İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın davranışları onun Cənubi Qafqazla bağlı maraqlarını ciddi zədələyir - ŞƏRH

504 16.09.2023 20:05 Siyasət A A

Uzun illərdir ABŞ Dövlət Departamentinin müxtəlif regionlar üzrə ardıcıl və effektiv siyasəti müşahidə edilmir. Keçən il ABŞ-da keçirilən və “Vaşinqton formatı” adlandırılan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərindən sonra bu ölkənin qanunverici orqanlarında müxtəlif lobbi qruplarının prosesin əksinə gedən fəaliyyəti aktivləşib. Bu tendensiya ABŞ ştatlarının qanunverici orqanlarında təkcə Cənubi Qafqazla bağlı deyil. Eyni zamanda, Mərkəzi Asiya regionu ilə bağlı da ABŞ-ın maraqları naminə faydalı olan əməkdaşlığın əleyhinə yönəlmiş addımlar atılır. Ümumiyyətlə bu ölkənin son dövrlərdəki davranışlar onun Cənubi Qafqaz və Mərkəzi Asiya regionları ilə bağlı maraqlarını ciddi zədələyir.

Daxildə ABŞ dövlətinin büdcəsindən faydalanaraq elə bu ölkənin maraqlarının əleyhinə fəaliyyət göstərən çoxsaylı şəbəkələr mövcuddur. İran-ABŞ münasibətləri fonunda, Rusiyanın və İranın sərhədlərində yerləşən mühüm partnyor ölkə kimi Türkiyə və İsraillə xüsusi münasibətləri olan, qlobal enerji təhlükəsizliyində ABŞ-ın mövqeyini dəstəkləyən Azərbaycanla münasibətlərin regionda həlledici olması heç kimə sirr deyil. ABŞ ştatlarının qanunverici orqanlarında məhz belə həlledici əməkdaşlığın əleyhinə aktiv əks-fəaliyyət göstərən şəbəkələrdən ikisi - erməni lobbisi və “Soros” Fondu Senatda anti-Azərbaycan dinləməsi təşkil etdi. Dinləmə Amerika Erməni Milli Komitəsinin (ANCA) sifarişi əsasında lobbinin ruporlarından biri və ABŞ-ın ən korrupsiyoner və rüşvətxor senatoru Robet Menendezin təşəbbüsü ilə baş tutdu. ABŞ mediasında hələ keçən ay R.Menendez və onun etnik erməni arvadının maliyyə fırıldaqları haqqında federal prokurorların araşdırma aparması haqqında geniş yazılar gedib. ABŞ senatoru R.Menendezin arvadı, erməniəsilli Nadine Arslanyan cəmi üç il əvvəl ciddi maliyyə çətinlikləri ilə üzləşdiyi halda, ötən il 400 min dollar dəyərində qızıl külçələr satıb. Qızıl külçələrin satışı keçən yaz - onun həyat yoldaşı senator Bob Menendesin yeni federal araşdırma ilə üzləşdiyini açıq şəkildə etiraf etməsindən aylar əvvəl baş tutub. ABŞ-ın böyük və təsirli siyasi təşkilatlarından biri kimi ölkənin vergi ödəyicilərinin vəsaiti hesabına fəaliyyət göstərən ANCA Konqresə yeridilmiş “Troya atı”dır. Bu təşkilatın fəaliyyəti nəinki ABŞ-ın Cənubi Qafqazla bağlı maraqlarına, ümumilikdə xarici siyasətinə də ciddi zərər vurur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, politoloq Yeganə Hacıyeva söyləyib.

Politoloqun sözlərinə görə, ANCA-nın Konqresdə bu qədər geniş təsir imkanlarına rəğmən, ABŞ-ın xarici maliyyə yardımları ayırdığı ölkələr siyahısında öndə gedən və geniş dəstək görən Ermənistan ABŞ-ın müttəfiqi deyil. Ermənistan Cənubi Qafqazda Rusiyanın vassalı və İranın müttəfiqidir. Ermənistanın regionda siyasi-hərbi tərəfdaşı Rusiya, ticarət tərəfdaşı isə İrandır. ANCA-nın lobbiçiliyi regionda siyasi sabitliyə və təhlükəsizliyə təhdid yaradır, ABŞ üçün bu qədər strateji bir regionda onun özünün ziyanına işləyir. Həmçinin regionda ABŞ-ın əsas strateji tərəfdaşı olan Azərbaycana qarşı mənfi fəaliyyət göstərir.

“Dinləmədə iştirak edənlərdən biri olan, hazırda ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimin fikirləri bu gün mərkəzində Azərbaycanın dayandığı Cənubi Qafqaz regionunda gedən geosiyasi proseslərə ABŞ-ın deyil, onun rəqiblərinin maraqlarına cavab verən tərzdə səsləndirilib. Yuri Kim son həftələrdə müxtəlif görüşlər və telefon danışıqları vasitəsilə Azərbaycanla bağlı aktiv mesajlar səsləndirməkdədir. Son bir ayda onun Avrasiya qitəsinin ən böyük konflikti kimi davam etməkdə olan Ukrayna ilə bağlı fikirlərinə rast gəlmək mümkün deyil. Əvəzində Ukrayna müharibəsinin çətinləşdiyi bir dövrdə Avrasiya qitəsi üçün mühüm imkanlar yaradan Orta Dəhlizdə-Cənubi Qafqazda bitmiş müharibə haqqında reallığı əks etdirməyən fikirlər və Ermənistanın emosional şantajları ilə bəzədilmiş dezinformasiyalarını səsləndirir. Bundan əlavə, beynəlxalq hüquq və daxili Konstitusiya ilə təmin olunmuş qanunlar haqqında absurd açıqlamalar edir. Yuri Kim “Laçın dəhlizi məhz indi açılmalıdır, bundan sonra gecikmə olmamalıdır, ABŞ “Dağlıq Qarabağ xalqı”na qarşı heç bir hərbi əməliyyata, hər hansı hücuma dözməyəcək” kimi absurd açıqlamalar verir. Səsləndirilən fikirlər bir diplomatın bir ölkənin beynəlxalq hüquqla tanınmış ərazilərində daxili Konstitusiyasının şərtlərini yerinə yetirməsinin əksinə, separatizmin dəstəklənməsinin xeyrinə səsləndirilən ziyanlı fikirlərdir. Ümumiyyətlə, ABŞ siyasətində yeni olan, biznes dairələrdən diplomat statusuna transfer edilmiş Yuri Kimin rəsmi şəxs kimi qalmaqallı olması heç kimə sirr deyil. Xatırladım ki, o daha əvvəl səfir qismində Albaniyada fəaliyyəti zamanı ABŞ-ın NATO-da strateji tərəfdaşı olan bir ölkə ilə münasibətlərinin korlanmasına səbəb olub”,-deyə o bildirib.

Y.Hacıyeva əlavə edib ki, ABŞ-ın Albaniyada səfir qismində əsas hədəfi müəllifi Corc Soros olan “Açıq Balkan” iqtisadi layihəsi üçün fəaliyyət göstərmək olan Yuri Kim qonaq olduğu ölkənin daxili işlərinə qarışmaqdan çəkinməyib. Ana müxalifət daxili seçkilərə birbaşa təsir göstərməklə C.Soros şəbəkəsini açıq-aşkar dəstəkləyib. Eyni zamanda, partiyaların demokratik yolla seçilmiş sədrinin impiçment prosedurunu irəli sürüb. Fəaliyyətinə son bir neçə ay qalmış isə ölkədən qaçıb və geri qayıtmayıb. Dinləmədə Ermənistanla Azərbaycan arasında müharibənin hələ bitmədiyini bildirən Yuri Kim bununla da ABŞ-ın sülh sazişinin imzalanması üçün Vaşinqton görüşlərində və Münxen Təhlükəsizlik Konfransında ABŞ Dövlət Departamentinin rəhbərinin bütün açıqlamalarını heç endirib.

O deyib: “Azərbaycan müxtəlif sivilizasiya və mədəniyyətlərin irsini özündə birləşdirən, bəşəri dəyərlərlə paralel milli və dini dəyərləri qoruyub saxlayan və bunları inkişaf tarixində, gündəlik həyat tərzində, daxili və xarici siyasətində əks etdirən unikal ölkədir. Azərbaycan 44 günlük Vətən müharibəsinin bitməsi ilə 1990-cı illərdən başlayaraq Avrasiya materikinin siyasi-iqtisadi xəritəsini dəyişmiş münaqişəni başa çatdırdı. Bununla Cənubi Qafqazın tranzit-logistika, həmçinin regionun Qərb-Şərq (və əksinə) və Cənub-Şimal (və əksinə) marşrutlarının imkanlarını artırdı. Həmçinin Avrasiya qitəsi üçün yeni siyasi-iqtisadi xəritənin cızılması kimi başqa bir prosesə start verdi.

Cənubi Qafqaz Asiya və Avropa, həmçinin Yaxın Şərq arasında balans üçün vacib bölgə, Azərbaycan isə regionda ən strateji bənddir. Hazırda qlobal güclərin təsir imkanlarını formalaşdırmağa çalışdığı Azərbaycan müstəqil xarici siyasət kursu həyata keçirir. ABŞ ştatlarının qanunverici orqanlarında kənar maraqlara xidmət edən lobbi qruplarının və müəyyən şəbəkələrin anti-Azərbaycan təşəbbüsləri ABŞ-ın bu regionda öz maraqlarının əleyhinə yönəlmiş təşəbbüslərdir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR