ABŞ hərbi kəşfiyyatı Rusiyanın kosmik peyklərinin müşahidə və texniki xidmət göstərməklə bərabər digər ölkələrin kosmik aparatlarına hücum məqsədilə istifadə oluna biləcəyi versiyasını irəli sürüb.
Musavat.com xarici mərbuata istinadən xəbər verir ki, Hərbi Kəşfiyyat Agentliyi bununla bağlı məruzəsini rəsmi səhifəsində açıqlayıb. Sənəd “pdf” formatında qurumun saytında yerləşdirilib.
Məruzəyə əsasən ABŞ üçün Rusiya və Çin iki əsas düşmən olaraq göstərilir. Bundan başqa, İran və Şimali Koreya da təhülkəsizliyə yönəlik risklər kimi qeyd olunub. Burada xüsusi diqqət Çinə yetirilib. Sənəddə Çinin orbital peyklərin sayına görə ABŞ-dan sonra artıq ikinci yeri tutduğu və rəsmi Pekinin kosmik proqramlara milyardlarla vəsait xərclədiyi vurğulanıb.
Rusiyanın isə uzun müddət kosmik yarışda geridə qalmasına rəğmən kosmosda kilid mövqeləri hələ əlində tutduğu bildirilib. Məruzədə Moskvanın kosmik məkanda döyüş əməliyyatları apara biləcək müxtəlif tipli hərbi texnologiyaları inkişaf etdirdiyi yazılıb. Bunların içində lazer silahı, habelə radioelektron hücum vasitələri var.
Sənədin tərtibatçılarının rəyinə əsasən, Rusiyanın kosmik aparatların diaqnostikası üçün nəzərdə tutulan peyklərinin bir hissəsi ikili təyinata malikdir. “Bu texnologiyalar həmçinin xarici dövlətlərin peyklərinə yaxınlaşaraq onun işini məhv etməyə qadirdir”,- deyə məruzədə bildirilir.
Maraqlıdır ki, ABŞ hərbi kəşfiyyatının məruzəsi açıq mənbələrə istinadən hazırlanıb. Məsələn, sənədin “Rusiya hissəsi”nin tərtibatında Rusiya məbuatının əsasən“Moskovskiy komsomolets”, “Exo Moskvı”, “İnterfaks”, “Voennoe obozrenie” kimi portallarından istifadə olunub.
Təftiş və yoxlama peyklərinin hücum silahlarına çevrilməsi barədə ehtimallar isə “Popular Mechanics” adlı jurnalın 2018-ci ilin avqustunda hazırladığı məqaləyə söykənib.
Qeyd olunur ki, bu ilin yanvarın 29-da ABŞ milli təhlükəsizliyinə qarşı əsas təhdidlərlə bağlı milli kəşfiyyat da sənəd yayımlayıb. Burada da Rusiya və Çin tərəfindən gələ biləcək problemlərə diqqət çəkilib.
Musavat.com






