ABŞ-ın quldurluqda və şəxsi məlumatları ələ keçirməkdə ittiham etdiyi pakistanlılar Azərbaycanda saxlanılıb. ABŞ həmin şəxsləri Azərbaycandan istəyir.
Musavat.com xəbər verir ki, bir neçə ay əvvəl Pakistan vətəndaşları 1982-ci il təvəllüdlü Asif Muhammad Anjum və 1985-ci il təvəllüdlü Xani Şah Navaz saxlanılıb.
Onlar ABŞ tərəfindən beynəlxalq axtarışa verilib. İndi onların ABŞ-a təhvil verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma aparılır.
Hər iki şəxsin ABŞ-a təhvil verilməsi üçün Azərbaycanın Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun nümayəndələri, ABŞ və Pakistanın Bakıdakı səfirliklərinin əməkdaşları da iştirak ediblər.
Məhkəmədə məlum olub ki, Pakistan vətəndaşları haqqında Amerikanın Nyu-York ştatının Ali Məhkəməsinin qərarı var. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə suçlanırlar.
Pakistan vətəndaşları isə ittihamla razılaşmırlar, deyirlər ki, onlar heç vaxt ABŞ-a getməyiblər.
"Birləşmiş Ştatlarla yaxından-uzaqdan əlaqəmiz olmayıb. Bu məsələdə yanlışlıq var"- deyən həbs edilən şəxslər Azərbaycanda saxlanılmalarını istəyiblər.
ABŞ səfirliyinin təhlükəsizlik şöbəsinin əməkdaşından soruşulub ki, bu şəxslərin ittiham olunduğu cinayətlərin detalları haqda məlumat varmı? Amma nümayəndə məlumatlı olmadığını deyib.
Nümayəndə bu barədə növbəti prosesdə yazılı şəkildə məlumat verəcəyini deyib.
Məlumata görə, pakistanlıların ABŞ ərazisində yox, internet vasitəsilə cinayət törətməsi şübhəsi var.
İlkin Muradov
Musavat.com






