İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın YENİ MANEVRİ: "Artıq Vaşinqtonun Azərbaycan və Ermənistanla bağlı əsas "kartı"... "

844 05.01.2023 13:44 Gündəm A A

ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays ötən gün Ermənistan-Azərbaycan münasibətlərindən söz açıb. O bildirib ki, Ağ Ev hər iki dövlət arasında birbaşa dialoqu asanlaşdırmaq üçün Avropa İttifaqı kimi həmfikir tərəfdaşlar və beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələri davam etdirir. "Bir neçə dəfə dövlət katibinin özünün Ermənistan və Azərbaycandan olan tərəfdaşlarını, həmkarlarını bir araya gətirmək imkanı olub”, deyə o söyləyib.

Ned Praysın son açıqlamaları ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki, Cənubi Qafqazda ABŞ-la Rusiya arasında mübarizə gedir və hər iki tərəf regiondakı təsir gücünü artırmaq istəyir:

“Bunun üçün əvvəllər Qarabağ problemindən istifadə edilirdisə, indi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələsi əsas “kart"dır. Çünki həm Moskva, həm də Vaşinqton başa düşür ki, Qarabağ problemi artıq həll olunub. İndi Azərbaycanın prioriteti Ermənistanla yekun sülh müqaviləsinin imzalanması və regionda sabitliyin təmin olunmasıdır. Regionda maraqları olan bütün tərəflər, o cümlədən Kreml və Ağ Ev Azərbaycanın bu qayğıları ilə hesablaşmalıdırlar. Əks halda onlar istəklərinə nail ola bilməzlər. Sözsüz ki, ABŞ səmimi deyil – yoxsa çoxdan Qarabağ məsələsinin həllinə nail olmuşdu. Vaşinqtonu düşündürən yeganə məsələ Cənubi Qafqazdakı maraqlarıdır. Bu mənada nə Blinkenin, nə də Praysın qulağa xoş gələn açıqlamalarına bənd olmalıyıq”.

Müsahibimiz deyib ki, Praysın açıqlamasında Aİ-nin adını çəkməsi təsadüfi deyil:

“ABŞ başa düşür ki, indi Ermənistanla Azərbaycan arasında ən real vasitəçi məhz Avropa İttifaqıdır. Etiraf etmək lazımdır ki, Brüsselin vasitəçilik təşəbbüslərinin konkret nəticələri də var. Bundan başqa, sözçünün bu məsələdə Bakı və İrəvanın iradəsini xüsusi qeyd etməsi də siyasi manevrdir. O, ABŞ-ın tərəflərin mövqelərinə, atdığı və atacağı addımlara hörmətlə yanaşdığını diqqətə çatdırmaq istəyib. Şübhəsiz, Vaşinqton həm də Bakı və İrəvanı özlərinin səmimiliyinə inandırmaq istəyir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR