İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ hərbi qüvvələrinin bir qismi Suriyanı tərk etdi

549 22.10.2019 09:40 Siyasət A A

Oktyabrın 22-də atəşkəs başa çatır, kürdlər çəkilməsə əməliyyat yenidən başlayacaq

Kürd qüvvələri Suriyanın şimalından çəkilməyə davam edir. Bu barədə açıqlamanı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, Türkiyə və ABŞ arasında əldə olunmuş razılaşmaya uyğun olaraq 125 hərbi texnika müəyyən olunmuş ərazini tərk edib.

Bu arada Türkiyə mediası Suriyanın şimalından çıxarılan ABŞ hərbi qüvvələrinin İraqa keçdiyi haqda məlumat yayıb. Məlumatda qeyd olunur ki, oktyabrın 21-də 100 zirehli avtomobildən ibarət ABŞ hərbi konvoyu Suriya ərazisindən İraqa keçib. Suriyanın İraqla sərhəddə yerləşən Simelka sərhəd-keçid məntəqəsindən İraqa keçən qüvvələr İraqın Duhok ərazisindən keçməklə Ənbar vilayətindəki Ayn əl-Əsəd hərbi bazasına yerləşib. ABŞ qüvvələrini hərbi aviasiya mühafizə edib.

ABŞ hərbçiləri ile ilgili görsel sonucu

ABŞ Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada Suriyadakı hərbi qüvvələrin prezident Trampın qərarı ilə İraqın qərb rayonlarına yerləşdiriləcəyi qeyd olunur. Suriyanı tərk edən ABŞ hərbi konvoyu Qamışlı şəhərindən keçərkən yerli kürd fəallar tərəfindən etiraz aksiyası ilə qarşılaşıb. Hərbi konvoyun qarşısını kəsən etirazçı qrup ABŞ əleyhinə şüarlar səsləndirərək Vaşinqtonu kürdlərə xəyanətdə ittiham edib. Etirazçılar ABŞ hərbi avtomobillərinə daş və pomidor atıblar.

Bu arada məlum olub ki, oktyabrın 17-də elan olunmuş atəşkəs 22-də, çərşənbə axşamı gecə saat 22-də bitəcək. Ötən müddətdə kürd qüvvələri 36 dəfə atəşkəsi pozub. Türkiyənin 9 oktyabrda başlatdığı əməliyyatlar zamanı 765 terrorçu zərərsizləşdirilib, 1500 kv.km ərazi və 111 yaşayış məntəqəsi azad edilib. Türkiyə ordusu kürdlərin tərk etdiyi Ras əl-Ayn yaşayış məntəqəsinə əlavə qüvvə göndərib. 50 avtomobildən ibarət konvoyda Suriya Milli Ordusu qüvvələri olub.

ABŞ hərbçiləri ile ilgili görsel sonucu

Xatırladaq ki, Türkiyənin ABŞ hökuməti ilə əldə etdiyi 120 saatlıq atəşkəs oktyabrın 22-də saat 22.00-da başa çatacaq. Bu müddət ərzində kürd qüvvələri Suriya-Türkiyə sərhədindəki 32 kilometr zolaqdan çıxmalıdır. Ankara bəyan edib ki, təyin olunmuş vaxtda bu razılaşma icra olunmasa, o zaman Türkiyə ordusu hərbi əməliyyatları bərpa edəcək. Yeri gəlmişkən, bu vaxt tamam olanda, Türkiyə prezidenti Rusiyada səfərdə olacaq. Rusiya prezidenti Putin türkiyəli həmkarı Ərdoğanı Moskvaya ötən həftə dəvət edib. Əsas mövzu isə Suriyadakı son vəziyyət olacaq. Hələliksə Türkiyə 444 kilometrlik ərazidə 120 kilometrlik zolağı nəzarətə götürüb. Ehtimal olunur ki, ilkin mərhələdə “təhlükəsizlik zolağı” məhz bu ərazidə təşkil olunacaq. Daha sonra isə digər sərhəd boyunca müvafiq zolaq qurulacaq.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR