Elxan Şahinoğlu: “Sadəcə, Azərbaycan diqqətə çatdırmalıdır ki, ölkəmizin daxili işlərinə qarışmasınlar və Ermənistanla əməkdaşlıqlarına diqqət yetirsinlər”
ABŞ İranın yeni prezidentinə sanksiya tətbiq edib. Ağ Evin sözçüsü Jen Psaki gündəlik mətbuat konfransında İranda cümə günü keçirilən prezident seçkilərinə toxunub və qələbə qazanan İbrahim Rəisinin insan hüquqları pozuntularına görə cavab verəcəyini bildirib. Jen Psaki ona ünvanlanan “rəhbərlik dəyişikliyindən sonra İranla nüvə danışıqları necə davam edəcək” sualına cavabında deyib: “Prezident Co Baydena görə danışıqlarla əlaqəli qərar qəbul edəcək əsas lider Əli Xameneidir. Yəni seçkilərdən əvvəl belə bir fikir hakimdi. Yəqin ki, seçkilərdən sonra da eyni olacaq”.
Psaki İran Respublikasının yeni seçilmiş prezidentinin keçmişdə insan haqları pozuntularına görə ABŞ-ın sanksiya siyahısında olduğunu xatırladan jurnalistlərə: “Yeni Prezident etdiyi insan haqları pozuntularına görə cavab verəcəkdir. İran rəhbərliyini siyasi məhbusları azadlığa buraxmağa və insan hüquqları başda olmaqla, təməl azadlıqlara hörmətlə yanaşmağa çağırırıq. İranla nüvə danışıqları davam edir. Lakin hələ razılıq əldə edilməyib”.
İranın yeni prezidenti Seyid İbrahim Rəisi isə keçirdiyi ilk mətbuat konfransında bildirib ki, ABŞ İrana qarşı sanksiyaları ləğv etməlidir, onlar nüvə anlaşmasını pozdular, Avropa İttifaqı da müqavilənin müddəalarına əməl etmədi.
Qeyd edək ki, ötən günlərdə İranla bağlanmış nüvə sazişini xilas etmək üçün aparılan Vyana danışıqlarının altıncı raundu keçirilib.
Avropa İttifaqı tərəfindən danışıqlarda iştirak edən Enrike Mora mətbuata verdiyi açıqlamada yekun razılaşmaya aydın şəkildə yaxınlaşmanın mümkün olduğunu, lakin danışıqların hələ final mərhələyə çatmadığını qeyd edib. Xatırladaq ki, ABŞ 2018-ci ildə Donald Trampın qərarı ilə nüvə sazişindən çıxdığını elan etmişdi.

İran uzun illər ABŞ-ın sanksiyaları ilə üzləşsə də, bu məsələ İran-Azərbaycan münasibətlərinə yansımayıb. Bəs görəsən, bu dəfə necə olacaq, iki ölkə arasındakı vəziyyətdə İran-Azərbaycan münasibətlərinə təsir edəcəkmi? Amerika keçmiş prezidentlər Mahmud Əhməd Nejada, Haşimi Rəfsəncaniyə də sanksiya tətbiq etmişdi. Amma bu hal o vaxt İranla Azərbaycanın münasibətlərinə təsir etmədi. Bəs indi dəyişən şərtlərdə, bu sanksiya məsələsi ikitərəfli münasibətləri öz təsirinə sala bilərmi? Təbii, Azərbaycan dostunu, müttəfiqini özü seçir. Xaricdən gələn diqtə ilə razılaşmır, amma indi ölkəmiz üçün kritik məqamda Azərbaycan ABŞ-ın İrana, onun yeni prezidentinə neqativ münasibətini nəzərə almaq məcburiyyətində qala bilərmi?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu dedi ki, İrana sanksiyalar məsələsi uzun illərdir davam edir: “Hətta Həsən Ruhani islahatçı adlandırılırdı, ancaq onun dövründə də sanksiyalar davam etdi. Çünki sabiq ABŞ prezidenti Donald Tramp gələndən sonra nüvə anlaşmasından çıxdı. İrana qarşı sanksiyalar sərtləşdi. Həsən Ruhani islahatçı adlandırılırdı, ancaq mənim fikrim belədir ki, İranda mühafizəkar və islahatçı şərti addır, nisbi xarakter daşıyır. Dünənki mühafizəkar bu gün islahatçı ola bilər və ya tərsinə. Yeni prezident mühafizəkar kimi qələmə verilir, keçmişdə də məhkəmə sədri olub. Ona görə Amerikanın əvvəldən də ona qarşı sanksiyaları var. Ancaq Amerikanın danışıqlardan qopmayacağı da aydındır, Bayden administrasiyası bunu açıq deyir. Mümkündür ki, nüvə anlaşması ilə bağlı danışıqlar davam etdirilsin. Ancaq prezidentin şəxsinə qarşı sanksiyalar davam etsə, başqa sanksiyalar da davam edəcək. Amerikanın sanksiyaları İslam İnqilabından, yəni 1979-cu ildən bu yana davam edir, bu illərdə İranda mühafizəkar prezident də olub, islahatçı da olub. Bu gün də davam edəcək, nüvə danışıqları da aparılacaq. Çünki İran artıq ağır vəziyyətdədir, ölkənin iqtisadiyyatında ciddi problemlər var. Sanksiyaların yumşaldılmasına çalışılmalıdır. Nüvə anlaşması əldə olunarsa, bu, hər iki tərəf üçün faydalı olar. Rəisi də bunu anlayır”.

Elxan Şahinoğlu
Bu proseslərin Azərbaycan-İran münasibətlərinə təsirinə gəlincə, E.Şahinoğlu bildirdi ki, Azərbaycan İranla normal qonşuluq münasibətlərini davam etdirmək istəyir: “Həsən Ruhaninin dövründə İran hökuməti ilə xeyli görüşlər keçirildi. Azərbaycandan İrana nümayəndə heyəti getdi, İrandan hökumət rəsmiləri gəldilər. Doğrudur, iki ölkə arasındakı münasibətlərdə müəyyən suallar var idi və müharibə dövründə də bu suallar qalırdı. İndi də yenə internetdə videolar, fotolar yayılır ki, yenə İran üzərindən yük maşınları ilə Ermənistana nələrsə daşınır. Ancaq rəsmi səviyyədə münasibətlər, hökumətlərarası görüşlər davam edir.
Azərbaycan hökuməti hesab edir ki, Rəisinin dövründə də bu münasibətlər eyni axarda davam edəcək. Çünki Cənubi Qafqazın əsas dövləti Azərbaycandır, bunu müharibə də göstərdi. Azərbaycanla əməkdaşlıq İran üçün vacibdir. Ancaq bununla yanaşı, hesab edirəm ki, rəsmi Bakı ABŞ-ın sanksiyalarını da müəyyən qədər nəzərə alacaq. İran səfirinin açıqlaması oldu ki, Rəşt-Astara dəmir yolunun tikintisi var və Azərbaycan buna kredit ayırmalıdır. Hələ sanksiyalardan və nüvə anlaşmasının pozulmasından əvvəl Azərbaycan tərəfi elan etmişdi ki, Rəşt-Astara dəmir yolunun tikintisi üçün İrana 500 milyon dollar kredit ayırmağa hazırdır. Ancaq sonra beynəlxalq vəziyyət dəyişdi, İrana qarşı sanksiyalar sərtləşdi və biz müəyyən səbəblərdən bu krediti ayıra bilmədik. Çünki bunun texniki tərəfləri mürəkkəb ola bilər. Bu kredit məsələsi hələ də qalır. O mənada sanksiyalar Azərbaycana da təsir edir, Rəşt-Astara dəmir yolunun tikintisi hələ qalıb. İran tərəfi də anlamalıdır ki, bu, Azərbaycandan asılı deyil. Çünki beynəlxalq bank sistemində İranla bağlı böyük məhdudiyyətlər var".
Politoloqun sözlərinə görə, bütün bunlara baxmayaraq, biz İranla qonşuluq münasibətlərinin inkişafında maraqlıyıq: “Körpülər tikilməlidir, nəqliyyat yolları düzəldilməlidir. Biz özümüzə aid olan hissəni, İran da özünə aid olan yol infrastrukturunu təmir və ya inşa edir. Burada da heç bir problem yoxdur, ticarəti də artırmaq olar. Sadəcə, Azərbaycan onu diqqətə çatdırmalıdır ki, ölkəmizin daxili işlərinə qarışmasınlar və Ermənistanla əməkdaşlıqlarına diqqət yetirsinlər. Əlbəttə, Ermənistanla necə əməkdaşlıq quracaqlarını özləri bilərlər. Ancaq biz görsək ki, Ermənistan üçün İran üzərindən Qarabağa yük maşınları gedir, bu bizdə ciddi suallar doğuracaq. Gərək İranın yeni prezident administrasiyasi buna yol verməsin. Yol verərsə, bu cür sualların sayı azalmayacaq”.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”






