələ bir neçə il bundan öncə ABŞ hərbçiləri ölkə rəhbərliyini milli peyklərin və GPS qlobal izləyici sisteminin Rusiyanın lazer silahları və yeni raketləri qarşısında zəif vəziyyətdə qaldığı barədə xəbərdar etmişdilər. Məlum olduğu kimi, GPS sistemi təkcə avtomobillərin naviqasiyası üçün deyil, həm də yüksək dəqiqliyə malik silahların yönləndirilməsi məqsədilə də istifadə olunur. 2018-ci ildə ABŞ Hərbi-hava qüvvələrinin komandanı Hizer Uilson Rusiyanın siqnalkəsicilər, kiberhücumlar, lazerlər, habelə xüsusi hücum peykləri və ballistik raketlərlə ABŞ peyklərini vura biləcəyini söyləyib.
2020-ci ilin dekabrında isə ABŞ Kosmik komandanlığı Rusiyanın DA-ASAT tipli peyk əleyhinə raketlərinin sınaqlarına başladığını xəbər edib. Bu raketlər aşağı orbitdə uçan kosmik aparatları rahatlıqla vurmaq qabiliyyətinə malikdir.
Musavat.com






