ABŞ-ın yeni səfiri Qarabağ haqda: “Heç bir nizamlama zora əsaslana bilməz”
ABŞ Qarabaş konflikti zonasında istənilən zorakılığa pisləyir.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Birləşmiş Ştatlarının Ermənistana təzə təyin olunan səfiri Riçard Millz İrəvandakı ilk mətbuat konfransında deyib.
“ABŞ Dağlıq Qarabağ üzrə danışıqlar prosesini tamamilə dəstəkləyir. Heç bir nizamlama qərarı zora və ya müharibəyə əsaslana bilməz. Bizi münaqişə ətrafında gərginlik və ritorika çox narahat edirdi. Amerika ATƏT-in Minsk Qrupunu müdafiə edir və problemin nizamlanmasında onun fəaliyyətini optimal sayır” – deyə diplomat vurğulayıb.
Bununla belə, səfir Minsk Qrupunun yalnız vasitəçi olduğunu və tərəflərə nəyisə sırımaq fikrində olmadığını da qeyd edib.
“ABŞ Azərbaycan və Ermənistanla münasibətlər qurur. Biz aydın şəkildə hər iki tərəfdaşımıza, iki dost ölkəyə bildiririk ki, konfliktin yalnız dinc yolla, Minsk Qrupu çərçivəsində həlli mümkündür” - deyə Millz əlavə edib.
Musavat.com






