İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-İran savaş meydanına sürüklənir - Azərbaycana təhlükə qalır

1136 20.06.2019 08:40 Siyasət A A

Hərbi ekspert: “Hər iki tərəfdən Azərbaycana təzyiqlər artacaq...”

ABŞ-İran münasibətləri gərgin olaraq qalır. Hətta Birləşmiş Ştatların cənub qonşumuzun nüvə obyektlərinə taktiki hava zərbələri hazırladığı yönündə həyəcanlı xəbərlər gəlməkdədir. Bu barədə İsrailin “Maariv” qəzetinə BMT-nin adı açıqlanmayan mənbələri məlumat verib.

ABŞ ötən həftə Oman körfəzində neft tankerlərinə hücuma görə İranı ittiham edib və bu səbəbdən rəsmi Vaşinqtonun hərbi əməliyyatlar həyata keçirməyi düşündüyü bildirilir. Bütün bunlar isə şübhəsiz ki, Azərbaycanı narahat etməyə bilməz. Çünki İran qonşuluğumuzda yerləşən iri dövlətlərdən biridir və ona qarşı həyata keçirilə biləcək hər hansı hərbi əməliyyat bizim üçün də ciddi risklər vəd edir.

Hərbi ekspertlər də əməliyyat zamanı atıla biləcək raketlərin Azərbaycana real təhlükə yarada biləcəyini vurğulayırlar. Hətta döyüş koordinatlarını müəyyən edərkən hər hansı ehtiyatsızlığın qonşu ölkələrə, o cümlədən ölkəmizə baha başa gələ biləcəyi qeyd olunur.

Hərbi icmalçı Ramil Məmmədli rəsmi Bakının hazırkı siyasətinin ən doğru yol olduğunu bildirdi: “Azərbaycan balanslaşdırılmış siyasət aparmaqla daim regional və dünyadakı təhlükələrdən yayınmağa çalışır. Azərbaycan müstəqilliyini, ölkədəki sabitliyi qorumağa çalışır. Lakin bəzən baş verən hadisələr Azərbaycanı mövqe nümayiş etdirməyə məcbur edir. ABŞ-İran münasibətləri də bu sıraya aiddir. Azərbaycan dəfələrlə adıçəkilən ölkələr arasındakı gərginlikdə və münaqişədə tərəf tutmağa təhrik edilib. Ancaq həm Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə, həm də İlham Əliyev hazırda da davam edən prezidentliyi zamanında bu təzyiqlərdən yayınmağı bacarıblar. Bu gün Azərbaycan hakimiyyətinin nümayiş etdirdiyi siyasət bu qarşıdurmada ən düzgün mövqedir. Bununla yanaşı, Bakı ABŞ-la İran arasında vəziyyətin gərginləşməməsi üçün öz bacarıqlarını da əsirgəmir. Dövlət anlayır ki, baş verə biləcək toqquşma hansı fəsadlara gətirib çıxara bilər. Bu fəsadlar təkcə regional deyil, Azərbaycan üçün də problemlərə səbəb ola biləcək. Bu problemlərin önündə humanitar gərginlik durur. Azərbaycan eyni soydan olan İran vətəndaşlarına qucaq açmaq məcburiyyətində qalacaq. Nəticədə sərhədboyu bölgədə ciddi narahatlıqların yarana bilməsi şəksizdir. Bu isə təhlükəsizlik problemlərinə səbəb ola biləcək. Digər təhlükə isə ABŞ-ın İrana hərbi müdaxiləsi zamanı yarana bilər. Bir qonşu ölkə olaraq Azərbaycan üçün maraqların toqquşması ilə nəticələnəcək. Bir tərəfdə uzun illərdir bir çox istiqamətlərdə - iqtisadi, hərbi və humanitar sahələrdə Azərbaycanla əməkdaşlıq edən ABŞ, digər tərəfdə isə qonşu İran. Belə olan təqdirdə ABŞ-İran qarşıdurmasının ilkin mərhələsində bizim hansı vəziyyətlə qarşı-qarşıya olduğumuzu təsəvvür etmək çətin deyil.  Ehtiyatsızlıqdan da təhlükə yaşaya biləcəyimiz istisna olunmur. Çünki hərbi əməliyyatlar zamanı baş verə biləcək hadisələrdən heç kəs sığortalanmayıb. Müasir hərbi sənayenin məhsulları isə yüz kilometrlərlə uzaqlıqdakı ərazidə hədəfi məhv edə bilirlər. Bəzi hallarda isə səhv hədəf hadisələr də olur. Belə olan təqdirdə ABŞ təyyarələrindən atılan raketlərin Azərbaycan ərazisinə düşmə ehtimalı az deyil. Məsələn, 2016-cı ildə ermənilərin atdığı mərmilərdən bir neçəsi İran ərazisinə düşmüşdü. İran tərəfi bununla bağlı öz ciddi narahatlığını da bildirmişdi. Təxribat hallarının olması halları da istisna edilmir”.

Hərbi icmalçı Ramil Məmmədli ile ilgili görsel sonucu

Hərbi ekspert müharibə olarsa belə, Azərbaycanın tərəf kimi iştirak etməyəcəyindən tam əmindir: “Əlbəttə, inanıram ki, belə hadisələr olsa belə, rəsmi Bakı öz təmkinini saxlayacaq və baş verə biləcək müharibədə tərəf olmayacaq. Çünki bu, Azərbaycanın xarici siyasətinin tərkib hissəsidir. Azərbaycanın heç bir halda müharibədə tərəf olaraq iştirak etməyəcəyinə əminəm. Bu mümkün deyil. Əgər dediyiniz kimi hadisələr baş verərsə, Azərbaycan İranla sərhəd bölgədə yerləşən ərazinin təhlükəsizliyinin qorunması üçün əlavə müdafiə tədbirləri görməyə məcbur olacaq. Bu sərhəd bölgəsində hava hücumundan müdafiə bölmələrinin imkanlarını gücləndirməsi vacib olacaq. Bundan başqa, həmin ərazilərdə komendant saatı elan oluna bilər və hərbçilərin müdaxiləsi ilə ABŞ-la yaxşı münasibətdə olduğuna görə Azərbaycana qarşı təxribatların qarşısı alına bilər. Əlbəttə, hər iki tərəfdən Azərbaycana təzyiqlər artacaq. Hər iki tərəf Azərbaycanı öz yanında görmək istəyəcək. Lakin rəsmi Bakının bu məsələdə illərdir tutduğu mövqe davam etdiriləcək. Buna inanıram. Hesab edirəm ki, siyasət dəyişməməlidir. İstənilən dəyişiklik Azərbaycanın hansısa tərəf üçün düşmən elan edilməsi ilə nəticələnə bilər. Bu isə ölkə daxilində təxribatlara yol açar. Bəzi şəbəkələr bu gün də İranda azərbaycanlıların hüquqlarının bərpası adı altında anti-İran təbliğatını aparırlar. Onların Azərbaycanda da nümayəndələri var. ABŞ-İran hərbi qarşıdurmasında bu proseslər daha da genişləndirilə bilər. Mən məhz bu məqamı nəzərdə tutub deyirəm ki, buna qarşı olan şəbəkələr ölkəmizdə müəyyən narahatlıqlara səbəb ola biləcək addımlar ata bilərlər. Yəni İran-ABŞ qarşıdurması və ABŞ-ın İrana hərbi müdaxiləsi region və xüsusilə də Azərbaycan üçün ciddi problemlərə yol aça bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR