İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Qrenlandiyanı almaq niyyəti geopolitik əhəmiyyət daşıyır - Danimarkalı admiral

842 25.08.2019 23:04 Dünya A A

Xəbər verildiyi kimi keçən həftə ABŞ prezidenti Donald Tramp dünyanın ən böyük adası sayılan Qrenlandiyanı Danimarkadan almaq niyyətini dilə gətirmiş, lakin rəsmi Kopenhagen tərəfindən rədd cavabı almışdı. Birləşmiş Ştatların dövlət başçısı buna görə hətta danimarkalılara küsüb buraya edəcəyi rəsmi səfərdən vaz keçmişdi.

Ağ Evin rəhbərinin belə bir maraqlı ideyasını gülünc sayanlar hətta onun öz vətənində də çoxluq təşkil edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bəziləri bunu arxasında ciddi geopoltik niyyətin durduğunu söyləyir.

“The New York Post” qəzetinin verdiyi məlumata görə, Donald Tramp bununla əslində həm Çinə, həm Rusiyaya aydın mesaj vermək istəyib. Çünki adı çəkilən hər iki ölkə hazırda bölgəyə xüsusi diqqət yetirir və iqlim dəyişikliyi onlar üçün yeni dəniz yolları açır.

“Tramp məsələni olduqca axmaq bir tərzdə dilə gətirdi. Lakin onun Pekinə və Moskvaya ismarıcı bəllidir-bizimlə Qrenlandiyada üz-üzə gəlməyin. Bu, əsl dönüş nöqtəsidir”,-deyə Danimarkanın hərbi-dəniz donanmasının keçmiş komandanı, kontr-admiral Nils Van Böyük Britaniyanın “Sunday Times” qəzetinə bildirib.

Onun sözlərinə görə, Rusiya, uzun müddətdir bu əraziyə xeyli vəsait cəlb edərək ondan hərbi məqsədlərlə istifadə etmək istəyir. Bunun üçün rəsmi Moskva bölgədə hərbi təlimlərin sayını artırıb, yeni radiolokasiya stansiyaları açıb və hərbi bazalar yaradıb.

Hələ bu ilin aprel ayında Norveç balıqçıları üzərində Rusiya istehsalı müşahidə cihazı bərkidilmiş ağ balina tutublar.

Elə Çinin də Qrenlandiya ilə bağlı ciddi planları mövcuddur. Gələn xəbərlərdə rəsmi Pekinin çox sayda buzqıran aldığı bildirilir.

“Onlar Cənubi-Çin dənizində və Malakka boğazında (Malay yarımadasını Sumatra adasından ayırır. Hind okeanına daxil olan Andaman dənizini Sakit okeana daxil olan Cənubi Çin dənizi ilə birləşdirir-red.) problemlərlə toqquşmaları halında alternativ yol arayışı içindədirlər”,-deyə hərbi ekspert Con Potson vurğulayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR